Məhkəmə qərarları › İş №2-1(112)-8502/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8502/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8502/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ″çıxarışın və texniki pasportun verilməsi″ iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavadeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X8 ilə iddiaçı arasında nikah bağlanmışdır. Mübahisə predmetini təşkil edən əmlak iddiaçının mərhum ərinə məxsus olmuş, həmin əmlak təyinatı üzrə ilk növbədə mənzil olmuş, daha sonra Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 404 nömrəli sərəncamı ilə yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmin əmlakın ümumi sahəsinin 98,9 kv.m olması təsdiq edilmiş, eyni zamanda mövcud əlavə tikililərin istismara qəbul edilməsi barədə akt verilmişdir. X3 vəfatından sonra onun vərəsəsi olaraq iddiaçının ünvan 2 ünvanında xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı yerli icra hakimiyyətinin sərəncamının mövcudluğuna əsaslanaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur Məhkəmənin xx.xx.2025-ci il tarixli ayrıca akt şəklində tərtib olunmadan çıxarılan qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, ev 15, mənzil 1 ünvanında yerləşən 84.9 kv.m mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, ev 15, mənzil 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********87 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilin 2-ci mərtəbəsində yerləşən hissəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim olunmuş qəbul komissiyasının aktı səlahiyyətli qurumun möhürü ilə təsdiqlənməmiş və aktın tərtib edilmə tarixi qeyd edilməmişdir. Əlavə olaraq bildirilir ki, mənzilin sənəd üzrə sahəsi 98.9 kv.m qeyd edilsə də, faktiki 84.9 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İİİ. Tədqiq edilən sübutlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-X-0013- 8/2025 **********87 nömrəli məktubdan görünür ki, qeyd olunan mənzilin 2-ci mərtəbəsində yerləşən hissəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim olunmuş qəbul komissiyasının aktı səlahiyyətli qurumun möhürü ilə təsdiqlənməmiş və aktın tərtib edilmə tarixi qeyd edilməmişdir.Əlavə olaraq, mənzilin sənəd üzrə sahəsi 98.9 kv.m qeyd edilsə də, faktiki 84.9 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı 394694 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X9 və X4 xx.xx.1974-cü il tarixdə nikah bağlamışlar. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2011ci il tarixli yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 98,9 kv.m. olan yaşayış sahəsinin ticarət obyekti kimi istifadə olunması məqsədilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2.-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq sahənin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə xx.xx.2011-ci il tarixli, 404 №-li sərəncam qəbul etmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 404 nömrəli sərəncamından görünür ki, Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X7 İdarələrarası komissiyanın xx.xx.2011-ci il tarixli, 65 saylı rəyi təsdiq edilərək vətəndaş X6 məxsus İ.Həmidov küçəsi 15 №-li ünvandakı 1 №-li mənzil 3 otaqdan ibarət olub, yaşayış sahəsi 65,0 kv.m., ümumi sahəsi 98,9 kv.m.hesab edilməsi, yenidənqurma işlərinin başa çatması barədə Qəbul komissiyasının qəbul aktı hazırlanaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 5 ünvanda yerləşən vətəndaş N.Xəlilova məxsus 3 otaqlı yaşayış sahəsi 65,0 kv.m., ümumi sahəsi 98,9 kv.m. olan mənzili qeyri-yaşayış sahəsinə keçirilməsi, keçirilmiş sahədən istifadə edərkən yanğın təhlükəsizliyi, sanitar-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunması vətəndaş N.Xəlilova tapşırılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 200 №-li qərarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə vətəndaş N.Mehtiyevaya bildiriş verilməsi barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 xx.xx.2011-ci il tarixli 65 nömrəli rəyindən görünür ki, komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən vətəndaş X6 məxsus, İ.Həmidov küçəsi 15 saylı evin 1 saylı mənzili 3 otaqdan ibarət olub, yaşayış sahəsi 65 kv.m, ümumi sahəsi 98.9 kv.m hesab edilmişdir. Yaşayış və ümumi sahələr arasındakı fərq mənzilin daxilində olan uzun illər əvvəl anbar kimi istifadə edilən sahənin əsaslı təmir edilərək mənzil sahəsinə əlavə edilməsi səbəbindən yaranmışdır. Bu barədəd 52 saylı MKİS-nin xx.xx.2011-ci il tarixli aktl əlavə olunur. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin mövcud əlavə tikililərin istismara qəbul edilməsi barədə Qəbul Komissiyasının aktından görünür ki, Nəsimi rayonu, İ.Həmidov 15 küçəsi, 1 saylı mənzildə uzun illər bundan əvvəl aparılmış tikinti və yenidənqurma işləri nəticəsində həmin mənzilin yaşayış və ümumi sahəsinin hüquqi qeydiyyatdan keçmiş ölçüləri ilə mövcud ölçüləri arasında yaranmış fərq rayon İHdə fəaliyyət göstərən Texniki Komissiya tərəfindən yerində ölçülərək dəqiqləşdirilmiş və komissiyanın xx.xx.2011-ci il tarixli, 65 saylı rəyinə əsasən bu mənzilin yaşayış sahəsi 65 kv.m, ümumi sahəsi isə 98.9 kv.m hesab olunması barədə qərar qəbul edilmişdir. mənzil yuxarıda göstərilən mövcud ölçülər daxilində istismara yararlıdır. AZ-İ seriyalı 736602 nömrəli xx.xx.2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, X9 xx.xx.2015-ci ildə ölmüşdür. 1 saylı Bakı Asan xidmət mərkəzinin xx.xx.2017-ci il tarixli V-251/2017 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, X5 vərəsəsi oğlu X10- İ.Həmidov küçəsi, ev 15, mənzil və miras əmlakdan 1/4 hissədə pay almalıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 40.90 kv/m sahəsi olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 7 ünvanında yerləşən qeyri yaşayış sahəsinin çıxarışa əsasən hüquqmüəyyənedici sənəd üzrə sahəsi 40.9 kv.m, faktiki olaraq 1-ci mərtəbə 47 kv.m-dir. Sərəncama əsasən hüquqmüəyyənedici sənəd üzrə sahəsi 98.9 kv.m, faktiki olaraq 2-ci mərtəbə 37.9 kv.m-dir, ümumilikdə 84.9 kv.m-dır. 2mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsinin bir hissəsidir. Qeydiyyatdan keçmiş mənzil 2 mərtəbəli binanın 1-ci mərtəbənin bir hissəsində yerləşir. 2-ci mərtəbədə olan mənzil qeydiyyatdan keçməyib. Lakin bina köhnə binadır. Əlavə və artırılma sahə yoxdur. 1-ci mərtəbədə fərqin yaranması, (S=6.1 kv.m) ilkin özəlləşmə zamanı ümumi sahənin düzgün hesablanmaması səbəbindəndir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı flialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-X-3931-8-3928/2025 saylı məktubu ilə təqdim edilən İ.Sadıqov, İ.İsmayılov, N.Əsədovanın tərtib etdiyi aktdan görünür ki, İ.Həmidov küçəsi 15 saylı evdə N.Q.Xəlilova məzsus 1 saylı mənzil-3 otaq, yaşayış sahəsi 65 kv.m, ümumi sahəsi 98.9 kv.m-dır. Mənzildən ticarət məqsədli sahə kimi istifadə olunur. IV.İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, ev 15, mənzil 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alanaraq çıxarışın verilməsini tələb edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir). 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 40.90 kv/m sahəsi olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim olunmuş qəbul komissiyasının aktı səlahiyyətli qurumun möhürü ilə təsdiqlənməmiş və aktın tərtib edilmə tarixi qeyd edilməmişdir. Əlavə olaraq bildirilir ki, mənzilin sənəd üzrə sahəsi 98.9 kv.m qeyd edilsə də, faktiki 84.9 kv.m təşkil edir. Cavabdehin imtinasının əsası kimi istinad edilən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əsasən Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyəti Başçısının yaşayış evinin yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi haqqında Sərəncamla təqdim olunmuş mövcud qanunvericiliyin tələblərinə əsasən eskiz layihəsinə uyğun olaraq mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İmtinasının digər əsası kimi istinad edilən mənzilin sənəd üzrə sahəsi 98.9 kv.m qeyd edilsə də, faktiki 84.9 kv.m təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, dir. iddiaçı tələbini dəqiqləşdirərək 84.9 kv.m mənzilin qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir və yaşayış evinin yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi üzrə icraat zamanı mənzilə baxış keçirilərək müəyyən edilmişdir ki, yaşayış sahəsinin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsi mümkündür və mövcud ölçülər daxilində istismara yararlıdır. Habelə təqdim olunmuş qəbul komissiyasının aktı qurumun möhürü ilə təsdiqlənmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabehin imtinası və etirazının əsası kimi istinad etdiyi hallar əsassızdır. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsi və tələbin qanuni əsasının dispozisiya şərtlərinin işin hallarına uyğunluğunun müəyyən edilməsi araşdırılmalıdır. Qeyd edildiyi kimi, müvafiq Sərəncamla fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən qərar qüvvədədir və Mənzil Məcəlləsinə əsasən həmin inzibati aktı qəbul etmək səlahiyyəti yerli icra hakimiyyətinə aiddir. Hazırkı mübahisədə iddia tələbinin qanuni əsası Mənzil Məcəlləsinin 20-21-ci maddələridir və qeyd edilən maddələr yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini tənzimləyir. Analoji işlər üzrə Ali Məhkəmənin qərarlarında müəyyən edilmiş hüquqi mövqeyə görə, cavabdeh yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qanuni qüvvəsini almış və etibarlı olan qərarını təftiş etmək səlahiyyətinə malik deyildir və belə yanaşma səlahiyyətlərin bölgüsü prinsipindən irəli gəlir (iş № 2-1(102)-1485/2023, 2-1(102)-2104/2023). Beləliklə ki, səlahiyyətli qurumun (inzibati orqanın) qərarı (sərəncamı) ilə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilmiş, həmin inzibati akt aparılmış inzibati icraatın nəticəsini əks etdirir, həmin akt qüvvədədir və ləğv edilməmişdir. Həmin sərəncamın qəbul edilməsi ilə bağlı məsuliyyəti də məhz (buna səlahiyyətli olan) yerli icra hakimiyyəti (Nəsimi RİH) daşıyır. Belə olan təqdirdə, cavabdeh inzibati orqanın vəzifəsi isə (icra hakimiyyəti orqanlarının vahidliyi prinsipindən çıxış edərək) həmin sərəncam əsasında yaranmış hüququn qeydiyyatını aparmaqdır. Hüququn qeydiyyatını aparmaq vəzifəsi olan inzibati orqan kimi cavabdehin qeyd edilən sərəncamın qəbul edilməsi zamanı aparılmış inzibati icraatı təftiş etmək, sərəncamın qəbul edilməsi üçün əsas olmuş icraatın qanuniliyinə qiymət vermək səlahiyyəti yoxdur. Qeydiyyatı aparan orqan kimi cavabdehin vəzifəsi təqdim edilən sərəncamın buna səlahiyyətli qurum tərəfindən qəbul edilməsini və qüvvədə olub-olmamasını yoxlamaqdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, ev 15, mənzil 1 ünvanında yerləşən 84.9 kv.m qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar