Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8517/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı “pozulmuş mülkiyyət hüquqların bərpası” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 11 iyun 2007-ci il ildə Xocasən Bələdiyyəsinin qərarı ilə 200 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə 448 azn ödəyərək almışdır. 1-2 ildən sonra iddiaçının da torpağı daxil olmaqla böyük bir ərazinin hasara alındığını görmüşdür. X3 müraciət etsə də, məsələ öz həllini tapmamışdır. İddiaçı bildirir ki, iki dəfə də Heydər Əliyev fondunun prezidentinin qəbulunda olmuşdur. Onlar da aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlamışdırlar. İcra Hakimiyyəti də, Xocasən Bələdiyyəsi də öz növbəsində iki dəfə yazılı məktub şəklində bildirmişdir ki, bələdiyyənin səlahiyyəti yoxdur, gələcəkdə səlahiyyət verilərsə, məsələ yoluna qoyula bilər. xx.xx.2024-cü ildə cənab prezidentə məktub ünvanlamışdır. Onlar da öz növbəsində aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə, onlar da öz növbəsində Xocasən Bələdiyyəsinə ünvanlamışdır. Xocasən Bələdiyyəsi də göndərdiyi məktubda bildirmişdir ki, səlahiyyəti yoxdur, lakin məhkəməyə müraciət etməyini məsləhət görmüşdürlər. X5 Məmmədova bildirmişdir ki, əgər məhkəmənin müsbət qərarı olarsa, məhkəmə qərarı əsasında bələdiyyə iclasını çağırıb həll edə bilər.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, müəyyən edilmişdir ki, Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12/01 saylı qərarı ilə iddiaçının adına ayrılmış 200 kv.m torpaq sahəsi dövlət fondunun istifadəsindədir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsinin yeni torpaq sahəsi ilə əvəzlənməsi məsələsinin bələdiyyə iclasına çıxarılaraq, qərar qəbul edilməsi üçün məhkəmə qərarının olması mütləqdir.
4. Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12/01 nömrəli Qərarı əsasında 1.Alqı-satqı yolu ilə 600 kv.m. torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi haqqında Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05/17 saylı qərarının ləğv edilməsi, 2.Torpaq sahəsinin naturada bələdiyyəyə təhviltəslim qaydasında ilkin vəziyyətdə verilməsi nəzərə alınmaqla Xocəsən Bələdiyyəsinin xəzinəsinə daxil olmuş torpağın normativ satış qiymətinə uyğun məbləği vətəndaşa qaytarılması, 3.Əlavə edilmiş cizgilərdə göstərilən ölçü və ünvanlara uyğun olaraq 400 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X4, 200 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi, 4.X2 torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləği (hər kv.m. üçün. 2 man. 24 qəp. cəmi: 896 manat), vətəndaş İddiaçı torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləği (hər kv.m. üçün. 2 man. 24 qəp. cəmi: 448 manat) bələdiyyə büdcəsinə ödəyib qəbzi təqdim etməyi, 5.Mülkiyyətə verilmiş torpaq sahələrində tikiləcək tikililərin layihəsi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılması, 6.Torpaq sahələrinə mülkiyyət hüququna dair Reyesterdən çıxarışın verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə müraciət edilməsi, 7.Mülkiyyətə verilmiş torpaq sahəsinin naturada vətəndaşlara təhvil verilməsi və alqı-satqı aktları ilə rəsmiləşdirilməsi bələdiyyənin, icra aparatına tapşırılması qərara alınmışdır.
5. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
6. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
9. Azərbaycan Respublikası Konstitusiyasından: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsindən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
11. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12/01 nömrəli Qərarı əsasında xx.xx.2024-cü il tarixli 200 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir.
12. Məhkəmə müəyyən edir ki, iddiaçının izahatına əsasən hazırda həmin torpaq sahəsinin ərazisində başqa naməlum şəxs tərəfindən iddiaçının razılığı olmadan qanunsuz olaraq hasar çəkilmiş və iddiaçının torpaq sahəsi qanunsuz zəbt edilmişdir.
13. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi torpaq sahəsinin başqa naməlum şəxs tərəfindən zəbt edilməsi səbəbilə Xocəsən Bələdiyyəsinin qərarı əsasında ona ayrılmış torpaq sahəsinin yeni torpaq sahəsi ilə əvəzlənməsidir.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktuba əsasən Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12/01 saylı qərarı ilə iddiaçının adına ayrılmış 200 kv.m torpaq sahəsi dövlət fondunun istifadəsindədir.
15. Məhkəmə digər tərəfdən nəzərə alır ki, hazırda cavabdeh qurumun iddiaçıya vaxtilə alqısatqı yolu ilə ayrılmış torpaq sahəsinin əvəzində yeni torpaq sahəsi ayırmaq vəzifəsi (səlahiyyəti) yoxdur.
16. Odur ki, iddiaçının hüquqi marağına uyğun səmərəli hüquqi müdafiə vasitəsi torpaq sahəsinə istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması ilə bağlı hüquqlarını pozan şəxsə qarşı “mülkiyyət hüququna qanunsuz müdaxiləyə son qoyulması” barədə iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək və ya dövlət mülkiyyətində olan torpaq sahəsini ayırdığı təqdirdə cavabdeh Xocəsən bələdiyyəsindən ona ayrılmış torpaq sahəsinin əvəzində bazar dəyəri nəzərə alınmaqla ağlabatan və ədalətli məbləğdə kompensasiya məbləğinin ödənilməsini tələb etməkdir.
17. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva