Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8523/2023 23.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ambreen Sahzadın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Ambreen Sahzad cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-19/4 nömrəli, xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olmuş, milliyətcə pəncablı, dini etiqadına görə sünni təriqətinə mənsub olmaqla müsəlmandır. İddiaçı Qucranvala şəhərində iki il təhsil almış, ailə həyatı qurduqdan sonra təhsilini davam etdirə bilmədyindən heç bir peşə sahibi olmamış, 2009-2016-cı illərdə Qucranvala şəhərində “Public school” adlı məktəbdə mühasib işləmiş, 2016-2022-ci illərdə isə ev şəraitində yemək bişirib ünvana çatdırmaqla məşğul olmuşdur. İddiaçı 2004-2007-ci illərdə Shahzad adlı Pakistan vətəndaşı ilə evli olmuş, bu evlilikdən iki övladı olmuş, əri 2007-ci ildə vəfat etmiş, 2022-ci ildə X4 ilə ailə qurmuşdur. İddiaçının valideyinləri vəfat etmiş, 4 bacısı və 5 qardaşının vardır, 1 bacısı İngiltərənin London şəhərində yaşayır, digər bacı və qardaşları isə Pakistanda yaşayırlar. İddiaçının birinci əri 2007-ci ildə qohumları tərəfindən zəhərlənmiş və vəfat etmiş, həmin qohumlar tərəfindən iddiaçı övladlarının əlindən alınması ilə təhdid edilmişdir. İddiaçı ikinci dəfə nikaha daxil olmuş, X2rdaşı tərəfindən təhdid olunmuşlar, bu səbəbdən də əri və övladları ilə birlikdə xx.xx.2022-ci ildə Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəlmişlər. Müsahibə zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən işin mühüm faktları müəyyən edilməmişdir.
3. Cavabdeh Dövlət Miqrasiya Xidməti etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-19/4 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh orqan iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə qohumları arasında ailə-məişət zəminində problemlər yaşanmış, dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Göründüyü kimi, İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, iddiaçının barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.
İddianın növü və mümkünlüyü
7. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
8. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
9. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
11. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Məhkəmənin mövqeyi
12. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-19/4 saylı qərarının surətindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Ambreen Sahzada və onun ailə üzvlərinə (əri, oğlu) qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Pakistanın Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, 2004-2007-ci illərdə Shahzad adlı Pakistan İslam Respublikasının vətəndaşı ilə ailə qurduğunu, bu evlilikdən iki övladı olduğunu, lakin ikinci dəfə ailə həyatı qurduğunu, birinci ərinin 2007-ci ildə qohumları tərəfindən zəhərləndiyini və vəfat etdiyini, həmin qohumlar tərəfindən iddiaçının övladlarının əlindən alınması ilə təhdid edidiyini, bu səbəbdən də Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəldiyini bildirərək cavabdehin qərarı ilə razılaşmayıb qərarın qanunsuz hesab edilərək, ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.
14. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
15. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir.
16. Göstərilən dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş İQ-09/1 nömrəli xx.xx.2022-ci il tarixli «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir.
17. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
18. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə qanunsuz hesab edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın qanunsuz hesab edilməklə qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllə-sinin 68- 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva