Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8516/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilmiş 30.01.2018-ci il tarixli, 29 saylı arxiv arayışında göstərilən 1983- 1986-cı illərə dair sığorta stajının və Azərbaycan SSR X26 Təhsili Komitəsinin Qazax rayonundaki 156 saylı Texniki Peşə Məktəbi tərəfindən ona verilmiş diplom üzrə 01 sentyabr 1981-ci il tarixdən 22 iyul 1982-ci il tarixədək müddətin ona sığorta stajı kimi hesablanması və sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin DSMF 20 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi 57 yaşından əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur və həmin kənddə boya başa çatmışdlr. Orta məktəbi bitirdikdən sonra Texniki peşə məktəbinə daxil olub 22 iyul 1982-ci ildə həmin peşə məktəbini bitirərək, "Şərab və şirənin ilk emalı üzrə ustə” ixtisası üzrə diplom almışdır. Daha sonra 1983-cü ilin fevral ayından onların kəndində fəaliyyət göstərmiş Sovet Azərbaycan Sovxozunun şərab məntəqəsinə laborant işinə qəbul olunmuşdur. 20 oktyabr 1986-cı ildə ailə qurmağı ilə bağlı öz ərizəsinə əsasən işdən azad olunmuşdur. O, işdən azad olunanda sovxoz tərəfindən ona əmək kitabçası verilməmişdir. Ailə qurandan sonra soyadını dəyişib ərinin soyadını, yəni Məmmədovanı götürmüşdür. Ailə qurduqdan sonra o, 23 iyul 1994-cü ildən N saylı hərbi hissədə işə girmiş və 06.04.2006-cı ildə işdən azad olunmuşdur. 15.04.2006-cı ildə Yuxarı Əskipara sovxozunda fəhlə işinə götürülmüşdur, 25.06.2007-ci ildə fəhləlikdən azad olunmuş və 12.07.2007-ci ildə yenidən N saylı hərbi hissədə yataqxana rəisi vəzifəsinə işə götürülmüşdür və həmin hərbi hissədə müxtəlif vəzifələrdə işləmişdir. Nəhayət 12.02.2008-ci il tarixdə öz ərizəsi ilə əsasən işdən azad olunmuşdur. Onun birgə nigahından 15 dekabr 1987-ci ildə Söhrab və 02 yanvar 1990-cı ildə isə Samir adlı iki uşağı olmuşdur. Onlardan Samir adlı uşağı anadangəlmə “Beyin ödəmi uşaq serebral iflici" olduğuna görə 1994-cü ildən ona "uşaqlıqdan əlillik” səbəbi ilə birinci qrup əlillik təyin edilmişdir. O uşağı ana olaraq bütün əziyyətlərini o çəkmişdir, daima müalicəsini təşkil etmişdir. Samir 20 may 2002-ci ildə həmin xəstəlikdən ölmüşdür. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə görə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ var. O da sağlamlıq imkanları məhdud (uşaqlıqdan əlil) uşağı Samiri 8 yaşınadək tərbiyə etdiyi və adıçəkilən Qanunun 8.2-ci maddəsinə görə yaşa görə əmək pensiyası hüququ olduğu üçün pensiya təyin edilməsi məqsədi ilə lazım olan sənədləri toplayıb DSMF PHŞ 20 saylı Regional Filialına təqdim etmişdir. Ona pensiya təyin edilməsindən imtina edilərək, DSMF-nin Mərkəz filialının 29.03.2021-ci il tarixli, **********1 saylı məktubu ilə izah ediblər ki, əmək kitabçasına və əyani təsil haqqında diplomuna əsasən ümumi sığorta stajı 01.01.2006-cı il tarixədək 12 il olmaqla tələb olunan müddətdən (25 ildən) az və 01.01.2006-cı il tarixdən etibarən fərdi hesabı sığorta hissəsində toplanmış pensiya kapitalı 9196.94 manat olmaqla tələb olunan 28800 manatdan az olduğu üçün ona sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Onlar bu nəticəyə gələrkən onun qanunvericiliyə zidd olaraq 1981-1982-ci illərdə Texniki peşə məktəbində təhsil aldığı dövrü və 1983-1986-cı illərə dair arxiv arayışında göstərilən sığorta stajını nəzərə almayıblar. Halbuki, onun işlədiyi vaxt qüvvədə olmuş Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinin ikinci abzasına görə əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin həmin Əsasnamənin 8-ci bəndinə uyğun olaraq ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatiarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdäq olunur. Onlar nəzərə alındıqda onun ümumi sığorta stajı 25 ildən yuxarı olur. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1) qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başcısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; 2) uşağın 18 yasınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı; 3) uşağın doğum haqqında səhadətnaməsinin surəti tələb olunur. İddiaçı gızının vəziyyətində isə onun mərhum övladı X3 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı, həmçinin iddiaçının Samir Məmmədovu 8 yasınadək tərbiyə etməsi barədə akt SÖTMF-ə təqdim edilməmişdir. Digər tərəfdən qeyd edilən sənədlər SÖTMF-ə təqdim edilmiş olsaydı belə, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfındən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmis qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüvü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmisdir. İddiaçı vəziyyətində isə onun ərizəsində qeyd etdiyi Qazax rayon Dəmirçilər kənd “Sovet Azərbaycan” sovxozunda işləməsi əmək kitabçasında qeyd edilmir. Buna görə də həmin dövrün sığorta stajı kimi qəbul edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanların nəzərə alınması və iddia tələlbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə, Qazax rayonu, Dəmirçilər kəndində doğulmuşdur. - Azərbaycan SSR X26 Təhsili Komitəsi tərəfindən verilmiş 681957 №-li, 22.07.1982ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 01.09.1981ci ildə Azərbaycan SSR Qazax rayonu 156 №-li Texniki Məktəbə daxil olmuş və 22.07.1982-ci ildə şərab və şirənin ilk emalı üzrə usta peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. - Qazax rayonu, Alpoud kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş İİİ-ЖГ 379984 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X12 arasında xx.xx.1964-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadları verilmişdir. - Qazax rayonu, Alpoud kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş Xİİ-ЖГ 281435 №-li doğum haqqında şəhadətnamədən görünür ki, atası X11, anası isə İddiaçı olan X6 15.12.1987-ci ildə Qazax rayonu, Fərəhli kəndində doğulmuşdur. - Rusiya Federasiyası Xabarovski vilayəti, Xabarovski şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş İİİ-ДВ 483848 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X11, anası isə İddiaçı X13 02.01.1990-cı ildə Xabarovski şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax X1 Uşaq Xəstəxanası tərəfindən verilmiş 21 №-li, 23.01.2018-ci il tarixli xəstənin ambulator, stasionar və Xəstəlik tarixindən çıxarışından görünür ki, X16 02.01.1990-cı ildə anadan olmuşdur. Anadangəlmə diaqnozu “beyin ödemi, uşaq serebral iflici” ilə dispanser müşahidədə olmuşdur. Dəfələrlə uşaq nevroloji x/t-da müalicə olmuşdur. 1994-cü ildən təqaüd təyin olunmuşdur. İ dərəcəli əlillik təqaüdü. 20.05.2002-ci ildə vəfat etmişdir və təqaüd dayandırılmışdır. - Qazax Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 1508 №-li, 07.04.2000-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 uşaqlıqdan birinci dərəcəli əlildir. - Qazax şəhəri VVADQ Şöbəsi tərəfindən verilmiş AZ 136890 №-li, 22.05.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 20.05.2002-ci il tarixdə ölmüşdür. - Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin 29 №-li, 30.01.2018-ci il tarixli arxiv arayışından və həmin tarixli məktubundan görünür ki, Əsgərova (Məmmədova) X17 rayon Dövlət Arxivində 43 saylı fondda mühafizə edilən Sovet Azərbaycanı sovxozunun əmr kitablarında 30.06.1985-ci il tarixlı, 74/2 saylı əmri ilə fəhlə komitəsinin qərarı ilə kadr inspektorunun səhlənkarlıgı nəticəsində 1981-ci ildə sovxozun Ülkməzli şöbəsində fəaliyyət göstərməyininə baxmayaraq yalnız 1985-ci ildə 74/2 saylı əmr ilə fəhlə qəbul edilməyi göstərilmiş və yerli həmkarlar ittifaqının qərarı ilə onun iş stajı 1981-ci ildən qeydə alınmışdır. 1985-ci il 74/4 saylı əmr ilə Sovet Azərbaycanı sovxozunun şərab məntəqəsinə laborant təyin olunmuşdur Qazax rayon ASB-nın 274 saylı əmri ilə və sovxozun 30.06.1985-ci il tarixli, 108 saylı əmri ilə yeni yaradılmış 1 saylı üzüm emalı zavoduna fəhlə keçirilmişdir. Qazax rayon Dövlət Arxivində 159 saylı fondda mühafizə edilən 1 saylı üzüm emalı zavodunun əmr kitablarında 01.09.1986-cı il tarixli 03 saylı əmri ilə 1 saylı üzüm emalı zavodunun Dəmirçilər şöbəsinə fəhlə keçirilmişdir. 20.10.1986-cı il tarixli, 18/2 saylı əmri ilə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Onun 1981-1986-cı illərdə aldığı əmək haqqı aşağıdakı qaydadadır: 1982-ci ildə oktyabr ayında, 1983-cü ildə yanvar-ferval, aprel-iyun, avqust-noyabr, 1985-ci ildə iyul-noyabr, 1986-cı ildə isə yanvar-avqust aylarında. - Qazax rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11-21/718 №-li, 07.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 ünvanında qeydiyyatdadır, mərhum oğlu əlil X5 özü doğub, 8 yaşadək özü tərbiyyə etmişdir. - Qazax rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş11-21/736 №-li, 08.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 23.07.1994-cü ildən 15.04.2004-cü ilədək N saylı hərbi hissədə gözətçi, yataqxanada növbətçi (09 il 08 ay 23 gün), 05.07.2004-cü ildən 06.04.2006-cı ilədək N saylı hərbi şəhərcikdə növbətçi (01 il 09 ay 02 gün), 15.04.2006-cı ildən 25.06.2007-ci ilə qədər Qazax rayonu, X15 fəhlə (01 il 02 ay 11 gün), 12.07.2007-ci ildən 12.02.2018-ci ildən N saylı hərbi hissənin N saylı hərbi şəhərciliyində komendant (10 il 07 ay 01 gün) vəzifələrində işləmişdir. - Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 13.10.2021-ci il tarixli, 368 №-li və 17.11.2021-ci il tarixli, 410 №-li məktublarına əlavə edilmiş əmrlərin surətlərindən görünür ki, Qazax rayonu Sovet Azərbaycanı sovxozunun 30.06.1985-ci il tarixli, 74/2 saylı əmrindən çıxarışa görə Məmmədova (Əsgərova) Tamella Məci qızının 15.07.1985-ci il tarixli ərizəsi və fəhlə həmkarlar komitəsinin qərarı ilə 01.01.1981-ci il tarixdən işləməsi nəzə alıb Ürkməzli şöbəsinə fəhlə qəbul edilmişdir. Qazax rayonu Sovet Azərbaycanı sovxozunun 30.06.1985-ci il tarixli, 74/4 saylı əmrindən çıxarışa görə Məmmədova (Əsgərova) Tamella 19.06.1985-ci il tarixdən şərab zavoduna müvəqqəti olaraq laborant təyin edilmişdir. Dəmirçilər kəndi “Sovet Azərbaycanı” sovxozu üzrə 30.08.1986-cı il tarixli, 108 №-li əmrə əsasən Əsgərova Tamilla 1 №-li üzüm emalı zavoduna köşürülmüşdür. 1 №-li üzüm emalı zavodu üzrə 01.09.1986-cı il tarixli, 3 №-li əmrə əsasən Dəmirçilər məntəqəsində fəhlə işləyən Əsgərova Tamilla 01.09.1986-cl ul tarixdən 1 №-li üzüm emalı zavoduna keçirilmişdir. 1 №-li üzüm emalı zavodu üzrə 20.10.1986-cı il tarixli, 18/2 №-li əmrə görə X12 ərizəsinə əsasən 1 №-li üzüm emalı zavodunun Dəmirçilər şərab məntəqəsinin fəhləsi vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fununun 20 saylı region ərazi filialı tərəfindən iddiaçıya ünvanlanan **********1 №-li, 29.03.2021-ci il tarixli məktubundan görünür ki, filiala daxil olmuş 11.01.2021-ci il tarixli ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkaniarı məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtiər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı, uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı, uşağın doğum haqqında şəhadətnaməsinin surəti tələb olunur. Bildirilmişdir ki, mərhum övladı X4 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarını təqdim etmədiyi, eyni zamanda 23.07.1994-cü il tarixli, ИТ-İ № ******* saylı əmək kitabçasına və əyani təhsil haqqında diplomuna əsasən ümumi sığorta stajı 01.01.2006-cı il tarixinədək 12 ii olmaqla tələb olunan müddətdən (25 ildən) az və 01.01.2006-cı il tarixindən etibarən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 9196,94 manat olmaqla tələb olunan 28800 manatdan az olduğu üçün ona sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilmişdir ki, onun təqdim etdiyi Qazax Rayon Dövlət Arxivinin arayışında qeyd olunan 1981-1986-cı illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 02.01.1990-cı ildə anadan olmuş oğlu X13 uşaqlıqdan birinci dərəcəli əlil olmuş və 20.05.2002-ci il tarixdə ölmüşdür. İddiaçı ona sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi 57 yaşı tamam olduğu 02.01.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh mərhum övladı X4 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının təqdim edilməməsini, eyni zamanda 23.07.1994-cü il tarixli, ИТ-İ № ******* saylı əmək kitabçasına və əyani təhsil haqqında diplomuna əsasən ümumi sığorta stajı 01.01.2006-cı il tarixinədək 12 ii olmaqla tələb olunan müddətdən (25 ildən) az və 01.01.2006-cı il tarixindən etibarən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 9196,94 manat olmaqla tələb olunan 28800 manatdan az olduğu əsas gətirilərək müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaş həddi 5 il azaldılmaqla yaranır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. - 67-ci maddəsinin 1-ci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 2-ci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 3-cü hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə qeyd edir ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi 57 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 9196,94 manat olmaqla tələb olunan 28800 manatdan azdır. Sığorta stajı ilə bağlı isə müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 01.01.2006-cı ildən sonrakı dövrdə işlədiyi müddətdə işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr 2008-2009-cu il, 2010-cu ilin 8 ayı, 2011-2017-ci il və 2018-ci ilin 2 ayı üzrə olmuşdur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin dövrlər üzrə iddiaçının sosial sığorta stajı 9 il 10 ay 2 gündür. İddiaçının təhsil müddəti 10 ay 22 gün (01.09.1981-22.07.1982), sovxozda fəhlə işlədiyi və əmək haqqı aldığı dövrlər 10 ay, 12.06.1985-ci ildən 20.1986-cı il tarixədək işlədiyi müddət 1 il 4 ay 9 gün, əmək kitabçası üzrə sosial sığorta stajı isə 21 il 17 gündür. Həmin müddətlər nəzərə alınmaqla iddiaçının sosial sığorta stajı 25 ildən az, yəni 24 il 1 ay 18 gün təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinaya dair cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8516/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8516/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver