Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-850/2023 31.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “VÖEN üzrə hesablanmış vergilərin həmin VÖEN üzrə faktiki rəhbərliyi həyata keçirmiş şəxsin adına dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və X3 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xəbəri, fikir ifadəsi və məlumatı olmadan adına açılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə hesablanmış vergilərin həmin VÖEN üzrə faktiki rəhbərliyi həyata keçirmiş digər cavabdeh X2 adına dəyişdirilməsinin və onun tərəfindən iddiaçının adına açılmış VÖEN - ********** nömrəli vergi uçotunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6825/2022 nömrəli qərardadı ilə qərardadı ilə iş iddia tələbi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə onun xəbəri, heç bir fikir, ifadəsi və məlumatı olmadan adına açılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə hesablanmış vergilərin həmin VÖEN üzrə faktiki rəhbərliyi həyata keçirmiş digər cavabdeh X2 adına dəyişdirilməsinin və onun tərəfindən onun adına açılmış VÖEN – ********** nömrəli vergi uçotunun ləğv edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsi şəklində icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6825/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. İddia ərizəsindən görünür ki, iddia tələbi aşağıdakı hissələrdən ibarətdir:
1. İddiaçının xəbəri, fikir ifadəsi və məlumatı olmadan adına açılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə hesablanmış vergilərin həmin VÖEN üzrə faktiki rəhbərliyi həyata keçirmiş X2 adına dəyişdirilməsi;
2. İddiaçının adına açılmış VÖEN - ********** nömrəli vergi uçotunun ləğv edilməsi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi 1-ci hissədə mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə gör qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Qeyd edilməlidir ki, inzibati məhkəmə icraatında maraqlı şəxsin inzibati orqanın onun barəsində əliverişli inzibati aktın qəbul edilməsindən bilavasitə imtina olunması (və ya hərəkətsizlik göstərilməsi) yaxud barəsində qəbul edilmiş əliverişsiz inzibati aktın ləğvi və ya etibarsız sayılması ilə iddialarına baxılır. Bundan əlavə maraqlı şəxsin ikili təsirə malik inzibati aktı- barəsində qəbul edilən başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati aktın onun hüquq və mənafelərinə toxunduğu halda həmin inzibati aktı inzibati qaydada mübahisələndirmək hüququ da mövcuddur. Lakin qanunvericilikdə maraqlı şəxsin öz hüquqlarına toxunan məsələ ilə bağlı üçüncü şəxs barəsində hər hansı əlverişsiz inzibati akt qəbul edilməsini (hərəkət və ya hərəkətsizlik edilməsini) tələb etmək hüququ nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə iddiaçı onun adına açılmış VÖEN üzrə yaranmış vergi öhdəliyinin üçüncü şəxsin adına keçirilməsini tələb edir ki, belə bir tələb məhz iddiaçının üçüncü şəxs barəsində əliverişsiz inzibati aktın qəbul edilməsinə nail olmasına xidmət edir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi inzibati icraatda maraqlı şəxsin üçüncü şəxsin ziyanına inzibati aktın qəbul edilməsini (hərəkət edilməsini) tələb etmə hüququ yoxdur, mövcud olmayan hüququn isə inzibati məhkəmə qaydasında müdafiəsi mümkün deyildir. Beləliklə, iddia inzibati prosessual qanunvericiliyə əsasən mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “VÖEN üzrə hesablanmış vergilərin həmin VÖEN üzrə faktiki rəhbərliyi həyata keçirmiş şəxsin adına dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.
Hakim Aygün Əhədova