Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8528/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (ünvanı: Şəmkir rayonu, Dəllər kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin hüquqşunası) iştirakı ilə, iddiaçı - "xxxx" MMC-nin cavabdeh - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə üçüncü şəxs - Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşı “artıq ödənilmiş gömrük ödənişlərin qaytarılması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) 13.04.2021-ci il tarixli, **********3134 nömrəli, **********3127 nömrəli və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük rüsumlarının İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi Bakı İnzibat Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 23.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 03.11.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddia ərizəsində bildirilmişdir ki, 25 dekabr 2020-ci il tarixdə İddiaçı MMC ilə “X2 Ticaret ve Senaye Limited Şirketi” arasında bağlanmış “fason üretim” müqaviləsinə əsasən 5010 ədəd “Renepas Oral 200 ML”, 10800 ədəd “Vitacold Ester C Tablet № 20” və 2995 ədəd “Muttarin Tablet № 30” dərman məhsulu İddiaçı MMC-yə satılmışdır. 5010 ədəd “Renepas Oral 200 ML” dərman məhsulunun invoys dəyəri 5010 ABŞ dollar, gömrük dəyəri 9231 manat təşkil etdiyindən İddiaçı MMC 3472,47 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 24347,40 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 9116,82 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 5644,35 manat (9116,82-3472,47=5.644.35) artıq gömrük ödənişi etmişdir. Həmçinin 10800 ədəd “Vitacold Ester C Tablet № 20” dərman məhsulunun invoys dəyəri 12960 ABŞ dollar, gömrük dəyəri 22423 manat təşkil etdiyindən İddiaçı MMC 8323,61 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 46704,10 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 17027,37 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 8703,76 manat (17027,37- 8323,61=8703,76) artıq gömrük ödənişi etmişdir. Bununla yanaşı 2995 ədəd (38 qutu) “Muttarin Tablet № 30” dərman məhsulunun invoysdəyəri 5990 ABŞ dollar, gömrük dəyəri 10268 manat təşkil etdiyindən İddiaçı MMC 4019,68 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 20926,07 manat göstərilməsini tələb etmiş və buna görə də "xxxx" MMC 7824,61 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin yüksək göstərilməsi nəticəsində iddiaçı 3804,93 manat (7824,61-4019,68=3804,93) artıq gömrük ödənişi etmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqlarını) gömrük orqanına təqdim edilmişdir. Göründüyü kimi, dərman məhsullarının alınması ilə bağlı edilən ödənişlər 5010 ədəd “Renepas Oral 200 ML” məhsulu üçün 5010 ABŞ dollar, 10800 ədəd “Vitacold Ester C Tablet № 20 məhsulu üçün 12960 ABŞ dolları və 2995 ədəd “Muttarin Tablet № 30” məhsulu üçün 5990 ABŞ dolları təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumat dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. İddiaçı həmin sənədlərdə göstərilən məlumatlara əsasən gömrük ödənişlərini hesablayaraq gömrük bəyannaməsini vergi orqanına təqdim etsə də, gömrük orqanı həmin bəyannamədən imtina etmiş, malların gömrük dəyərini əsassız yerə daha yüksək qiymətləndirmiş, əvvəlki bəyannamədən imtina etməsinin səbəbləri barədə bildiriş təqdim edilməmişdir. Odur ki, gömrük orqanı tərəfindən bəyannamədə məhsulların gömrük dəyərlərinin müvafiq olaraq 24347,40 manat, 46704,10 manat və 20926,07 manat kimi göstərilməsi tələb olunmuş, son nəticədə gömrük orqanı tərəfindən şirkətdən hər məhsul üzrə 5644,35 manat, 8703,76 manat və 3804,93 manat artıq pul tutulmuşdur. Odur ki, artıq ödənilmiş həmin məbləğlərin geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsi və rəy verilməsi üçün rəsmi qaydada Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuş ,ancaq həmin müraciət 17 may 2021-ci il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsinə baxmayaraq bu günə kimi cavablandırılmamışdır. Göründüyü kimi, gömrük orqanının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış və məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda nəyə əsasən gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, həmçinin hansı səbəbdən malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtina edilməsi barədə bizə hər hansı bildiriş də təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük ödənişlərinin qaytarılması Qaydalarının 6.1-ci bəndində qeyd edilmişdir ki, gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Həmin Qaydaların 6.3-cü bəndində qeyd edilmişdir ki, gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması üçün müəyyən edilmiş 1 (bir) ay müddət gömrük orqanı tərəfindən onların qaytarılması barədə qərar verildiyi gündən vəsaitin dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. Həmin Qaydaların 6.7-ci bəndinə görə gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. Həmin Qaydaların 6.8-ci bəndinə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. Həmin qaydaların 6.9-cu bəndinə görə gömrük orqanı bu Qaydaların 6.2ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir.Həmin Qaydaların 6.10-cu bəndinə görə komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir. Həmin Qaydaların 7.1-ci bəndinə görə maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq,Komitənin göndərdiyi müraciəti qəbul edir.Həmin Qaydaların 7.2-ci bəndinə görə gömrük ödənişlərinin qaytarılması maliyyə orqanıtərəfindən həyata keçirilir. Həmin Qaydaların 7.5-ci bəndinə görə maliyyə orqanı gömrük ödənişlərinin qaytarılması barədə 5 (beş) iş günü müddətində gömrük orqanına məlumat verir. Odur ki, yuxarıda qeyd olunanları, habelə qanunvericiliyin tələblərini rəhbər tutaraq,13.04.2021 -ci il tarixli, **********3134 nömrəli, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük rüsumunlarının iddiaçıya qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.1 -ci maddəsində göstərilir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. İddiaçı 13.04.2021-ci il tarixli, **********3134 sorğu nömrəli, **********3127 və **********2674 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmış və həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən tələb görə mümkün sayılmamalıdır. Eyni zmanda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır:2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. İddiaçı ərizəsində bu hallardan hansının baş verdiyini əsaslandırmamışdır. İddiaçı artıq ödənildiyini iddia etdiyi məbləğin tərkibinin gömrük rüsumu təşkil etdiyini göstərsə də iddiaçının dövlət büdcəsinə ödədiyi vəsaitin X4 və gömrük rüsumundan ibarət olduğu İdarə tərəfindən müəyyənləşdirilmiş, gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən doldurulmamışdır. Gömrük orqanı ilə gömrük dəyəri ilə bağlı mübahisə olsaydı belə “Gömrük tarifi haqqında” Qanunun 11-ci maddəsinə əsasən iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisələndirmək hüququna malik olmuş, lakin bu barədə iddia tələbi irəli sürməmiş, bəyannamə əsasında gömrük ödənişlərini ödəmiş, bundan sonra gömrük rəsmiləşdrilməsi həyata keçirilərək yük buraxılmışdır. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin iddiaçının müraciətinə 02.06.2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, müraciətdə qeyd olunan malların gömrük dəyəri əsasında gömrük ödənişləri ödənilmiş, gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilmiş, gömrük rəsmiləşdirilməsi aprılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. İş materiallarından görünür ki, “**********3127” sorğu nömrəli gömrük bəyannaməsində “Renepas Oral 200 ml” miqdarı 5010 ədəd gömrük dəyəri 9231,00 AZN göstərilmişdir. İş materiallarından görünür ki, “**********3134” sorğu nömrəli gömrük bəyannaməsində “Vitacold Ester C Tablet № 20” miqdarı 108000 ədad, ümumi gömrük dəyəri 22423,00 AZN göstərilmişdir. İş materiallarından görünür ki, “**********2674” sorğu nömrəli gömrük bəyannaməsində “Muttarin Tablet № 30” miqdarı 2995 ədəd/38 qutu, ümumi gömrük dəyəri 10268,00 AZN göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı 13.04.2021-ci il tarixli, **********3134 sorğu nömrəli, **********3127 və **********2674 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmış və həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarının gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən deyil iddiaçı tərəfindən doldurulduğundan, həmçinin iddiaçı təqdim etdiyi 13.04.2021-ci il tarixli, **********3134 nömrəli, **********3127 nömrəli və **********2674 sorğu nömrəli bəyannamələrdə göstərilən məlumatların düzgünlüyünü özü gömrük orqanına təqdim etdiyindən, gömrük orqanı da öz növbəsində təqdim edilən bəyannamələri təsdiq etdiyindən, hazırkı iddia əsassızdır və təmin olunmamalıdır. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Pharma” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) 13.04.2021-ci il tarixli, **********3134 nömrəli, **********3127 nömrəli və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük rüsumlarının İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-8528/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8528/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver