Məhkəmə qərarları › İş №2-1(112)-8517/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8517/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8517/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113, 29 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 noyabr 1983-cü il tarixdə əri X8 Bakı şəhər XDS İcrayə Komitəsi tərəfindən Bakı şəhəri, 829 keçid, 2935-A-1 kvartal, ev 51-j, mənzil 29 (hazırda: ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə verilmiş 198722 nömrəli order almışdır. Orderdə ərindən başqa o və iki qızı göstərilmişdir. Həmin mənzil kooperativ mənzil idi. 129 nömrəli MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilə dair dövlət ssuda borcları və kommunal xərcləri tam ödənilmişdir. Yaşayış sahəsi ilə bağlı borcu yoxdur. xx.xx.2020-ci il tarixdə əri ölmüşdür. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsi ilə alınan AR DİN-in “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, qeyd edilən ünvanda ondan başqa qızı X4 da qeydiyyatdadır. Qızı ərizə yazaraq mənzilin onun adına özəlləşdirilməsinə razılıq vermişdir. Yaşadıqları yaşayış sahəsinin özəlləşdirilməsi və buna dair çıxarış almaq məqsədilə o, ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin ərizəyə bütün zəruri sənədləri əlavə etsə də, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********05 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”lə Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti, ev 113, mənzil 29 ünvanındakı mənzilə verilmiş 198722 nömrəli orderə dair Xətai Rayon İcra Hakimiyyətində və başqa adıçəkilən qurumlarda heç bir məlumatın aşkarlanmaması səbəbi ilə ərizəsinin icrasından imtina edilmişdir. Hesab edir ki, onun Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti, ev 113, mənzil 29 ünvanındakı yaşayış sahəsinin özəlləşdirilməsi və buna dair Çıxarış alması üçün bütün əsaslar vardır və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qeyri-qanunidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 113 saylı evin, 29 saylı mənzilinə dair verilmiş xx.xx.1983-cü il tarixli, 198722 saylı orderə əsas olmuş (qərar, maliyyə arayışı və.s) sənədlər haqqında məlumat və arxiv nüsxələrinin verilməsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə və Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə sorğu göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7-909/17 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq, Şaumyan rayon İK tərəfindən verilən qərar və orderlərin Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı bildirilmişdir. Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin 23/11-10 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 113 saylı evin, 29 saylı mənzilinə dair verilmiş xx.xx.1983-cü il tarixli, 198722 saylı order Şaumyan (Xətai) rayonu XDS İK tərəfindən sənədləşdirildiyindən, həmin rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Həmçinin tərəfindən iddiaçı tərəfindən müraciətə əlavə edilən Xətai rayonu İcra Hakimiyyəti başçısının T-57-091 saylı, xx.xx.2021-ci il tarixli məktubunda XDS İK- nın xx.xx.1983-cü il tarixli, 40/5a saylı qərarı əsasında verilmiş 198722 saylı orderə dair Rayon İcra Hakimiyyətində heç bir məlumatın aşkarlanmadığı bildirilmişdir. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bununla bağlı iddiaçıya **********05 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişlə müraciət edənə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 113 saylı evin, 29 saylı mənzilinə dair verilmiş xx.xx.1983-cü il tarixli, 198722 saylı orderə əsas olmuş (qərar, maliyyə arayışı və s) sənədlər haqqında məlumat və arxiv nüsxələrinin verilməsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə və Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə sorğu göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7- 909/17 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq, Şaumyan rayon İK tərəfindən verilən qərar və orderlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı bildirilmişdir. Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin 23/11-10 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 113 saylı evin, 29 saylı mənzilinə dair verilmiş xx.xx.1983-cü il tarixli, 198722 saylı order Şaumyan (Xətai) rayonu XDS İK tərəfindən sənədləşdirildiyindən, həmin rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Həmçinin tərəfindən müraciətə əlavə etdiyi Xətai rayonu İcra Hakimiyyəti başçısının T-57-091 saylı, xx.xx.2021-ci il tarixli məktubunda XDS İK-nın xx.xx.1983-cü il tarixli, 40/5a saylı qərarı əsasında verilmiş 198722 saylı orderə dair rayon İcra Hakimiyyətində heç bir məlumatın aşkarlanmadığı bildirilmişdir; Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 129 №-li Mənzil Tikinti Kooperativinin arayışından görünür ki, Proezd 829, kvartal 2935-A-1, ev 51-j sonradan dəyişdirilərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 113, mənzil 29 adlanmışdır; Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 129 №-li Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Gəncə prospektindəki 113 №-li, 9 mərtəbəli evin 6 mərtəbəsindəki 29,95 kvadrat metr sahəsi olan 29 saylı mənzil 1983-cü ildə istismara verilmişdir. Mənzilin icarədarı X3muşdur. Mənzilin qiyməti 8500 rubl olmuşdur. Dövlət ssuda borcları və kommunal xərcləri tam ödənilmişdir; “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X9 (xx.xx.1980) ünvan 3 ünvanda qeydiyyatdadır; İ-ЖГ № 349657 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X11 xx.xx.1975-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2388 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Talalayev, arvada Talalayeva soyadı verilmişdir; AZ-İİ 109023 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 iyul 2020-ci ildə Bakı şəhərində ölmüşdür; X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, mübahisə predmeti mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Gəncə prospekti, ev 113 ünvanı 129 saylı Mənzil-Tikinti Kooperativinin balansındadır. Bina kooperativ binadır, lakin həmin illərin arxiv sənədləri mövcud deyildir; Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti aparatı Mənzil kooperativ Təsərrüfatı İdarəsinin 129 №-li Mənzil Tikinti Kooperativinin 4 avqust 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 113 saylı bina, 129 saylı MTK-ya aiddir və onun balansındadır. Həmən binada olan 29 saylı mənzil də MTK 129-un balansındadır və mərhum X6 məxsusdur. Mənzildə qeydiyyatda olanlar: X8 (vəfat edib), X7 (arvadı) və X10 (qızı); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xətai rayonu, Gəncə prospekti, ev 113, mənzil 29 ünvanında xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, xx.xx.1980-ci il təvəllüdlü X9 yaşayış yeri üzrə qeydiyyatdadırlar; Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən bina 129 saylı Mənzil Tikinti Kooperativə məxsusdur. Ona görə də həmin binanın 29 saylı mənzilinə dair məhkəmə sorğusunda göstərilən məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 2-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir; 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Məhkəmə qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini sözügedən orderə əsas olmuş sənədlərin arxiv nüsxələrinin saxlanılmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, mübahisə predmeti mənzil Xətai Rayon XDS İK-nın xx.xx.1983-cü il tarixli, 40/5a saylı qərarı əsasında verilmiş 198722 saylı order (əslinə məhkəmə iclası zamanı baxış keçirilmişdir) əsasında iddiaçının ərinə ayrılmışdır. Həmin binanın məxsus olduğu 129 saylı Mənzil Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixli 0028 nömrəli arayışı ilə də sözügedən mənzilin iddiaçının ərinə məxsus olması təsdiq edilmişdir. Həmin orderin verilməsinə əsas olmuş sənədlərin arxiv nüsxəsinin saxlanılmasının iddiaçının iradəsindən və müdaxilə imkanından kənar olması nəzərə alındıqda, həmin hallar iddianın əsaslılığına təsir etmir və özlüyündə orderin mötəbərliyini şübhə altına almağa əsas vermir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113, 29 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113, 29 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar