Məhkəmə qərarları › İş №2-1(112)-8501/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8501/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8501/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı döyüş bölgələrində hərbi hospitallarda yaralılara ixtisaslaşdırılmış cərrahi yardımın səviyyəsinin artırılması məqsədilə Azərbaycan Tibb Universitetinin rektorunun 39E nömrəli əmrinə əsasən 10 may 1992-ci il tarixdən 20 may 1992-ci il tarixədək Ağdam rayonunun hərbi səhra hospitalına, 7 noyabr 1992-ci il tarixli 266 nömrəli əmrinə əsasən 1 sentyabr 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək həmin dövrdəki digər döyüş bölgələrinə və 22 yanvar 1994-cü il tarixli 3/E nömrəli əmrinə əsasən 6 yanvar 1994-cü il tarixdən 20 yanvar 1994-cü il tarixədək Tərtər rayonunun hərbi səhra hospitalına ezam olunmuşdur. O, Azərbaycan Tibb Universitetinin 1-ci cərrahi xəstəliklər kafedrasında 1991-ci ildən hal-hazıradək dosent vəzifəsində işləyir. Kafedranın yerləşdiyi Bakı şəhəri X4 Yardım Xəstəxanasında Respublikamızda erməni silahlı birləşmələri tərəfindən törədilən terror hadisələrində və torpaqlarımızın müdafiəsində yaralanmış döyüşçülərimizə yüksək ixtisaslı həkim yardımı göstərilmişdir. İddiaçı ilə eyni tarixdə, eyni hərbi hospitala ezam olunmuş şəxslər “müharibə veteranı” adı və vəsiqəsi alsalar da, iddaçı əvvəlki dövrlərdə torpaqlarımızın işğalda olmasını nəzərə alaraq müraciət etməmişdir. Ali Baş komandanın rəhbərliyi altında aparılan döyüş əməliyyatlarında qazanılan qələbə və torpaqlarımızın azad olunması onu da bu adı almaq şərəfinə nail olmaq arzusuna ruhlandırdı. Bu məqsədlə o, 8 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. 24 fevarl 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ona (iddiaçıya) döyüş əməliyyatlarının yerinə yetirilməsi üçün ezam olunmadığına görə müharibə veteranı adının verilməsi qeyri-mümkündür. Lakin müvafiq Əsasnamənin tələbləri təhrif olunmuşdur. Belə həmin Əsasnamənin göstərilən tələbləri tam nəzərə alınmamış və yalnız bir hissəsi “əsas” tutulmuşdur. Əsasnamədə isə, “cəbhə bölgələrində döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər” qeyd olunmuşdur. Göründüyü kimi, cavab məktubunda yazılanların məzmunu və mahiyyəti Əsasnamədə qeyd olunanlardan fərqlidir. Yəni, həkimin (cərrahın) cəbhə zonasına ezamiyyəti heç də onun döyüş tapşırığını yerinə yetirmək məqsədi daşımır. Həkimin vəzifə borcu döyüş təminatı ilə, yəni döyüşən əsgərlərlə bağlı funksiyaların yerinə yetirilməsidir. Bu isə, cərrahın cəbhədə yaralanmış döyüşçüyə tibbi yardımı təşkil və icra etmək, mümkün olduqca əsgərin döyüş qabiliyyətini bərpa etmək, onun yenidən döyüş sıralarına qayıtmasını təmin etmədir. Beləliklə, həkim (cərrah) vuruşan döyüşçüyə ixtisaslı yardım göstərməklə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsinin bilavasitə iştirakçısı olur və dolayısı ilə həm də döyüş tapşırığının yerinə yetirilməsini təmin edir. Ona görə də, Əsasnamənin bu müddəası, yəni “döyüş təminatı” və “döyüş tapşırığı” anlayışlarını bir birinə zidd şəkildə təqdim etmək düzgün deyil. Əsasnamənin 1.1.1-ci bəndində (yeni redaksiyada) “ezam olunmuş şəxslər” göstərilmişdir. Göstərilənlərə əsaslanaraq, ona “müharobə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi səınədlərə əsasən o, Azərbaycan Tibb Universitetinin rektorunun müvafiq əmrləri ilə 1992-ci ilin 10 – 20 may tarixlərində Ağdam rayonunda yerləşən hərbi səhra hospitalına, 1 sentyabr 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək döyüş bölgəsinin digər rayonlarına və 1994-cü ilin 6 – 20 yanvar tarixlərində Tərtər rayonunda yerləşən hərbi səhra hospitalına yaralılara ixtisaslaşdırılmış cərrahi yardımın səviyyəsinin artırılması məqsədilə ezam olunmuşdur. Hərbi səhra hospitalları həmin dövrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmuşdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 2, 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci və 2-ci hissələrinə əsasən İddiaçı iddiası üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olmalıdır. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının müddəalarına əsaslanaraq, İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştrirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını xahiş etdi və bildirdi ki, iddiaya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyətindədir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istehfaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin sözügedən bəndinin 10-cu yarımbəndində göstərilmişdiur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxsləri müharibə veteranı sayır və müharibə veteranı adlarının verilməsini sonuncu xidmət yerindən asılı olaraq həmin qurumların tabe olduqları təşkilatların səlahiyyətlərinə aid etmişdir. Hazırkı işin hallarına görə isə, İddiaçı 1992-ci ildə Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinin tabeliyində olmuş hərbi hospitallara ezam olunduğunu iddia edir və həmin qurumlar onun sonuncu xidmət keçdiyi orqan olmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi hazırkı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətində deyil. Hazırkı iddiaçıya münasibətdə bu səlahiyyət Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, qaldırılan məsələ ilə bağlı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar