Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8514/2023 06.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "məcburi köçkün" statusunun və onu təsdiq edən vəsiqənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçının atası X5na və anası Qanuni nümayəndə Azərbaycan Respublikası daxilində köçürülmüş şəxslər olduğundan məcburi köçkün statusu və onu təsdiq edən vəsiqələr verilmişdir. X5 ilə X7 nikahından xx.xx.1999-cu il tarixində X6, xx.xx.2003-cü il tarixində qardaşı X23 və xx.xx.2006-cı il tarixində o, İddiaçı doğulmuşdur. X6 və qardaşı X23 valideynləri "məcburi köçkün" statusuna malik olduğundan onlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqələr verilmişdir. Ona, İddiaçı "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin 01/1217 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla onun doğum tarixindən öncə ünvan 1 ünvanında anası X7 daimi pasport qeydiyyatında olduğunu əsas göstərərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi mümkün olmadığı qeyd olunmuşdur. X25 və qardaşı Əkbər Yusifliyə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi, lakin eyni məcburi köçkün ailəsinin üzvü olaraq ona məcburi köçkün statusunun verilməməsi ilə konstitusion hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixində qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-eu il tarixli Qanununun 1-ci maddəsinə əsasan, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad ədilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, ‘Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ‘‘məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, ‘‘məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X21 məcburi köçkün statusuna malik olmuşdur və vəfat etdiyi tarixədək Qubadlı rayonu, Xanlıq kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. İddiaçı anası Qanuni nümayəndə hazırda Qubadlı rayonu, Xanlıq kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq ədən vəsiqəyə malikdir. İddiaçının anası Qanuni nümayəndə xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək isə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Həmçinin onun mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən əldə etdiyi sözügedən mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qaydada qeydə alınmışdır. Belə ki, -AZE seriyalı 02376834 nömrəli xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinə əsasən, Qanuni nümayəndə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur; -AZE seriyalı 07611051 nömrəli xx.xx.2009-cu il tarixli şəxsiyyət vəsiqəsinə əsasən, Qanuni nümayəndə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur; -AZE seriyalı 0******* nömrəli xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinə əsasən, Qanuni nümayəndə Qubadlı rayonu, Xanlıq kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 2023-cü il 17 yanvar tarixli məktubuna əsasən, Bakı şəhəri Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, ev 9, 4 saylı mənzil xx.xx.2005-ci il tarixdə Qanuni nümayəndə adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə-3-362 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı doğumundan öncə anası Qanuni nümayəndə mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrı yaşayış sahəsi əldə edərək ora qeydiyyata düşdüyündən, İddiaçı Qaydaların 4.2.6-cı bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. İddiaçının X6na və qardaşı X15 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, X22 xx.xx.1999-cu il, X23 isə xx.xx.2003-cü il təvəllüdlüdür. İddiaçının anası Qanuni nümayəndə ünvan 2 ünvanında xx.xx.2005-ci il tarixində, yəni X9 və X10 doğumundan sonra yaşayış yeri üzrə qeydiyyata alındığından, onlara Qaydaların 4.2.6-cı bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilməsinə əsas mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses ştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsin verilməsi”nə dair iddia tələbini əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü Yusifli X17 rayonu, Xanlıq kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü Qanuni nümayəndə Qubadlı rayonu, Xanlıq kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 16210168 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1999-cu il təvəllüdlü X1 rayonu, Xanlıq kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü X2 rayonu, Xanlıq kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ 362395 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X21, anası Qanuni nümayəndədır. İş materiallarına əlavə edilmiş AZ-İ№ 541938 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X21 ilə X4 arasında xx.xx.1999-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 30 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ№ 110050 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X21 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı 461274 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən Qanuni nümayəndə Ağdam şəhərindən məcburi köçkündür, vəsiqə Dövlətqaçqınkomun xx.xx.2021-ci il tarixli qərarına əsasən verilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı 398199 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən X1 şəhərindən məcburi köçkündür, vəsiqə Dövlətqaçqınkomun xx.xx.2017-ci il tarixli qərarına əsasən verilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı 461270 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən X2 şəhərindən məcburi köçkündür, vəsiqə Dövlətqaçqınkomun xx.xx.2021-ci il tarixli qərarına əsasən verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********90 nömrəli məktubunda bildirilmişdir ki, X11 adına Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 11 nömrəli fərdi yaşayış evinin 3 otağı xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 41 saylı DNK-nın xx.xx.2007-ci il tarixli 4Ə-224 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qanuni nümayəndə adına Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, ev 9, 4 saylı mənzil xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 3 saylı DNK-nın 4Ə-03-362 reyestr nömrəli xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı adına hər hansı daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-1238/2023 nömrəli məktubunda bildirilmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsi tərəfindən verilmiş AA398199 və AA461270 seriya nömrəli məcburi köçkün statusunu təsdiq edən status sənədləri hazırda qüvvədədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavininin xx.xx.2023-cü il tarixli, 18 nömrəli Arayışında qeyd olunmuşdur ki, Verilir Qubadlı rayon Xanlıq kənd sakini İddiaçı,ondan ötəriki onun atası X21 rayon ərazisi işğal olduğuna görə 1993-cü ildən məcburi köçkün düşmüş, xx.xx.2011-ci ildə vəfat etmişdir. İddiaçı məcburi köçkündür. Dövlət tərəfindən məcburi köçkünlərə verilən 60(altmış) manat vahid aylıq müavinat alır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X29 Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-21690/2023 nömrəli məktubunda bildirilmişdir ki, X21 xx.xx.2002-ci il, tarixdən Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatdadır. Qanuni nümayəndə xx.xx.2002-ci il tarixdən Qubadlı rayonu, Xanlıq kəndində, xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında, xx.xx.2011-ci il tarixdən yenidən Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X29 Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-25777/2023 nömrəli məktubunda bildirilmişdir ki, sorğu edilən xx.xx.1968-ci il təvəllüdlü X21 xx.xx.2002-ci il tarixdən hazıradək Qubadlı rayonu, Xanlıq kəndində, xx.xx.1974- cü il təvəllüdlü Qanuni nümayəndə xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Qubadlı rayonu, Xanlıq kəndində, xx.xx.2005-ci il tarixdən xx.xx.2011- ci il tarixədək ünvan 2 ünvanında, 16.12.20 11 -ci il tarixdən hazıradək isə Qubadlı rayonu, Xanlıq kəndində, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən hazıradək Qubadlı rayonu, Xanlıq kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı 9 mart 2023-cü il tarixli 01/1217 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”nın 4.2.6-cı bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. Barənizdə aparılan araşdırma zamanı sizin övladınızın doğum tarixindən öncə öz adınıza qeydiyyatdan keçmiş, ünvan 5 ünvanında daimi pasport qeydiyyatında olduğunuz aşkar edildiyindən xx xxxxxx 2006-cı il təvəllüdlü övladınız İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia tələbi düzgün cavabdehə qarşı yönəlmiş və iddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi məcburi köçkün statusunun verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı tərəf məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli imtinasından sonra xx.xx.2023-cü il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Göründüyü kimi məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2006-cı il təvəllüdlü olmaqla xx.xx.2016-cı il tarixdən Qubadlı rayonu, Xanlıq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının anası xx.xx.1974-cü il təvəllüdlü Qanuni nümayəndə Qubadlı rayonu, Xanlıq kəndi ünvanında qeydiyyatda olmaqla məcburi köçkündür. İddiaçının atası X3 rayonundan məcburi köçkün olmaqla xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçının anası Qanuni nümayəndə adına Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, ev 9, 4 saylı mənzil xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş və o həmin ünvanda xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək pasport qeydiyyatında olmuşdur. Məhkəmə Qaydaların 4.2.6-cı bəndinə əsasən iddiaçıya məcburi köçkün statusunun verilməməsi ilə bağlı cavabdehin mövqeyi ilə aşağıdakılara əsasən razılaşmır. Qeyd edilməlidir ki, iddiaçının hər iki valideyni məcburi köçkün düşmüşlər. Hazırda iddiaçı tək valideyni-anası Qanuni nümayəndə himayəsindədir. Sözügedən Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, ev 9, 4 saylı mənzil iddiaçının məcburi köçkün statusunda olan anasının adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış, lakin həmin mənzil Bakı şəhəri 3 saylı DNK-nın 4Ə-03-362 reyestr nömrəli xx.xx.2010-cu il tarixli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmin vaxtdan etibarən, eləcə də hazırda nə iddiaçının, nə də anasının adına hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmasa da Qubadlı Rayon İcra Hakimiyyəti başçısının arayışına əsasən iddiaçı dövlət tərəfindən məcburi köçkünlərə verilən 60 (altmış) manat vahid aylıq müavinat alır. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 05 fevral 2002ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 15 fevral 2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın: -1.1-ci bəndinə görə məcburi köçkünlərə (onların uşaqlarına ) yemək xərci üçün verilən aylıq müavinət (mütəmadi pul yardımları) dövlət büdcəsi hesabına ödənilir. -4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.1. "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; 4.2. Valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara;(..). Göründüyü kimi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsini nəzərdə tutmamış, iddiaçının anadan olduğu dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təlimatın 5-ci bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.1. Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla). Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. İşin hallarından görünür ki, iddiaçının anası Qanuni nümayəndə adına xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, ev 9, 4 saylı mənzil qeydiyyatdan keçmiş olsa da iddiaçının məcburi köçkün statusunda olan anası, eləcə də iddiaçının özünə istər Təlimatın 5.1, istərsə də yuxarıda adıçəkilən Qaydanın 2.1-ci bəndinə əsasən vahid aylıq müavinətin ödənilməsi dayandırılmamışdır. Başqa sözlə, cavabdeh orqan bir tərəfdən iddiaçıya məcburi köçkün vəsiqəsi vermir, digər tərəfdən eyni əsası- mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməni nəzərə almadan iddiaçının anasına, onun ailə üzvlərinə, o cümlədən iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinəti ödəyir. İddiaçının hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən iddiaçıya müavinət verilməsini qadağan edən normaların tətbiq etmədiyini, əksinə 15 fevral 2002-ci il tarixli Təlimata, həm də 24 yanvar 2017-ci il tarixli Qaydaya əsasən yemək xərci ödədiyini göstərir. Halbuki, işin mübahisələndirilən halı- mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməyə istinad edərək cavabdeh iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. “İnzibati icraat haqqında” Qanunun: -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məcburi köçkün kimi yanaşaraq onu müvafiq imtiyaz və güzəştlə təmin etmiş, bununla iddiaçının cavabdehin inzibati hərəkətinə etimad hüququ yaranmışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının ailə üzvlərindən anası, X6 və qardaşı X23 məcburi köçkün vəsiqələrinə malik olmaqla hazırda da həmin statusdan irəli gələn imtiyazlardan yararlandıqları halda eyni ailədən olan iddiaçının hüquqi vəziyyətinə fərqli yanaşma ilə yanaşılaraq onu məcburi köçkün vəsiqəsi ilə təmin etməməsi ən azından İİQnun 12-ci maddəsindən irəli gələn “bərabərlik” prinsipinə zidd olaraq da qiymətləndirilə bilər. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8514/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8514/2023
06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver