Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8526/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin iddiaçıya geri qaytarıması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin mart ayından əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi və cavabdeh inzibati orqanın hər ay 10 faiz pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi və bu müddət ərzində tutduğu pensiyanın geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 3551/2024 saylı 07 mart 2024-cü il tarixli qərarın ləğv edilməsi, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş məbləğin ona geri qaytarıması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı orta məktəbi bitirdikdən sonra, xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək olan müddətdə 2 saylı Bakmel kombinatında əmək fəaliyyəti ilə məşğul olmuşdur, xx.xx.1972-ci ildən xx.xx.1976-cı ilədək olan müddətdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb “ticarətin iqtisadiyyatı” ixtisası üzrə tam kursu bitirmişdir. 1976-1977-ci illərdə hərbi xidməti çəkdikdən sonra xx.xx.1977ci ildə Daxili İşlər Nazirliyinin X4 İdarələrinin 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1977-ci ildən xx.xx.2001-ci ilədək olan müddətdə Daxili İşlər və Ədliyyə polisi orqanlarında xidmət keçib xx.xx.2001-ci ildə hərbi rütbəli şəxs kimi polkovnik-leytenant rütbəsi ilə pensiyaya çıxmışdır. Həmin vaxtdan 98%-lə əmək pensiyası alır. İddiaçı Qarabağ müharibəsi veteranıdır. xx.xx.2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üvzlüyünə qəbul edilməklə fəaliyyətini Bakı şəhəri 8 saylı Vəkil Bürosunda davam etdirir. O, 2024-cü il martın əvvəllərində ona təyin edilmiş əmək pensiyasının azaldığını görüb ərizə ilə cavabdehə müraciət elədi. Cavabdehin ünvanladığı 06 mart 2024-cü il tarixli 3-17-1/2-M-55503/2024 saylı cavab məktubu ilə ərizəsi təmin edilmədi və bildirildi ki, vaxtilə sizə sabiq hərbi rütbəli şəxs kimi təyin edilmiş əmək pensiyanızın hesablanması zamanı vəzifə maaşınızın düzgün müəyyən edilmədiyi aşkar olunub. Əmək pensiyaları haqqında Qanunun 39.1-ci maddəsinə uyğun olaraq sizə artıq ödənilmiş əmək pensiyası son 3 il üzrə məhdudlaşdırılaraq 5694,19 manat təşkil edir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuz olmaqla qanunverciliyn tələblərinə ziddir. Belə ki, xx.xx.2001-ci ildən müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən sabiq hərbi rütbəli şəxs olaraq əmək pensiyası təyin edilib və həmin dövrdən sonrakı 20 ildən arıtq müddətdə bu məbləğ ödənilib. Bu təyinatın aparılması üçün bəlkə də 100-lərlə əməkdaş tərəfindən yoxlama və təftişlər aparılmış və hər hansı problem müəyyən edilməmişdir. Bundan əlavə, dövlət qurumu tərəfindən ona 36 illik əmək stajı nəzərə alınaraq, 98 faizlə əmək pensiyası təyin edilib. 2024-cü ilədək aylıq 1938 manat əmək pensiyası alırdı. 11,2 faiz artım nəzər alınmaqla 2024-cü ilin yanvar ayından pensiyası 2155 manat müəyəyn edildi. Yanvar ayının artımı fevral ayında ona ödənildi. Lakin mart ayından əmək pensiyası əsassız və qanunsuz olaraq 1962 manata endirildi. Səbəbini soruşanda isə bildirirlər ki, vəzifə maaşı düzgün müəyyən edilməyib. Əgər həqiqətən də ona 2001-ci ildən təyin edilmiş pensiya düzgün müəyyən edilməmişdirsə, onda bunun məsuliyyətini o, yox, həmin səhvi törətmiş dövlət qulluqçusu düzəltməlidir. Eləcə də, bu səhv müəyyən edilmişdisə, onda İnzibati İcraat haqqında Qanunun tələblərinə uyğun olaraq onu inzibati orqana dəvət etməli və müvafiq qərar qəbul edib ona verməli idilər. Lakin bunun əksinə olaraq ona 6 sətirdən ibarət məktub göndərib Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş pensiya və sosial təminat hüquqlarımı kobudcasına pozmuşlar.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli “inzibati aktın qəbul edilməsi haqqında” məktubda bildirilmişdir ki, ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqiı şəxsləri və ya oniarın nümayəndələrim dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildiririk ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində sizin əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1962,02 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, vaxtilə sizə sabiq hərbi rütbəli şəxs kimi təyin edilmiş əmək pensiyanızın yenidən hesablanması zamanı vəzifə maaşının düzgün müəyyən edilmədiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, sizə artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 5694,19 manat təşkil edir.
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, vaxtilə iddiaçıya sabiq hərbi rütbəli şəxs kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması zamanı vəzifə maaşının düzgün müəyyən edilmədiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, iddiaçıya artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 5694,19 manat təşkil edir. SAosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.
6. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-3551/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərara əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 2155,17 manat olmuş, xx.xx.2024-cü il tarixdən 1962,02 manat təyin edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və onun nəticələrinin aradan qaldırılması ilə bağlıdır.
10. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/3-3-3551/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 2155,17 manat və yenidən hesablama nəticəsində (inventar vəzifə maaşının və artım faizinin dəqiqləşdirilməsi səbəbi ilə) 1962,02 manat məbləğində müəyyən olunmuşdur.
11. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
12. İddianın növü mübahisələndirmə növündə iddiadır.İddia mümkündür
III. Məhkəmənin mövqeyi
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 20.15. Bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır; 3-cü hissəsinə əsasən, bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür... 4-cü hissəsinə əsasən, bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür; 5-cü hissəsinə əsasən, məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.
15. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, hərbi qulluqçuya pensiya təyin edilməsi üçün onun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi sonuncu xidmət keçdiyi orqan tərəfindən pensiya təyin ediən orqana göndərilməlidir.
16. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya xx.xx.2001-ci tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2012-ci il tarixdə onun sonuncu xidmət keçdiyi orqan olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 03 may 2012-ci il tarixli 001129 nömrəli məlumat vərəqəsində onun xidmət illəri 36 il 03 ay 27 gün göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən pensiya təyin edən orqan tərəfindən xidmət ili üçün təminat xərcliyinin (1158,00 manat) 98 faizi-1134,84 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
17. Daha sonra cavabdehin müraciəti əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən təqdim olunmuş 1220 nömrəli yeni məlumat vərəqəsinə uyğun olaraq iddiaçıya 1 iyun 2001-ci il tarixindən 34 il 6 ay 27 gün xidmət ili üçün təminat xərcliyinin (1575,75 manat) 85 faizi-1962,02 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 5694,19 manat müəyyən edilimişdir. İddiaçının yazılı razılıq ərizəsi ilə ona artıq ödənilmiş pensiya məbləğinin 5% ilə tutulması həyata keçirilmişdir.
18. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının sonuncu xidmət keçdiyi orqanın onun xidmət illərini düzgün hesablamaması, verilmiş məlumat vərəqəsində xidmət illərinin az göstərilməsi kimi hallar hazırda vəziyyəti iddiaçının xeyrinə dəyişmir və pensiya təyin edən inzibati orqanın hərəkətlərinin qanunsuz sayılmasına əsas vermir. Belə ki, iddiaçının yeni məlumat vərəqəsində göstərilən məlumatları mübahisələndirmək üçün kifayət qədər prosessual imkanları olsa da, bundan istifadə etməmiş və bunun səbəblərini əks etdirən hər hansı sübutü məhkəməyə təqdim etməmişdir.
19. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddia tələbi əsassız olduğundan rədd edilməlidir.
20. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva