Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8520/2025 17.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X3, üçüncü şəxslər X10, X15 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X11, X12, X10, X16, X15, X13, X7 və X4) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilindən X2, X11, X12, X10, X16, X15, X13 və X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X11, X12, X10, X16, X15, X13 və X7 (bundan sonra – üçüncü şəxslər) iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. xx.xx.2015-ci il təvəllüdlü X16 azyaşlı olduğundan onun atası, X15 iş üzrə onun qanuni nümayəndəsi qismində cəlb edilmişdir. Üçüncü şəxs X10 cavabdehlər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ünvan 2 ünvanı üzrə daimi yaşayış və qeydiyyat faktının hüquqi əsasla tanınması, mülkiyyət və qeydiyyatla bağlı istənilən mübahisəli məsələlərdə Forma 2 və arayışların hüquqi sübut kimi qəbul edilməsi, əgər ziddiyyətli çıxarış və ya qeydiyyat sənədi təqdim olunarsa, müvafiq araşdırmanın aparılaraq hüquqlarının müdafiə olunmasının təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati iş üzrə üçüncü şəxs X10 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi mümkün sayılmamışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X4 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Üçüncü şəxslərin onun mənzili ilə bağlı heç bir əlaqələri qalmamışdır. Beləliklə, bu şəxslərin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli və yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmalıdırlar. Çünki onların həmin mənzilə qeydiyyatı formal xarakter daşımaqla yanaşı, mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Digər tərəfdən də, bu şəxslərin mənzilində formal qeydiyyatda olmalarına görə, mülkiyyətçi adambaşına hesaba alınan kommunal xidmət haqları da ödəməli olur. Bununla bağlı ilkin olaraq cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın mümkünlüyü məsələsinin məhkəmə iclasında müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək həmçinin bildirdi ki, mənzilin digər paylı mülkiyyətçisinə məhkəmə iclası barədə məlumat verib. Lakin, onun iştirakını təmin edə bilmir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın mümkün hesab edilərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X10, X15 və X13 iddianın rədd edilməsini xahiş etdilər. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddiaçı hazırkı iddia tələbində üçüncü şəxslərin ona məxsus ünvan 2 (yeni qaydalarla: AZ 1138, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********25-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 1 İddiaçı (iddiaçı) və X1 (üçüncü şəxs) paylı mülkiyyətindədir. Yəni sözügedən fərdi yaşayış evinin mülkiyyətçisi təkcə iddiaçı deyil və həmin evə dair sərəncam vermək üçün hər ikisinin razılığı mütləqdir. Azəbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər (213.6.). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (215.1.). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər (215.4.). Göründüyü kimi ünvan 2 (yeni qaydalarla: AZ 1138, ünvan 1 iddiaçının və üçüncü şəxs X1 paylı mülkiyyətindədir. Belə olan halda iddiaçı X1 razılığı olmadan mənzildə qeydiyytada olan şəxslərin oradan qeydiyyatdan çıxarılmalarını tələb edə bilməz. Bunun üçün o, ya X4 ilə birlikdə iddia qaldırmalı idi, ya da ki, üçüncü şəxslərin evdən qeydiyyatdan çıxarılmalarına X1 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi məhkəməyə təqdim edilməliydi. Belə ki, üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları X1 maraqlarına uyğun və ya zidd olması yalnız onun iradə ifadəsi ilə müəyyən edilə bilər. İddiaçı isə təkbaşına həmin tələbi irəli sürməkdə subyektiv hüquqa malik deyildir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8520/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8520/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver