Məhkəmə qərarları › İş №2-1(112)-8525/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8525/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8525/2023 06.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İcra Hakimiyyəti xüsusi mülkiyyətində olan mağazanı inşa etmədiyinə görə 45.000 (qırx beş min) manat, 81 ay müddətinə icarə haqqı üçün isə cəmi 81000 (səksən bir min) manat, ümumilikdə 126000 (bir yüz iyirmi altı min) manat məbləğində vəsaitin cavabdehin hesabından tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 30.7 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini (Mağaza) 4.279.000 (dörd milyon iki yüz yetmiş doqquz min) manata almışdır. AR İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixdə 001177 nömrə ilə xüsusi mülkiyyət hüquqlarını qeydiyyata alaraq onun adına Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə vermişdir. Cavabdeh İcra Hakimiyyəti xüsusi mülkiyyətində olan həmin mağazanı heç bir kompensasiya vermədən 2011-ci ilin sentyabr ayında sökdürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4268/2015 saylı 14 dekabr 2015-ci il tarixli qərarı ilə xüsusi mülkiyyətində olan mağazanın yenidən bərpa olunması Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-653/2016 saylı 29 mart 2016-cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlamışdır. AR Ali Məhkəməsi İnzibati-İqtisadi Kolleqiyasının 2-1(102)-1237/2016 saylı 29 iyun qərarı ilə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərarı icraya yönəlmiş və Səbail rayon İcra şöbəsi 19 avqust 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək borclu Cavabdehnə təklif edilmişdir ki, 5 (beş) gün müddətinə mağazanı yenidən bərpa edilməsini təmin etsin. Lakin, cavabdeh bu günə kimi iddiaçının xüsusi mülkiyyətində olan mağazanı yenidən inşa etdirmədiyinə görə və 81 ay müddətində oradan istifadə edilmədiyi üçün ona maddi zərər vurmuşdur. Mülkiyyətində olan ümumi sahəsi 30.7 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün 45.000 (qırx beş min) manat xərc tələb edilir. Mağaza avqust 2016-cı il tarixdə inşa edilsəydi o oranı icarəyə verərək hər ay 1000 manat gəlir əldə edərdi. Göründüyü kimi cavabdeh İcra Hakimiyyəti xüsusi mülkiyyətində olan mağazanı inşa etmədiyinə görə 45.000 manat, 81 ay müddətinə icarə haqqından mərhum olduğu üçün isə cəmi 81000 manat, ümumilikdə ona 126000 manat məbləğində zərər vurmuşdur. Bu barədə cavabdehə müraciət edərək ona vurduğu zərəri ödəməyi xahiş etmiş lakin, heç bir nəticəsi olmamışdır. O, xx.xx.2023-cü il tarixində Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun ərizəsinə heç bir cavab gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia 45000 manat maddi zərərin ödənilməsi hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 13 oktyabr 2003-cü il tarixli 001177 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 91 saylı meyvə-tərəvəz köşkü X1 və əmlakın ümumi satış qiyməti dörd milyon iki yüz yetmiş doqquz min manat dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı dövlət büdcəsinə iki milyon beş yüz qırx beş min doqquz yüz manat məbləğində pul köçürülmüşdür. -xx.xx.1998-ci il tarixli, 000704 nömrəli Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin qeyri-yaşayış fonduna daxil olan obyektlərin texniki pasportuna əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 91 saylı meyvə-tərəvəz köşkünün əsas sahəsi 15,9 kv.m, köməkçi sahə 14,8 kv.m olmaqla, ümumi sahəsi 30,7 kv.mdir. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2-1(81)- 4268/2015 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Məzaxim oğlunun xüsusi mülkiyyəti Səbail rayonu, Badamdar qəsəbəsində T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində yerləşən 91 saylı meyvə-tərəvəz köşkünün yenidən bərpa olunması cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmiş, iddianın qanunsuz sökülmüş mağaza üçün 50.000 mant məbləğində kompensasiyanın ödənilməsinin hissəsində təmin edilməməsi qərara alınmışdır. -Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-653/2016 saylı xx.xx.2016-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4260/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi kollegiyasının 2- 1(102)-1237/2016 saylı xx.xx.2016-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 653/2016 saylı xx.xx.2016-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4268/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra 2-1(81)-4268/2015 saylı xx.xx.2016-cı tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmiş, lakin iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edilərək cavabdeh tərəfindən məhkəmə qərarının icra olunmaması bildirilmiş, bu səbəbdən də, məhkəmə qərarına dair icra-vərəqəsi verilməsi xahiş edilmişdir. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-1(81)-4268/2015 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi tərtib edilərək, icra olunması üçün Səbail rayon icra şöbəsinə göndərilmişdir. Səbail rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. -İddiaçının Bakı şəhəri Cavabdehnə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı xüsusi mülkiyyətində olan mağazanı inşa edilmədiyinə görə 45.000 manat, 78 ay müdətinə icarə haqqı üçün isə cəmi 78000 manat, ümumilikdə 123000 manat məbləğində vəsaitin ona ödənilməsini xahiş etmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2647/2021 nömrəli qərardadı ilə tələbkar İddiaçı Məzahim oğlunun Bakı şəhəri Səbail rayon icra şöbəsinin 23 yanvar 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (81 )-4268/2015 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə Bakı şəhər Səbail rayon icra şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması haqqında” 23 yanvar 2017-ci il tarixli qərarı ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. -Bakı şəhər Səbail rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-4268/2015 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin yuxarıda sadalanan hallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qərarına əsasən iddia qismən təmin edilmiş və İddiaçı xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində yerləşən 91 saylı meyvə-tərəvəz köşkünün yenidən bərpa olunması Cavabdehnə həvalə edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2016-cı il tarixli və Ali Məhkəmənin 29 iyun 2016-cı il tarixli qərarları ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdeh (borclu) Səbail İcra Hakimiyyəti tərəfindən məhkəmə qərarı ilə təmin edilmiş tələbin, yəni mağazanın bərpa edilmədiyini, qərarın hələ 2016-cı il tarixində icra edilsəydi iddiaçının həmin mağazanı icarəyə verərək hər ay gəlir əldə edəcəyini əsas gətirərək məhkəmə qərarının icra edilmədiyi müddət üçün əldən çıxmış fayda şəklində ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, maddi zərərin növü olan real zərər cavabdehin hərəkətləri nəticəsində bilavasitə vurulan zərəri ifadə edirsə, əldən çıxmış fayda dedikdə isə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Plenum Qərarındakı mövqeyi və ziyan vurma ilə bağlı normaları ümumiləşdirərək qeyd etmək olar ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə iddiaçıya məxsus köşkün cavabdeh tərəfindən söküldüyü, həmin tikilinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edildiyi, cavabdeh orqanın hazırkı tarixədək həmin icra sənədinin tələbini icra etmədiyi işin mübahisələndirilməyən hallarıdır. Cavabdehin köşkün bərpa edilməsi ilə bağlı tələbi icra etmədiyi sübuta olunsa da iddiaçı həmin köşkün icra edilməməsi nəticəsində əldən çıxmış fayda şəklində ona zərər dəydiyini qanunvericiliyin yuxarıda sadalanan tələbləri əsasında sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə tutarlı, mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı əsaslandıra bilməmişdir ki, həmin köşk sökülməzdən öncə də icarədə yaxud istifadədə olmuş, eyni zamanda o bununla bağlı müvafiq icra müqaviləsi, vergi hesabatları, gəlirin əldə edilməsi və s. sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı tələb etdiyi əldən çıxmış zərərin necə hesablandığı barədə dəlilləri təqdim etməmişdir. İddiaçının gələcəkdə köşkü icarəyə verəcəyi və bununla da gəlir əldə edəcəyi mülahizəsi “qanuni gözlənti” əsasını yaratmır və bu halda mövcud olmayan əsasa görə əldən çıxmış faydanın tələb edilməsi yolverilməzdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qanunvericiliyin tələbi əsasında hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini sübuta yetirməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar