Məhkəmə qərarları › İş №2-1(112)-852/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-852/2020

24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-852/2020 24.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı4 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin üzərinə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi hərəkətinin təmin edilməsi və toplantının dinc, silahsız keçməsi üçün müvafiq tədbirlər görülməsi öhdəliyinin qoyulması haqqında” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinə (yığıncaqlar və birləşmək hüququ), Azərbaycan Respublikası Konstitusiyasının sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən cavabdehə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi hərəkətini təmin etməyə və toplantının dinc, silahsız keçməsi üçün müvafiq tədbirlər görmək öhdəliyinin qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-852/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçılar Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsində (yığıncaqlar və birləşmək hüququ), Azərbaycan Respublikası Konstitusiyasının sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci maddəsində göstərilən toplantının keçirilməsi barədə xəbərdarlıq hüququndan istifadə edərək, cavabdehə 03 dekabr 2019-cu il tarixli ərizə ilə müraciət etmişlər. Xəbərdarlıq məktubunda iddiaçılar (7 nəfərlik ailə üzvü ilə birlikdə) hüquqlarının pozulmasına X1 mandata əməl etmədən biganə qalmasına etiraz etmək üçün 10 dekabr 2019-cu il tarixdə, saat 10:00-da Beynəlxalq İnsan Hüquqları günü münasibətilə X1 ünvan 1 ünvanı qarşısında piket keçirib (15 dəqiqə) müvafiq qətnaməni təqdim etməklə, eyni zamanda, 1999-cu ilin may ayından Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən onlar tərəfindən Niderland krallığında yaradılan Fintur Holdings B.V. şirkəti, İsveç Krallığı və Finlandiya Respublikasında qeydiyyatdan keçib, hal-hazırda bu dövlətlərdə fəaliyyət göstərən Telia Sonera Şirkəti, Türkiyə dövlətinin “Türkcell” şirkəti və törəmə müəssisəsi olan “Azercell” şirkəti, Bakı şəhər İcra Hakimiyyətinin ofis tikmək üçün heç bir kompensasiya ödəmədən zor tətbiq edərək dağıdılmasına 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günündə münasibəti ilə hüquqlarının pozulmasına etiraz etmək üçün Niderland Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 3 ünvanı qarşısında, 10 dekabr 2019-cu il tarixdə saat 12:00-da Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 4 ünvanı qarşısında, İsveç Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Nəsimi rayonu, Nizami 340 məhəllə ünvanı qarşısında 10 dekabr 2019-cu il tarixdə saat 16:00-da piket keçirib (15 dəqiqə) müvafiq qətnamə təqdim etməklə yekunlaşacağı bildirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən göndərilmiş cavab məktubu ilə piketin keçirilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı4 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.4-cü maddəsinə görə inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə İddiaçı2 izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbinin irəli sürülməsinə səbəb iddiaçılar tərəfindən birlikdə məhz 10 dekabr 2019-cu il tarixdə müxtəlif saatlarda X1, Niderland Krallığının, İsveç Krallığının və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliklərinin qarşısında piket keçirilməsindən ibarət olan kollektiv müraciətin cavabdeh tərəfindən təmin edilməməsi olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Avropa Məhkəməsinin presedent hüququndakı mövqeyinə görə Məhkəmə təkrar edir ki, nümayişi təşkil edən assosiasiyalar və digərləri demokratik prosesin faktorları kimi qüvvədə olan normalara əməl etməklə həmin prosesi tənzim edən qaydalara hörmətlə yanaşmalıdırlar (baxın: “X2rşı” (Oya Ataman v. Turkey, no. 74552/01, § 38, ECHR 2006- Xİİİ)). Nümayiş, onun təbliğ etmək istədiyi ideyalara müxalif olan şəxsləri narahat edə və ya incidə bilər. Bununla belə, iştirakçılar opponentləri tərəfindən fiziki zorakılığa məruz qalmaqdan qorxmadan nümayişini keçirə bilməlidirlər. Əsl, səmərəli dinc toplamaq azadlığı, bu səbəbdən, Dövlətin müdaxilə etməmək vəzifəsi ilə məhdudlaşa bilməz: bu neqativ konsepsiya Maddə 11-in predmet və məqsədi ilə uyğun olmazdı. 8-ci maddə kimi, maddə 11 bəzən, hətta fərdlər arasındakı münasibətlərlə bağlı sahələrdə belə ehtiyac olduqda pozitiv addımların atılmasını tələb edir (bax, Plattform “Ärzte für das Leben” v. Austria, 21 iyun 1988, § 32, Series A no. 139). Fərdlərin 11-ci maddə hüquqlarını məhdudlaşdıran hərəkətlər etdiyi hallarda dövlət orqanları, onların müdafiəsini təmin etmək üçün bu fərdlərin arasındakı münasibətlərə müdaxilə etməli ola bilərlər. Bu, belə maddə 11 hüquqlarını təmin etmək üçün aktiv polis tədbirlərinə ehtiyacı və bu hüquqların həyata keçirilməsinə təsir edən zorakı insidentlərin araşdırılması öhdəliyini əhatə edə bilər (bax,Ouranio Toxo and Others v. Greece, no. 74989/01, § 43, ECHR 2005X (çıxarışlar). Məhkəmənin qənaətinə görə hazırkı iddiaya mahiyyəti üzrə baxılması o vaxt mümkün sayıla bilər ki, məhkəmədə iddia irəli sürülməmişdən əvvəl inzibati orqan tərəfindən onun səlahiyyətli və borclu olduğu məsələlərlə əlaqədar müvafiq şəxslərin məhdudlaşdırılmış və pozulmuş hüquqlarının məhkəmə tərəfindən bərpa ediləcəyi halda həmin hüquqların gələcəkdə realizə edilməsi və ya həyata keçirilməsi də mümkün olsun. Başqa sözlə, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən cavabdeh orqana müraciətin edilməsində əsas məqsəd onlar tərəfindən məhz konkret tarixdə, yəni 10 dekabr 2019-cu ildə, müxtəlif saatlarda X1, Niderland Krallığının, İsveç Krallığının və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliklərinin qarşısında piket keçirilməsindən ibarət olmuşdur. İddiaçılar isə hazırkı durumda artıq keçmiş tarixdə (10 dekabr 2019-cu il) onlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş hüququn gələcəkdə və konkret olmayan tarixdə keçirilməsinə köməklik göstərilməsini (piketin keçirilməsinintəmin edilməsini və bununla bağlı lazımi şəraitin yaradılmasını) məhkəmədən xahiş etmişlər ki, bu halda da, keçmişdə həyata keçirilməsi planlaşdırılmış və pozulduğu iddia edilən hüququn gələcəkdə, qeyri-müəyyən tarixdə və şəraitdə həyata keçirilməsinin təmin edilməsi və bununla bağlı uyğun şəraitin yaradılması ilə əlaqədar cavabdeh orqanın üzərinə konkret olmayan öhdəliyin qoyulması absurddur. İnzibati-Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati-Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçılara izah edilir ki, yenidən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə əlaqədar (piket keçirilməsi ilə əlaqədar) müvafiq icra hakimiyyətinə (Bakı şəhər İcra Hakimiyyətinə) müraciət edə, əsassız səbəblərdən xahişləri təmin edilmədiyi təqdirdə isə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar