Məhkəmə qərarları › İş №2-1(112)-8519/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8519/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8519/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı ilə, İddiaçı MMMC-nin cavabdeh Milli Gəlirlər Baş İdarəsinin X1 Qeydiyyatı İdarəsinə (üçüncü şəxs:"xxxx" MTK) qarşı “hüquqi şəxsin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMMC cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “hüquqi şəxsin ləğv edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK Bakış, Nəsimi r, C.Məmmədquluzadə küç 108 ünvanda yerləşən binada mülkiyyətçilərin 51-dən çoxunun mülkiyyət hüququ əldə etməsi ilə əlaqədar olaraq qarşısına qoyduğu məqsədi əldə etsə də, MMMC-yə çevrilməsini və ya ləğv edilməsini həyata keçirməmişdir. Bununla da Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbləri pozulmuşdur. Dövlət Vergi Xidməti isə qanunvericiliyin tələblərinə uyğun olmayaraq adıçəkilən MTK-nın ləğv edilməsi ilə bağlı heç bir tədbir görməməkdədir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə vermiş və məhkəmə qərardadı ilə dəqiqləşmə icraata qəbul edilərək cavabdeh X1 Qeydiyyat İdarəsi müəyyən edilməklə, iddia İddiaçı MMMC-nin cavabdeh Milli Gəlirlər Baş İdarəsinin X1 Qeydiyyat İdarəsinə qarşı "xxxx" MTK-nın ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. Sonradan iddiaçı 30 avqust 2023-cü il tarixdə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə iddia "xxxx" MTK-nın ləğv etmə prosesinin başlanılması barədə tələb irəli sürülməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmə tərəfindən iddia tələbi "xxxx" MTK-nın ləğv etmə prosesinin başlanılması barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsi formasında icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə "xxxx" MTK zəruri cəlb edilmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Cavabdehin məhkəməyə təqdim etdiyi etirazın mahiyyətindən görünür ki, cavabdeh hesab edir ki, iddiaçı MTK-nın çevrilməsi nəticəsində yaranmadığından Mənzil Məcəlləsinin 109.5-ci maddəsində nəzərdə tutulmuş tələbin hazırkı mübahisəyə tətbiqindən söhbət gedə bilməz. Hüquqi şəxsin hazırkı mübahisə üzrə ləğvi Mülki Məcəllənin 59-61-ci maddənin tələblərinə əsasən həmin müddəalara uyğun sənədlər vergi orqanına təqdim edildiyi təqdirdə aparıla bilər. Cavabdeh tərəfindən təqdim edilən sənədlərdən, o cümlədən vergi uçotuna alınma barədə ərizədən görünür ki, MMMC MTK-nın çevrilməsi nəticəsində yox, təqdim edilən ərizə və aidiyyəti digər sənədlər əsasında ilkin qeydiyyat formasında, uçota alınmışdır. Üçüncü şəxsin etirazının mahiyyətindən aydın olur ki, üçüncü şəxs hesab edir ki, MTK-nın ləğv edilməsi ümumi yığıncağın səlahiyyətinə aiddir. Ədliyyə Nazirliyinin məktublarından görünür ki, İddiaçı MMMC-nin hər hansı hüquqi şəxsin bazasında və çevrilməsi yolu ilə yaradılması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Sözügedən maddəyə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Göründüyü kimi iddiaya mahiyyəti üzrə baxılması onun mümkünlük şərtlərinin ödənilməsindən asılıdır ki, iddiaçının iddia qaldırmasına münasibətdə subyektiv hüquqa malik olması da iddianın mümkünlük şərti qismində çıxış edir. Lakin, hazırkı iş üzrə iddiaya münasibətdə ümümi mümkünlük şərti kimi iddiaçının subyektiv hüquqa malik olmalı olması ilə bağlı şərt ödənilmir. Məhkəmə, iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı məsələyə qiymət verərkən hüquqi şəxsin ləğv edilməsi ilə bağlı aşağıdakı normaların tələblərinin nəzərə alınmalı olmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, X1 qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 110.1. Mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz. 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyriyaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 120.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıda göstərilən binaların (evlərin) sahə mülkiyyətçiləri tərəfindən yaradıla bilər: 120.2.1. ən azı iki mənzilin yerləşdiyi binaların; 120.2.2. ən azı bir mənzil və digər mülkiyyətçiyə məxsus bir qeyri-yaşayış sahəsi olan binaların; 120.2.3. sahələri çoxmənzilli binanın müxtəlif (ikidən az olmayan) sahə mülkiyyətçilərinə məxsus olan, ümumi torpaq sahəsində və ya bir neçə qonşu (həmsərhəd) torpaq sahələrində yerləşən, eyni mühəndis-texniki təminat şəbəkələri və digər infrastruktur elementləri ilə birləşmiş bir neçə çoxmənzilli binanın; 120.2.4. ümumi torpaq sahəsində və ya bir neçə qonşu (həmsərhəd) torpaq sahələrində yerləşən, eyni mühəndis-texniki təminat şəbəkələri və digər infrastruktur elementləri ilə birləşmiş bir neçə yaşayış evlərinin. 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. Mülki Məcəllənin: 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə;[57] 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayəthüquqi tədbir tətbiq edildikdə. 59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. 59.3. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. 61.1. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında X1 qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. 61.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü X1 qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. X1 qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “X1 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq X1 reyestrinə daxil edir. Bundan sonra hüquqi ºəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. 109-3.Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.5. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. 113.2. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. “X1 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: 16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların X1 reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.[96] 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 16.1-1.1. ləğvetmə qərarı; 16.1-1.2. ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; 16.1-1.3. Azərbaycan Respublikasında X1 qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür. 16.1-2. Təqdim edilmiş sənədlər bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir. Yuxarıda adıçəkilən müddəaların tələblərindən də göründüyü kimi hüquqi şəxsin ləğv edilməsi, ləğv edilməsində iştirak xüsusiyyətləri, MTK və MMMC-lərin fəaliyyəti, MTK və MMMC-lərin, o cümlədən onun orqanları və üzvlərinin hüquqi və vəzifələri öz əksini adıçəkilən müddəalarda tapmışdır. Hazırkı inzibati mübahisə onunla bağlıdır ki, iddiaçı yuxarıda adıçəkilən Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə istinad edərək həmin maddənin tələbinin kobud pozulduğu iddiasındadır. Maddənin mahiyyətindən də göründüyü kimi MTK-da tikinti başa çatmış, yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ əldə edilmişsə mənzil-tikinti kooperativinin ya ləğv edilməli, ya da mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Lakin, iddiaçı nəzərə almamışdır ki, həmin prosedur qaydanın tələblərinə əməl edilməməsinə nəzarət MMMC-yə yox, MTK-nın üzvlərinin iştirak etdiyi Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələdir. Yuxarıda adıçəkilən Mülki Məcəllənin 111.3-cü maddəsinin tələbindən də müəyyən edildiyi kimi kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək, kooperativ üzvlərinin iştirakı olub-olmasından asılı olmayaraq hər hansı hüquqi şəxsə yox, məhz həmin üzvlərin iştirakçısı olduğu ümumi yığıncağın səlahiyyətinə aiddir. İşin faktiki hallarından isə görünür ki, Kooperativin üzvləri olan, pay haqqının ödəmiş şəxslər ümumi yığıncaqda iştirak edərək hüquqi şəxsin ləğv edilib-edilməməsi, çevrilib-çevrilməməsi məsələsi həll etmək, həmin məsələni səs vermə vasitəsi ilə qiymətləndirmək əvəzinə ayrıca hüquqi şəxs olan MMMC yaratmaqla vergi orqanı vasitəsi ilə həll etməyə çalışır. Halbuki, vergi orqanı yalnız 59.3-cü maddədə nəzərdə tutulmuş hüquqi şəxsin ləğv edilməsi tələbini tələb irəli sürmək hüququna malikdir ki, Mülki Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar müəyyən edilmiş olsun. Həmin əsaslar isə onunla bağlıdır ki, hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığ hal, lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə olan hallar hazırkı işin hallarına uyğun gəlmir. İddiaçının istinad etdiyi qarşıya qoyulan məqsədə nail olma 59.2.1ci maddə ilə əlaqədardır ki, həmin hallarda iddia vermək səlahiyyəti vergi orqanına verilməmiş, səlahiyyət Kooperativin ümumi yığıncağına, dolayısı ilə orada iştirak edən üzvlərə verilmişdir. Doğrudur Kooperativin üzvü olmaq fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərə məxsus olan hüquqdur. Lakin, iddiaçı hazırkı iddianı Kooperativin üzvü olan hüquqi şəxs kimi qaldırmamışdır. Qeyd olunmalıdır ki, iddiaçının təşkilatı hüquqi formasının MMMC olması da vəziyyəti mümkünlük baxımından dəyişmir. Belə ki, MMMC formasında olsa da iddiaçı Kooperativin ümumi yığıncağının müstəsna səlahiyyətə aid olan kooperativin ləğv edilməsi ilə bağlı halın ümumi yığıncaqda səsvermədən kənar məhkəmə qaydasında vergi orqanına qarşı iddia irəli sürməklə həll edilməsinə münasibətdə subyektiv hüquqa malik deyildir. Bu zaman MMMC-nin üzvlərinin Kooperativin üzvü olan və ya üzvü olmalı olan şəxslərdən ibarət olması da vəziyyəti subyektiv hüququn mövcudluğu baxımından dəyişmir. Hazırkı halda MMMC ilə Kooperativ üzvlərinin Kooperativlə bağlı olsa da başqa hüquqi şəxs yaratması və hazırkı iddia formasında iddia qaldırması arasında hər hansı fərqləndirmə mövcud deyildir. Aidiyyəti üzrə təqdim edilən sorğulara cavab məktubundan da göründüyü kimi MMMC adıçəkilən MTK-nın bazasında yaradılmayan, sadəcə olaraq üzvləri baxımından müəyyən hissədə üst-üstə düşən şəxslərdən ibarətdir. Adıçəkilən üstüstə düşmə, Kooperativin üzvü olan və ya olmalı olan şəxslərdən ibarət MMMC-nin Kooperativin üzvlərinin iştirakı ilə ümumi yığıncaqda həyata keçirməli olan məsələlərə müdaxiləsinə mahiyyəti üzrə düz olsa belə əsas vermir. Qeyd olunmalıdır ki, adıçəkilən MMMC-nin üzvləri olan şəxslərin Kooperativin ümumi yığıncağını çağırması, onun fəaliyyətində nəzərdə tutulmuş məqsədlərə çatması səbəbindən ləğvini və ya çevrilməsini tələb etməklə bağlı hazırkı iş hər hansı maneə törətmir. Kooperativin ümumi yığıncağının qərarı kooperativin hüquqi müqəddaratı ilə bağlı müstəsna nəticə yaradan aktdır. İddiaçı isə, daha sadə üsulla həll edilə biləcək məsələni, inzibati orqandan, onun səlahiyyətinə aid olmadan məhkəmə qaydasında tələb edir ki, məhkəmə kooperativ üzvlərinin səlahiyyətinə müdaxilə xarakteri daşıyan hazırda iddianın subyektiv cəhətdən mümkünlük şərtlərini ödəmədiyi qənaətindədir. Sadə misal olaraq iddiaçıya həmin halın daha aydın olması üçün qeyd edilə bilər ki, iddiaçının üzvü olan eyni şəxsin Kooperativin üzvü kimi iştirakı arasında hər iki hüquqi şəxsə münasibətdə fərqli mövqeyi mövcud olması istisna edilmir. Belə ki, MMMC-nin üzvü olan, həm də kooperativ üzvü hüquqi şəxsin ləğvinin əleyhinə ola bilər ki, bu səbəbdən də həmin şəxsin mövqeyi məhz ümumi yığıncaq zamanı kooperativin ləğv və ya çevrilməsi ilə bağlı səsvermədə nəzərə alınır. Həmin şəxsin MMMC-də fəaliyyəti və almış olduğu qərarlar isə, nə qədər ki, Kooperativin ümumi yığıncağında iştirak edilmədən, səsverməyə cəlb edilmədən verilib, hüquqi şəxsin ləğvi və ya ümumi yığıncağın müstəsna səlahiyyətinə aid digər məsələlər üçün əhəmiyyət daşımır. Əks halda ümumi yığıncağın səlahiyyətinə aid olan istənilən məsələ, misal üçün kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq, kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək və s MMMC-yə də məxsus olmalıdır ki, məhkəmə hesab edir ki, həmin hüquqlara necə MMMC malik deyildirsə, kooperativin ləğv edilməsi ilə bağlı hüquqlara da iddiaçı malik deyildir. Başqa sözlə MMMC kooperativin orqanlarını seçmək və onlara seçilmək kimi hüquqlara malikdirsə, deməli hüquqi şəxsin ləğvi hüququna da malikdir, malik deyildirsə deməli həmin hüquqlar iddiaçıya aid deyildir. Göründüyü kimi MMMC-nin ayrıca hüquqi şəxs kimi kooperativin ləğv edilməsini vergi orqanı qarşısında tələb etməyə hüququ mövcud deyildir. Lakin, MMMC-nin üzvlüyü ilə yanaşı, Kooperativdə pay haqqını ödəmiş üzvü olan və ya olmalı olan şəxslər tərəfindən ümumi yığıncaq keçirilərkən kooperativin ləğv edilməsi məsələsinə dair müraciət etmək, bununla bağlı mübahisə yarandığı təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək hüququ mövcuddur ki, hər bir halda MMMC-nin hər hansı hüququndan söhbət gedə bilməz. Belə ki, adıçəkilən üzvlər özlərinə məxsus olan hüququ müstəsna olaraq şəxsən və nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər ki, həmin hüquqların həyata keçirilməsi vasitəsi MMMC-nin yaradılması demək deyil. Göründüyü kimi iddiaçının üzvləri Kooperativin ümumi yığıncağında iştirak edərək öz hüquq və vəzifələrini realizəsini həyata keçirmək əvəzinə, Kooperativə alternativ kimi MMMC yaratmışdır ki, həmin MMMC-nin yaradılması Kooperativin ləğvinə dair mübahisə açmaq üçün subyektiv hüququn mövcud olması yuxarıda qeyd olunan səbəblərdən demək deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar