Məhkəmə qərarları › İş №2-1(112)-8523/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8523/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8523/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Səbzəli oğlunun Cavabdeh Əməliyyat İstintaq İdarəsinə qarşı (3-cü şəxslər: Binəqədi rayo İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti və 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) “istintaq qərarının icrasının təmin edilməməsinin səbəbinin araşdırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Səbzəli oğlunun Cavabdeh Əməliyyat İstintaq İdarəsinə qarşı (3-cü şəxslər: Binəqədi rayo İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti və 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) “istintaq qərarının icrasının təmin edilməməsinin səbəbinin araşdırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilməsi qərara alınmışdır. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Əvvəla qeyd olunmalıdır ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Cavabdeh Əməliyyat İstitnaq İdarəsinin İstintaq Şöbəsinin 13 aprel 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə ünvan 1 ünvanında yerləşən 47,48, 49,51 və 52 saylı mənzillərdə aparılmış təmir-tikinti işlərində cinayət hadisəsi olmadığı üçün cinayət təqibinin başlanılmasına rədd edilməsi, həmçinin ünvan 1 saylı binanın dayanıqlığının və zəlzələyə davamlığının tam təmin olunması üçün 47,48, 49, 51 və 52 saylı mənzillərdə layihə əsasında Tikinti Norma və Qaydalarına uyğun bərpa gücləndirmə işlərinin aparılması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətinə təqdimat göndərilməsi qərara alınmışdır. Təkzib olunmaz haldır ki, Azərbaycan Respublikası Cavabdeh Əməliyyat İstitnaq İdarəsinin İstintaq Şöbəsi öz səlahiyyətləri çərçivəsində prosessual hərəkətlərə riayət etmiş, mənzillərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə təqdimat göndərilmiş, iddiaçının müraciəti əsasında həmin təqdimat xx.xx.2021-ci il tarixdə təkrarən Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə göndərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cavabdeh Əməliyyat İstitnaq İdarəsi tərəfindən təqdimatın göndərilməsi ilə bağlı müvafiq prosessual hərəkətlər görülmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi cinayət işinin başlanılması haqqında qərar ilə göndərilən təqdimatın icra edilməməsi, yəni mənzillərdə təmir-bərpa işlərinin təmin edilməməsi əsaslarının müəyyən edilməsi təşkil edir. Halbuki, cavabdeh iddiaçının iddia etdiyi öhdəliklər üzrə cavabdehlik daşımır. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 221.1-ci maddəsi ilə təsbit olunmuşdur ki, ibtidai araşdırmanın aparılması zamanı müstəntiq cinayətin törədilməsinə imkan yaradan halları (səbəb və şəraiti) müəyyən etməlidir. Bu halları müəyyən etdikdə müstəntiq zərurət olduqda müvafiq hüquqi və ya vəzifəli şəxsin ünvanına cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərir. Həmin Məcəllənin 221.2-ci maddəsinə əsasən cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi haqqında müstəntiqin təqdimatına baxılması məcburidir, nəticəsi barədə bir ay müddətində müstəntiqə yazılı məlumat verilməlidir. Nəzərə alınmalıdır ki, cinayət prosessual fəaliyyətini tənzimləyən qanunvericilik bir mənalı olaraq ibtidai araşdırma zamanı müstəntiq tərəfindən göndərilmiş təqdimata baxılmasını və məcburi olaraq bir ay müddətində müstəntiqə yazılı məlumat verilməsini şərtləndirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cavabdeh Əməliyyat İstitnaq İdarəsinin İstintaq Şöbəsi tərəfindən 3734-02461 saylı, xx.xx.2020-ci il tarixli təqdimata baxılmış, bununla bağlı Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən cavab məktubları (iddia ərizəsinə əlavə olunmuşdur) aidiyyəti üzrə cavabdehə göndərilmişdir. Göründüyü kimi cavabdeh orqan tərəfindən cinayət işinin başlanılmasına rədd edilməsi barədə qərarda göstərilənlər əsasında təqdimat aidiyyəti üzrə göndərilmiş, təqdimat üzrə müvafiq cavab cavabdehə ünvanlanmışdır. Təqdimatın icrasına gəldikdə isə nəzərə alınmalıdır ki, təqdimatın icrasının təmin edilməsi, yəni mənzillərdə təmir-bərpa işlərinin aparılması və ya təqdimatın icra edilməməsi əsaslarının müəyyən edilməsi cavabdehin inzibati icraat çərçivəsində nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi bilavasitə cinayət işinin başlanılması haqqında qərar ilə göndərilən təqdimatın icra edilməməsinin əsaslarının müəyyən edilməsinə yönəldiyindən, hazırki mübahisə üzrə Cavabdeh Əməliyyat İstintaq İdarəsi cavabdehlik daşımır. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə hazırki tələb üzrə yaranan mübahisənin mahiyyəti inzibati hüquq münasibətlərini ehtiva etmir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, doğrudur ki, cavabdeh qismində çıxış edən orqan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 19-cu bəndində mərkəzi yerli icra hakimiyyəti hesab olunur. Hazırki mübahisə zahirən inzibati hüquq sahəsinə aid mübahisə kimi (cavabdehin inzibati orqan olması əsası ilə) görünsə də, belə deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında yaranan münasibətlər bilavasitə cinayət təqibinin həyata keçirilməsi ilə yaranmışdır ki, bu növ münasibətlər cinayət prosessual fəaliyyətindən irəli gəlir. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.1-ci maddəsinin tələblərinə nəzər yetirdikdə məlum olur ki, Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbi mümkünlük şərtlərini ödəmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutulması və həbsdə saxlanılması; 449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab hətta, iddiaçı ilə cavabdeh arasında cinayət prosessual fəaliyyətindən irəli gələn mübahisə (prosessual hərəkətlərindən və ya qərarlarından şikayət kimi) yaransa belə, onlar arasında yaranmış mübahisələrə baxılması ümumi hüquq sahəsi hesab edilən cinayət hüququna aid olmaqla cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qanunvericiliklə işə baxmaq səlahiyyətin malik məhkəmədə, yəni məhkəmə nəzarətini həyata keçirə bilən ümumi yurisdiksiyalı rayon məhkəməsində baxılmalıdır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə mənzillərdə təmir-bərpa işlərinin həyata keçirilməsi ilə əlaqədar icra orqanının və onun struktur bölmələrinin hərəkətsizliyi ilə bağlıdır. Lakin, iddiaçı həmin inzibati orqanlara ediləcək müraciət əsasında mübahisənin həlli inzibati icraat çərçivəsində həll edilmədiyi təqdirdə məhkəməyə inzibati qaydada müraciət etmək əvəzinə mübahisəyə cinayət hüququ qiyməti verən istintaq orqana qarşı iddia qaldırmışdır. Halbuki, istintaq orqanının fəaliyyəti cinayət prosesinə aid olmaqla həmin növ proses çərçivəsində qiymətləndirilməli olan publik münasibətləri tənzimləyər. Lakin göstərilən münasibətinin publik olması inzibati icraatda tənzimlənin publik münasibət hesab edilmir. Məhkəmə hesab edir ki, inzibati icraat çərçivəsində bir inzibati orqanın başqa inzibati orqana hər hansı öhdəliyi yerinə yetirmək səlahiyyəti verilməmişdir. Həmin səlahiyyət məhz cinayət prosessual qanunvericilikdə müstəntiqə verilən səlahiyyətdir. İddiaçı isə cavabdehin cinayət prosessual fəaliyyətindən irəli gələn səlahiyyətini inzibati icraat üzrə həyata keçirilməsini tələb edir. Halbuki, inzibati icraat üzrə təqdimatda nəzərdə tutulan vəzifələrin icra orqanlarına həvalə edilməsini istintaq orqanı həyata keçirə bilməz. Çünki, istintaq orqanının cinayət prosesindən kənar hər hansı vəzifənin hansısa inzibati orqana həvalə etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Beləliklə, göründüyü kimi cavabdeh hər hansı bir səlahiyyət pozuntusuna yol verməmişdir. Belə ki, hazırki mübahisənin kökündə dayanan məsələ üzrə cavabdeh inzibati icraatda səlahiyyətsiz orqandır. Məhkəmə hesab edir ki, cavabdehin inzibati icraatda səlahiyyəti mövcud deyilsə, deməli inzibati mübahisə də mövcud deyildir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunda inzibati icraatın başlanılması əsasları göstərilmişdir. Belə ki, həmin qanunun: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Göründüyü kimi təqdimat inzibati icraatın başlanılması əsaslarında nəzərdə tutulmamışdır. Əgər hər hansı şəxs, o cümlədən iddiaçı iddia olunan mübahisə ilə bağlı inzibati icraatın aparılmasında marağlıdırsa, bununla bağlı təqdimatda adıçəkilən inzibati orqana müraciət edə bilər, müraciəti qeydə alındığı andan başlanan inzibati icraat üzrə narazı qaldığı halda həmin inzibati orqana, yəni təqdimatda adıçəkilən inzibati orqana qarşı inzibati qaydada məhkəməyə müraciət edə bilər. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək hallarla əlaqədar iddiaçı ilə müzakirə aparmış, iddiaçı iddia ərizəsini müdafiə etdiyini və iddia tələblərinin tam olaraq təmin edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim:Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar