Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8525/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə müraciət edərək, ali təhsil haqqında sənədin verilməsinin əsassız gecikdirilməsinə görə ona vurulmuş maddi ziyanın əvəzi kimi 15234,6 (on beş min iki yüz otuz dörd manat altmış qəpik) manat, mənəvi ziyanın əvəzi kimi 10000 (on min) manat kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ali təhsil haqqında sənədin verilməsinin əsassız gecikdirilməsinə görə ona vurulmuş maddi ziyanın əvəzi kimi 15234,6 (on beş min iki yüz otuz dörd manat altmış qəpik) manat, mənəvi ziyanın əvəzi kimi 10000 (on min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsinin Biznesin təşkili və idarə olunması ixtisasını bitirsə də, “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən məzunlara ali təhsil müəssisəsini bitirdikdən sonra 10 gün müddətində verilməli olan ali təhsil haqqında sənəd - diplomun verilməsi təmin olunmamışdır. 2021-ci ilin iyul ayında çağırış üzrə müddətli həqiqi hərbi xidmətə daxil olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar üçün 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar üçün 1 il 6 ay müəyyən edilmişdir. Ali təhsili başa vurmağına baxmayaraq, ali təhsil haqqında sənədin - diplomun təqdim edilməməsi 2022-ci ilin iyul ayında tərxis oluna bilməməyinə, “ali təhsili olmayan” kateqoriyaya daxil olan hərbi qulluqçular kimi 1 il 6 ay, yəni qanunla müəyyən olunan müddətdən artıq hərbi xidmətdə olmağına səbəb olmuşdur. Ona ali təhsil haqqında sənədin verilməməsinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur və məhkəmə prosesində iddia tələbinin haqlı olması müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(112)-7384/2022 saylı qərarı ilə iddiaçıya “Təhsil Mərkəzləşdirilmiş Sistemi”ndə elektron sənəd formasında yaradılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti-iqtisad fakültəsinin biznesin təşkili və idarə olunması ixtisası üzrə bakalavr səviyyəsində bitirməsi barədə dövlət sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(112)-7384/2022 saylı qərarı qanuni qüvvəyə minmiş və 19 aprel 2023-cü ildə icra olunması üçün cavabdeh Universitetə göndərilmişdir. Qərar 19 aprel 2023-cü ildə qanuni qüvvəyə minsə də, onun icra edilməsi cavabdeh Universitetə göndərilsə də, dəfələrlə Universitetə gedərək, səlahiyyətli şəxlərin qəbulunda olmuş, qərarın icra edilməsini xahiş etmişdir. Hər dəfə müxtəlif bəhanələrlə qərarın icrası gecikdirilmişdir. Nəhayət, ona aid sənədlərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərildiyi bildirilsə də, uzun müddət sonra məlum olmuşdur ki, sənədlər ümumiyyətlə Nazirliyə göndərilməmiş, lüzumsuz vaxt itkisinə yol verilmiş, çoxsaylı müraciətlərinə yalan məlumat verilmişdir. Nəhayət, çoxsaylı müraciətlərdən və get-gəldən sonra 20 dekabr 2023-cü ildə ali təhsil haqqında sənəd ona təqdim olunmuşdur. Nəticədə, Universitet ali təhsili başa vurduğu halda ona diplomun verilməməsi ilə altı ay əlavə hərbi xidmətdə saxlanılmağına səbəb olmaqla və hərbi xidmətdən tərxis olunduqdan sonra məhkəmə qərarının 8 ay müddətində qərəzli olaraq icra olunmaması ilə ixtisası üzrə işə bərpa olunmaq hüququnu və maddi qazanc əldə etmək imkanını məhdudlaşdırılmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Beləliklə, 2021-ci ildə ali təhsil haqqında sənədi almaqla, 2022-ci ilin iyul ayında hərbi xidmətdən qayıtdıqdan dərhal sonra, ali təhsilli mütəxəssis kimi fəaliyyətə başlayıb gəlir əldə etməyi qanunsuz olaraq məhdudlaşdırılmışdır. Ona vurulmuş maddi ziyan Dövlət Statistika Komitəsinin ölkə üzrə orta aylıq nominal əmək haqqı məbləğinə dair rəsmi məlumatlarına əsasən, 2022-ci ilin avqust ayından dekabr ayına kimi 4197 manat (839,4 manat X 5 ay = 4197 manat), 2023cü il üzrə 11037,6 manat (919,8 manat X 12 ay = 11037,6 manat) olmaqla, cəmi 15234,6 manat təşkil edir. Universitetin əsassız və qanunsuz hərəkətləri nəticəsində ciddi əsəb və stressə məruz qalmış, uzun müddət işsiz olmuş, özünün və öhdəliyində olan ailə üzvlərinin saxlanılmasını təmin edə bilməmişdir. Ona görə də, iki il ərzində ona vurulmuş mənəvi ziyanı 10.000 manat qiymətləndirir. Ali təhsil haqqında sənədin verilməsinin əsassız gecikdirilməsinə görə vurulmuş maddi ziyanın əvəzi kimi 15234,6 manat, mənəvi ziyanın əvəzi kimi 10000 manat kompensasiyanın ödənilməsi barədə 10 fevral 2024-cü il tarixli pretenziya ilə cavabdehə müraciət etsə də, müraciətinə bu günədək cavab verilməmişdir. Cavabdehlər iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, lakin iddiaçının nümayəndəsi və vəkili təqdim etdiyi ərizədə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(112)-7384/2022 saylı qərarı ilə iddiaçıya “Təhsil Mərkəzləşdirilmiş Sistemi”ndə elektron sənəd formasında yaradılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti-iqtisad fakültəsinin biznesin təşkili və idarə olunması ixtisası üzrə bakalavr səviyyəsində bitirməsi barədə dövlət sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh Universitet tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3367/2022 saylı qərardadı ilə mümkün hesab edilməmişdir və şikayətin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1 (103)-3367/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1 (102)-159/2023 saylı qərarı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. C №207325 nöməli diploma əsasən İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetində biznesin idarə edilməsi ixtisası üzrə bakalavr səviyyəsində bitirməsi barədə dövlət sənədi xx.xx.2023-cü il tarixdə ona verilmişdir. SX №0653796 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətə çağırılmış və xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək iddiaçının bakalavr təhsilini tamamlamasını göstərən diplomu verməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(112)-7384/2022 saylı qərarı ilə iddiaçıya “Təhsil Mərkəzləşdirilmiş Sistemi”ndə elektron sənəd formasında yaradılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti-iqtisad fakültəsinin biznesin təşkili və idarə olunması ixtisası üzrə bakalavr səviyyəsində bitirməsi barədə dövlət sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzərinə qoyulmuşdur. İş üzrə yekun məhkəmə aktının Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 09 mart 2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq iddiaçıya diplom xx.xx.2023-cü il tarixdə verilmişdir. Bundan başqa, iddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətə çağırıldığından və həmin tarixdə ona diplomu təqdim edilməmiş olduğundan xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ali təhsil haqqında sənədin verilməsinin əsassız gecikdirilməsinə görə ona vurulmuş maddi ziyanın əvəzi kimi 15234,6 manat, mənəvi ziyanın əvəzi kimi 10000 manat kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı maddi ziyanı Dövlət Statistika Komitəsinin ölkə üzrə orta aylıq nominal əmək haqqı məbləğinə dair rəsmi məlumatlarına əsasən, 2022-ci ilin avqust ayından dekabr ayına kimi 4197 manat (839,4 manat X 5 ay = 4197 manat), 2023-cü il üzrə 11037,6 manat (919,8 manat X 12 ay = 11037,6 manat) olmaqla, cəmi 15234,6 manat təşkil etməsi ilə əsaslandırır. Nəzərə almaq lazımdır ki, maddi zərərin zənn edilən pozuntu və ya pozuntular nəticəsində baş verdiyini göstərmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı mümkün olduğu halda sadəcə zərərin mövcudluğunu deyil, həm də onun miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməlidir. Lakin iddiaçı tərəfindən ona real olaraq maddi ziyan vurulması sübuta yetirilməmişdir. Belə ki, iddiaçı müvafiq illər üzrə orta aylıq əmək haqqına istinad etməklə həmin illər üzrə öz ixtisası üzrə işləyə biləcək olduğu halda işləmədiyi üçün maddi ziyana məruz qalmasını əsaslandıra bilməz. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında verilmiş suala cavab olaraq iddiaçının həmin günədək öz ixtisası üzrə işləmədiyini bildirmişdir. Bu da o deməkdir ki, iddiaçı diplomunu əldə etdiyi vaxtdan 6 aydan çox vaxt keçməsinə baxmayaraq öz ixtisası üzrə işləməyibsə, diplomu qanunsuz olaraq əldə etmədiyi dövr üzrə də diplomu olduğu halda ixtisası üzrə işləməyə bilərdi. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli məktubunda göstərilmişdir ki, 2023-cü ilin yanvar ayında mövcud olmuş və 1585 manat əmək haqqı nəzərdə tutulmuş vakansiya üzrə İddiaçı ilə razılıq əldə olunmuş, lakin ali təhsil haqqında sənəd təqdim edilmədiyinə görə əmək müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. Məhkəmə həmin məktubu iddiaçının maddi zərərini təsdiq edəcək sübut kimi qəbul etmir. Belə ki, həmin məktub özlüyündə iddiaçının 2023-cü ilin yanvar ayından hər üçün 1585 manat maddi ziyana məruz qalması qənaətinə gəlməyə əsas vermir. Bir halda ki, iddiaçı heç diplomunu əldə etdikdən sonra da ixtisası üzrə işləməmişdir. Maddi zərərin əvəzi hər hansı sübuta əsaslanmadan sadəcə olaraq ağlabatanlıq prinsipinə və ehtimallara əsasən müəyyən edilə bilməz. Mənəvi zərərin həddinin müəyyən ediməsindən fərqli olaraq, şəxsin məruz qaldığı maddi zərərin əvəzinin bunu təsdiq edəcəck hər hansı sübut olmadan ağlabatan həddə tutulması sübut etmə ilə bağlı qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Məhkəmə mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəymiş olması öz təsdiqini tapır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar üçün 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar üçün 1 il 6 ay müəyyən edilmişdir. Lakin iddiaçı diplomunu vaxtında əldə edə bilmədiyi üçün o, hərbi xidmət dövrü 1 ildən çox olmuşdur. Bu da öz növbəsində şəxsin mülki həyata qayıtmaq və yenidən adaptasiya olmaq müddətinin uzanmasına səbəb olaraq mənəvi ziyanın əsası hesab edilə bilər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, ali təhsilini tamamlamış hər bir şəxsə bunun hüquqi nəticəsi olaraq ali təhsil haqqında sənəd-diplom təqdim edilir. Yəni bu, haqlı olaraq bütün tələbə adı daşıyan şəxslərin qanuni gözləntisini yaradır. Bu halda, digər tələbə yoldaşlarının diplomlarını maneəsiz aldığını görən şəxs tərəfindən özünə qarşı qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsi və digərlərindən mənfi aspektdən fərqləndirilməsi mənəvi zərərin əsası sayılmalıdır. O da qeyd olunmalıdır ki, şəxs hüququnun bərpası üçün məhkəməyə müraciət etməyə, üç instansiya çərçivəsində işə baxılmasında iştirak etməyə, eləcə də, qərar qanuni qüvvəsini aldıqdan sonra onun icrası üçün davamlı cavabdeh orqana müraciətlər etməli olmuşdur. Cavabdehin haqsız mövqeyində təkidlə dayanmağı və iddiaçını süründürməçiliyə məruz qoyması təhsilini yeni tamamlamış bir gəncin psixoloji vəziyyəti üçün əsəb, gərginlik və dövlət orqanlarının fəaliyyətinin düzgün işləməsinə şübhəyə gətirib çıxarması ehtimal olunan mənəvi zərərlə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 2002-ci il 31 may tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, 4.Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə” dair 2020-ci il 24 aprel tarixli Qərarında da qeyd edilmişdir ki, mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlər baxımından, məhkəmə mənəvi zərərin həddinin 2000 manat məbləğində müəyyən edilməsini ağlabatan və işin hallarına uyğun hesab edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi kimi 2000 (iki min) manat kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinə həvalə edilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi kimi 2000 (iki min) manat kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8525/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8525/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver