Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8516/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 1977-ci il tarixdən 27 dekabr 2011-ci il tarixinə kimi 32 il 4 ay 28 gün sığorta stajını nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçının İT seriyalı ******* saylı xx.xx.1978-cü il tarixli əmək kitabçasından göründüyü kimi X2 124 saylı xx.xx.1977-ci il tarixli əmrinə əsasən qəbul şöbəsinə xx.xx.1977-ci il tarixdən fəhlə kimi işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış və adıçəkilən bazanın 155 saylı xx.xx.1983-cü il tarixli əmri ilə öz xahişi ilə işdən azad olunmuş, SSRİ-nin 60 illiyi adına Bakı Quru transformatorlar zavodunun 08k saylı xx.xx.1985-ci il tarixli əmi ilə xx.xx.1985-ci il sarğı sexinə sarğıçı şagirdi kimi işə qəbul edilmiş və xx.xx.1985-ci il tarixli 54k saylı əmrə əsasən xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, X2 170 saylı xx.xx.1985-ci il tarixli əmrinə əsasən 5 saylı şöbəsinə texniki işçi kimi işə qəbul olunmuş və 07 saylı xx.xx.2011-ci il tarixli əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. Beləliklə də iddiaçının xx.xx.2006-cı il tarixinə 26 il 6 ay 3 gün və xx.xx.2011-ci il tarixinə 32 il 4 ay 28 gün ümumi sığorta stajının olduğu təsdiqlənir. İddiaçı yaşa görə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin 3-17-1/2-M- 50224/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla ümumi sığorta stajının xx.xx.2006-cı il tarixə kimi 25 ildən az olması səbəbindən ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı zamanı iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filialda baxılmışdır. İddiaçı sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Etiraz “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, 7-ci, 22-1.1-ci maddələri ilə əsaslandırılmaqla qeyd olunmuşdur ki, iş üzrə icraat materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı aşağıdakı kimidir: 1977.09.01 - 1983.10.06 - 06 il 01 ay 05 gün, 1975.02.13 - 1975.05.06 -04 ay 11 gün, cəmi: 06 il 05 ay 16 gün. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, əmək kitabçasının 4-7-ci səhifələrində iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “X7”nda işlədiyi qeyd olunur. X5 İnformasiya Sisteminin Sığorta olunanın Altsistemində aparılan yoxlama nəticəsində 1985-2011-ci illərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından həmin dövrün iddiaçının sosial sığorta stajı kimi hesablanması mümkün deyildir. Həmçinin iddiaçıya xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə sosial müavinət təyin olunmuşdur, İddiaçı hal-hazırda da həmin yaşa görə sosial müavinəti almaqda davam edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından (sığorta stajı 6 il 5 ay 16 gün) və tələb olunan pensiya kapitalı olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2010-cu il tarixdə Bakı Suraxanı RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinə görə İddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-ci il tarixli 3-17-1/2-M-50224/2023 saylı imtina məktubunda etirazda göstərilənlər bildirilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin 2 may 2023-cü il tarixli 3-48-DA/2- 00827/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, İbrahimova-İddiaçı adı qeyd olunan X9 işçilərinin sentyabr 1977 - sentyabr 1978, yanvar - mart 1986-cı illərə dair əmək haqqı cədvəllərinin təsdiq olunmuş kserosurətlərini təqdim edilir, X3 şəxsi heyət üzrə əmr kitabları, həmçinin, oktyabr - dekabr 1978, 1979-1985, aprel-dekabr 1986, 1987-2011-ci illərə dair əmək haqqı cədvəlləri arxivə dövlət mühafizəsinə təhvil verilmədiyindən, həmin sənədlərin surətlərinin təqdim olunması imkan xaricindədir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28/2- 3894/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əczaçılıq və X6 və Bakı Şəhər Baş Apteklər İdarəsi ləğv edildiyinə görə şəxsi heyət və mühasibatlıq üzrə sənədlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Müraciətdə qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. - İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək X4 fəhlə (124 saylı xx.xx.1977-ci il tarixli əmr), xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək makinaçı (əmr № 147, xx.xx.1977), xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək SSRİ-nın 60 illiyi adına Bakı Quru transformatorlar zavodunda sarğı sexində sarğıçı şagirdi, xx.xx.1985-ci il tarixdən xx.xx.2011-ci il tarixədək X4 xadimə və makinaçı (1 №-li əmr xx.xx.1993-cü il) işləmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. Məhkəmə aşağıdakı əsaslara görə cavabdehin dəlillərini əsaslı hesab etmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarında sənədlərə əsasən iddiaçı: xx.xx.1977-xx.xx.1977-ci illərdə X4 fəhlə - 1 ay 25 gün, xx.xx.1977-xx.xx.1983-cü illərdə makinaçı – 5 il 11 ay 12 gün, xx.xx.1985-xx.xx.1985-ci illərdə SSRİ-nın 60 illiyi adına Bakı Quru transformatorlar zavodunda sarğı sexində sarğıçı şagirdi - 4 ay 12 gün, xx.xx.1985-xx.xx.2006-cı illərdə X4 xadimə və makinaçı - 26 il 6 ay 6 gün işləməklə tələb olunan 25 ildən də artıq iş stajını toplamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-xx.xx.2011-ci illərə aid dövrün sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə mülahizəsi qismən qanunsuz və əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına və formalaşmış məhkəmə təcrübəsinə görə xx.xx.2006-cı il tarixədək müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi iddiaçının günahından baş vermiş, yaxud da ondan asılı olmayan hal oldugundan onun ziyanına şərh edilməməlidir. Odur ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının və arxiv arayışlarının tədqiqi zamanı onun xx.xx.1985-xx.xx.2006-cı illərdə X4 xadimə və makinaçı işlədiyi peşələrin ona məxsus əmək kitabçasında qeyd olundugu, həmin qeydlərin işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edildiyi və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları uyğun olması müəyyən edilmiş, bunun əksi isə cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-cu il tarixində xx.xx.2006-cı il tarixinədək tələb olunan 25 il əmək stajı toplanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən 25 il sığorta stajı olması şərti ödəndiyi üçün, məhkəmə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini araşdırmağı zəruri hesab etmir. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktı düzgün realizə etməmişdir. Halbuki, iş materiallarına əsasən iddiaçının işləyərək tələb olunan iş stajını toplaması müəyyən edilmişdır. Buna görə də iddiaçıya cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməməsi əsassızdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının əmək pensiyası ala bilmək üçün qanunvericilikdə tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. Məhkəmə xüsusilə vurgulayır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçının xeyrinə sənədlərin mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının ərizəsi üzrə araşdırma aparmaq əvəzinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, müvafiq sorgular toplamadan ərizəsini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Bu baxımdan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva