Məhkəmə qərarları › İş №2-1(112)-8522/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8522/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8522/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi- 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Cavabdeh tərəfindən doğum faktı qeydə alınaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Anası İsazadə (qızlıq soyadı: Abbəkirova) Əminə Ramiz qızı xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş, o, Azərbaycan Respublikasının vətəndaşıdır. X1 xx.xx.1972-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub, atası Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynləri xx.xx.1994-cü il tarixdə Bakı şəhərində nikaha daxil olmuşlar. O, 2003-cü ildə Bakı şəhəri 74 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş və 4-cü sinfə qədər həmin məktəbdə təhsil almışdır. xx.xx.2008-ci il tarixdə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayon 12 nömrəli tam orta məktəbin 5-ci sinfinə qəbul edilmiş və 8-ci sinfə kimi həmin məktəbdə təhsil almışdır. Təhsildən yayındığı üçün xx.xx.2012-ci il tarixdə məktəbdən xaric olunmuşdur. Bildirmək istəyir ki, o, doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün heç vaxt şəxsiyyət vəsiqəsi ilə təmin olunmamışdır. Hazırda onun 24 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, o, vətəndaşsızlıq halında olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Onun doğumu Cavabdeh tərəfindən qeydiyyata alındığı üçün xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 931-05/15 saylı məktubla onun müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: “Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7-ci bəndinə əsasən, "Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, "Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir ”. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra vətəndaş müvafiq şəhadətnamə ilə təmin olunacaqdır". Hesab edir ki, cavabdehin bu cavabı tamamilə əsassızdır. Belə ki, cavabdeh onun ərizəsini təmin etməkdən imtina edərkən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarının 9.7-ci bəndinə istinad etmişdir. Halbuki, bu müddəa ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş şəxslərə aiddir. İşin hallarından görünür ki, onun şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu müstəsna haldır, lakin, bu vəziyyət onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu halda ona doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu, onun şəxsi və əmlak hüquqlarımın pozuntusu ilə nəticələnir. Bu səbəbdən də, şəxsiyyət vəsiqəsinin olmaması onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyindən imtina üçün legitim səbəb təşkil edə bilməz. İşin yuxarıda qeyd edilən hallarından bəllidir ki, əslində doğum haqqında təkrar şəhadətnamə ona elə şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmədiyi üçün lazımdır. Belə ki, artıq onun 24 yaşı olmasına baxmayaraq doğum haqqında şəhadətnaməsini itirdiyi üçün heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Onun Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilməsi üçün onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunması vacibdir. Doğum haqqında şəhadətnamə ona Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün lazımdır. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün o, ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən orqanlarına doğum haqqında şəhadətnaməsini təqdim etməlidir. Belə ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Əsasnamənin 2.2.ci bəndinə əsasən, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri də, vətəndaşın doğum haqqında şəhadətnaməsidir. O, isə yuxarıda qeyd etdiyi səbəblərdən Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən orqanlarına doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün şəxsiyyət vəsiqəsi ilə də təmin oluna bilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün həm də, “onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Bunun üçün isə o, Dövlət Miqrasiya Xidmətinə də, doğum haqqında şəhadətnaməsini təqdim etməlidir ki, DMX "onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi" ilə əlaqədar icraat apara bilsin. Belə ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci bəndinə görə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biri də, doğum haqqında şəhadətnamədir. O, isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün doğum haqqında şəhadətnaməsi yuxarıda qeyd etdiyim səbəblərdən təqdim edə bilmədiyi üçün “onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi" ilə əlaqədar icraatın aparılması mümkün olmur, nəticədə şəxsiyyət vəsiqəsi ilə də, təmin olunması mümkün olmur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün o, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də, cavabdehə müraciət edərkən ərizəsinə şəxsiyyətini təsdiq etmək üçün himayə sənədini və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayışı əlavə etmişdir. Onun şəxsiyyətini, yəni onun kim olması artıq dövlət qurumları tərəfindən tanınıb. Belə ki, BMT QAK-ın verdiyi himayə sənədi əsasında o, DMX tərəfindən ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, onun şəxsiyyəti BMT QAK-ın verdiyi himayə sənədindən müəyyən edilir. Belə ki, DMX onun şəxsiyyətini ona BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında müəyyən edib, əks təqdirdə onu həmin sənəd əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almazdı. Bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətində olduğu yer üzrə qeydiyyatı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Nümayəndəliyin məlumatları (himayə sənədi) əsasında aparılır. Qeyd edir ki, BMT QAK-ın verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla DMX həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatını aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı aparıla bilər. Bununla da, DMX onu olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən edib. Yuxarıda göstərilənlərdən də, görünür ki, onun şəxsiyyəti artıq bir rəsmi dövlət qurumu tərəfindən müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, digər dövlət qurumunun onun müəyyən edilmiş şəxsiyyətini mübahisələndirməyə əsası yoxdur. Cavabdeh himayə sənədi əsasında onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etməkdən imtina etməsi dövlət hakimiyyət orqanlarının hərəkətlərində ziddiyyət təşkil edir, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən etimad hüququnun qorunması prinsipini pozur. Bundan başqa, BMT QAK tərəfindən verilən himayə sənədi artıq bir çox dövlət orqanları tərəfindən şəxsiyyəti təsdiq edən sənədə bərabər sənəd kimi qəbul edilir. Misal üçün, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş vətəndaşlığı olmayan şəxslər də sığortaolunan hesab edilirlər. Onlar BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında (İndividual İD nömrəsi əsasında) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən sığortaolunan kimi qeydə alınırlar. Göründüyü kimi, heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyən və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmiş vətəndaşsızlıq vəziyyətində olan şəxslərin şəxsiyyəti İTSDA tərəfindən tanınmışdır, əks halda şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərin sığortaolunan kimi qeydiyyata alınması da, mümkün olmazdı. Həmçinin, X8 (DİM (keçmiş Tələb Qəbulu üzrə Dövlət Komissiyası)) imtahan vermək üçün müraciət edən şəxslər şəxsiyyəti təsdiq edən başqa sənədləri olmadığı halda himayə sənədini təqdim etmişlər və həmin sənəd DİM tərəfindən qəbul edilmiş, həmin şəxslər imtahanlarda iştirak etmişlər. Eyni zamanda, şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxslər Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunduqları təqdirdə, həmin təhsil müəssisələrində himayə sənədi əsasında təhsil alırlar. Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxsləri orta məktəblərə həmin sənəd əsasında qəbul edir. Bundan başqa, yetkinlik yaşına çatmış, lakin heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmayan, yaxud bu cür sənədlə təmin olunması mümkün olmayan şəxslərin şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT Qak tərəfindən verilmiş himayə sənədi və olduğu yer üzrə qeyiyyata alınmaları barədə DMX tərəfindən verilmiş arayış əsasında doğum akt qeydlərinin bərpa edilməsi, doğum faktlarının qeydiyyatı və onların doğum haqqında (ilkin, yeni və təkrar) şəhadəntamə ilə təmin edilmələri ilə əlaqədar çoxsaylı məhkəmə aktları mövcuddur. Həmin məhkəmə aktlarında göstərilmiş hüquqi mövqelərdən görünür ki, müxtəlif dövlət orqanları BMT QAK-ın himayəsində olan şəxslərə verdiyi himayə sənədini onların şəxsiyyətini təsdiq edən sənədə bərabər tutur. DMX-də onu himayə sənədi əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almaqla həmin sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edib. Odur ki, hesab edir ki, onun şəxsiyyəti bəlli olduğu üçün və doğum haqqında təkrar şəhadətnamə ona onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün lazım olduğundan cavabdeh BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisidnə olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etməli idi. Doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməməsi onun şəxsiyyəti təsdiq edən sənədi olmayan apatrid (vətəndaşlığı olmayan şəxs( vəziyyətində yaşamasına səbəb olur ki, bu da, onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasının 8-ci maddəsilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı seçkiliyin qurbanı olur. Belə ki, o, şəxsiyyəti təsdiq edən sənədi omlayan apatrid vəziyyətində olan şəxs vəziyyətində olan şəxs kimi sosial müdafiədən, əmlaka sahib olmaq, başqa yerə getmək imkanından, dövlət xidmətlərinə çıxışdan və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun (xüsusən “Fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o, hüquqlara çatımlılığını itirir – hüquq subyekti kimi qəbul edilmir. Ona görə də, cavabdeh ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmi şarayış əsasında onu duğum haqqında təkrar şəhadətnamə ilə təmin etməli idi. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 931- 05/5 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın təsdiq edilməsi haqqında Qərarının 9.7-ci bəndinə əsasən, “Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığıa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə, təkrar şəhadətnamələr verilə bilər”. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsin əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir”. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra müvafiq şəhadətnamə ilə təmin olunacaqdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Birləşmiş Millətlər Təşkialtının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İsazadə X2 Millətlər Təşkialtının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən sənədsiz şəxs olaraq himayəyə götürülmüş və ***-*******4 saylı himayə sənədi ilə təmin edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 15/201 nömrəli arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan İddiaçı (himayə sənədi № ***-*******4) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti təərfinədn 09 iyul 2021-ci il tarixindən 08 iyul 2022-ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Cavabdeh tərəfindən 23 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı, 026463 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X6 ilə xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.1994-cü ildə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydi kitabında 1994-cü ilin 12-ci ayının 28-ci günündə, 1055 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İsazadə”, arvada “İsazadə” soyadı verilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AA1156505 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilmişdir ki, X9 xx.xx.1977-ci il təvəllüdlü olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydiyyatdadır. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AA0332521 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilmişdir ki, X6 xx.xx.1972-ci il təvəllüdlü olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydiyyatdadır. Məhkəmənin sorğusuna əsasən Cavabdeh tərəfindən xx/xx-1413 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş İddiaçı 1121 saylı, xx.xx.1997-ci il tarixli doğum haqqında akt qeydinin surətindən müəyyən edilmişdir ki, İddiaçı 13 iyul 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında xx.xx.1972-ci il təvəllüdlü X6, ana qrafasında xx.xx.1977-ci il təvəllüdlü X7 göstərilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 13 aprel 2022-ci il tarixli, 931-5/15 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə müraciət edərək “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən onun müraciətindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 9.7-ci bəndinə (-9.7-ci bənidnə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər tqədim edildikdə təkrar şəhadətnamələr verilə bilər.) istinad edilməklə, yəni iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməməsi əsası ilə təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçının qənaətinə görə, sözügedən Qaydaların müvafiq bəndi ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, o, şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir və ona bu barədə müvafiq himayə sənədi verilmiş, həmin himayə sənədi əsasında o, Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Beləliklə, həmin sənədlər əsasında onun şəxsiyyəti müəyyən edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 9.7-ci bəndində nəzərdə tutulmuş “Şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı məhz Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırki mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçı barəsində verilmiş ***-*******4 saylı hiayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Həmçinin işin hallarından görünür ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Qediyyat şöbəsi tərəfindən xx/xx-1413 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə idiaçının doğum akt qeydi təqdim edilmiş, həmin akt qeydindən müəyyən edilmişdir ki, İddiaçı 13 iyul 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası xx.xx.1972-ci il təvəllüdlü X6, anası isə xx.xx.1997-ci il təvəllüdlü X5r. Beləliklə, iddiaçının barəsində əvvəllər aparılmış doğum akt qeydi mövcuddur. Bu səbəbdən də, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarında da, (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1006/2019 saylı) ifadə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar