Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-853/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi 13 aprel 2020-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı MMC faktiki olaraq metalın alışı və satışı ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2020-ci ildən hal-hazırkı vaxtadək onun sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Sonuncu dəfə 12 noyabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək müəssisədə sonuncu operativ vergi nəzarəti qaydasında yoxlama aparılmışdır. Bu operativ vergi nəzarəti yoxlaması 2021-ci ili əhatə etmişdir. Operativ vergi nəzarəti təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Nəzarət zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Buna baxmayaraq 21 yanvar 2022-ci il tarixdə **********1799 və ********** 1797 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlar tərtib edilmiş, bu qərarlar əsasında 11.373,20 manat və 17.700,30 manat, ümumilikdə 29.073,5 manat məbləğ üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlar çıxarılmışdır. Əslində isə, müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdıraraq nəzərdən keçirildikdə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı müəyyən edilir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları operativ vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmamış, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. İddiaçı MMC-də aparılan göstərilən operativ vergi yoxlaması aktları qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki. vergi ödəyicisi İddiaçı MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Operativ vergi yoxlaması aktından göründüyü kimi, əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın 21 yanvar 2022-ci il tarixli məsuliyyət qərarlarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. Eyni zamanda, «İnzibati icraat haqqında» Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlat. habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı operativ vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xəərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Operativ vergi yoxlaması zamanı Azərbaycan Peslublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaima-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil- qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmasına görə və malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən hesablamalar aparılmışdır. Vergi orqanı isə, qərəzli olaraq həmin müəssisənin təqdim etdiyi mallara görə elektron qaimənin təqdim edilməməsi əsası ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə formal olaraq istinad etməklə maliyyə sanksiyası hesablamışdır. Belə hal isə birbaşa olaraq müəssisənin sərbəst iqtisadi fəaliyyətinin məhdudlaşdırılmasıdır. Çünki, müəssisənin fəaliyyətindən heç bir kənarlaşma mövcud deyil, dövlət büdcəsinə heç bir zərər toxunmamışdır. Bu isə, vergi orqanının formal olaraq əsassız sanksiyasını istisna edir. Hesab edilir ki, məhkəmə tərəfindən işin bu hallarına düzgün hüquqi qiymət verilərək hesablanmış maliyyə sanksiyası ləğv edilməlidir. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu məcəllə ilə müəyyən edilməyən, yaxud bu məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz, 3.11-ci maddəsinə əsasən isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, operativ vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Müəssisədə aparılan yoxlamalar zamanı Vergi Məcəlləsinin 13, 50, 58, 67-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur, qanunvericiliyə zidd qərarlar qəbul edilmişdir. Vergi ödəyicisinin iş şəraiti, mühasibat uçotunun spesifikliyi, əlaqəli məlumatlar əsasında müəssisənin iqtisadi cəhətdən rentabelliyinə qiymət verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 59 və 73-cü maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 67-ci maddəsinə, Vergi Məcəlləsinin 3.8, 3.11, 53.3, 54.0.2, 62-ci maddələrinə, İPM-in 32, 45-ci maddələrinə əsaslanaraq, cavabdehin 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarlarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə vəsatət təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatətdə İPM-in 22, 24, 32.1, 38.1-ci maddələrinə, Vergi Məcəlləsinin 70.2-1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 62-ci maddəsinə istinmad olunmuş və bildirilmişdir ki, idduaçı iddia qaldırarkən qanunla müəyyənləşdirilmiş iddia müddətini buraxmışdır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarlara münasibətdə iddia müddəti buraxılmamışdır. Belə ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarlarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 4 mart 2022-ci il tarixdə daxil olsa da, həmin qərarların iddiaçıya 2 fevral tarixədək (iddiaçı tərəfin bildirdiyinə görə) müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia müddəti buraxılmamış saymışdər. Göstərilənlərə, habelə iddiaçının 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarları mübahisələndirmək üzrə subyektiv hüququnun olmasına (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddətin buraxılmamasına, qərarın cavabdeh tərəfindən qəbul edilməsinə, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmamasına əsaslanaraq, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı MMC-nin iddiasına etiraz edilir. Cavabdehin 11 noyabr 2021-ci il tarixli **********2285 nömrəli "xxxx" qərarı əsasında MMCnin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nərimanov rayayinu, 2095 – 2096cı məhəllə, Dərnəgül Şossesi (Meşə materiallarının, Tikinti Materiallarının və X1 Satışı – Anbar) ünvanında yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 12 noyabr 2021-ci il tarixdə vergi ödəyicisinin anbarında olan mallar vergi orqanı tərəfindən yerindəcə sayılmış, sayılan malların alış qiymətinə əsasən, ümumi dəyərinin 230.268,76 manat olduğu müəyyən olunmuşdur. Həmin mallar EQF, YGB və Avis aktlarına əsasən üzləşdirildikdən sonra, vergi ödəyicisinə məxsus mallardan 177.003,40 manat dəyərində olan hissəsi qeyd olunan sənədlərdə öz əksini tapmamışdır. Qeyd olunanlar əsasında 11 dekabr 2021-ci il tarixli DVX seriyalı 003674 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etmiş, onu imzalamaqdan imtina etmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1799 nömrəli qərarı ilə iddiaçı barəsində 17.700,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfat daxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilmiş operativ vergi nəzarəti zamanı malların siyahısı 11 dekabr 2021-ci il 001149 DVX nömrəli sənədlə rəsmiləşdirilərək metal qırıntısı, şpunt, ikitavr üzrə ümumilikdə 113.731,96 manat dəyərində malın müvafiq sənədlər tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixli **********1797 nömrəli qərarla vergi ödəyicisinə 11.373,20 manat miqdarında vergi məsuliyyətinə cəlb olunmuşdur. 11 dekabr 2021-ci il tarixli 001149 DVX nömrəli sənədin imzalanmasından və nüsxəsinin götürülməsindən vergi ödəyicisi imtina etmişdir. Vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticəsi kimi qəbul olunacaq 17 yanvar 2022-ci il tarixli qərarın materiallarına baxılmasında iştirak üçün vergi ödəyicisinə bildiriş göndərilmiş və vergi ödəyicisinin iştirakı ilə 18 yanvar 2022-ci il tarixdə vergi orqanında aidiyyəti üzrə görüş keçirilmiş və keçirilmiş görüşdə vergi ödəyicisi dinlənilmiş və qanunvericiliyin tələbləri izah olunmuşdur. 21 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1797 və **********1799 saylı qərarlar qəbul edilərək, müvafiq sanksiyaların ödənilməsi barədə həmin tarixli tələbnamələr göndərilmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1, 23.1, 24, 58.8, 71.1, 94, 130-cu maddələrinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.13) malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.8-ci maddəsinə görə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: (58.8.2) malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, mövcud qanunvericilik normaları vergi orqanlarına qanunla müyyən edilmiş hallarda və qaydada vergi yoxlamaları və operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətlərini vermişdir. Hazırkı işin hallarına görə cavabdeh orqan (vergi orqanı) tərəfindən İddiaçı MMC-nin fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilmiş və həmin nəzarət tədbiri zamanı vergi ödəyicisi kimi iddiaçının 177.003,40 manat məbləğində digər şəxslərdən elektron-qaimə faktura əsasında alınmış məhsulun (müxtəlif çeşiddə metal tullantı və qırıntıları) mal qalığı kimi aşkarlanmaması və 113.731,96 manat məbləğində digər şəxslərə elektron-qaimə faktura əsasında satdığı məhsulunun (dəmir borular) alış sənədlərinin, alınma mənbəyinin müəyyənləşdirilməməsi əsasları ilə müvafiq olaraq Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi üzrə 17.700,30 manat (10%) və 58.13-cü maddəsi üzrə 11.373,20 manat (10%) məbləğində maliyyə sanksiyalarının tətbiqi barədə 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarlar qəbul etmişdir. İddiaçı hazırda cavabdehin həmin qərarlarını mübahisələndirir. İddiaçının dəlili ondan ibarətdir ki, operativ vergi nəzarəti zamanı iddiaçının anbarında mal qalığı kimi aşkarlanmamış və alış sənədləri məlum olmayan məhsullar fərqli çeşiddi mallar deyil. Həmin malların elektron qaimıə fakturalarla alışı və satışı həyata keçrilmişdir, bütün mal qalığı anbarda saxlanılır, satılmış malların alış sənədləri isə mövcuddur. Cavabdehin maliyyə sanksiyalarının tətbiq barədə 21 yanvar 2022-ci il tarixli qərarları qanunsuzdur və ləğv edilməlidir. Mübahisə üzrə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəliliondan ibarətdir ki, başqa fiziki şəxslərdən alınmış mallar anbarda saxlanılan mallardan fərqlidir, satılan malların alış sənədi yoxdur. Operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 58.8.2 və 58.13-cü maddələrinə müvafiq olaraq, iddiaçıya maliyyə sanksiyaları təqbiq olunmuş və bu barədə qərarlar qəbul edilmişdir. Qərarlar qanunidir, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmənin qənaəti belədir ki, iddiaçı tələbi əsaslıdır və cavabdehin 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarları ləğv edilməlidir. Məhkəmə bu qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: 1) İddiaçı MMC-nin fəaliyyəti üzrə 2021-ci ilin dekabr ayında keçirilmiş operativ vergi nəzarəti zamanı müəyyən edilən hallar Vergi Məcəlləsi ilə operativ vergi nəzarətinin əhatə dairəsindən kənara çıxır və bu hallarla bağlı Vergi Məcəlləsinin 58.8.ş2 və 58.13-cü maddələri üzrə maliyyə sanksiyalarının tətbiqi yolverilən deyil. Qeyd olunmalıdıtr ki, vergi orqanının vergi ödəyicisinin fəaliyyəti üzrə kameral və səyyar vergi yoxlamaları keçirmək səlahiyyəti var, müvafiq halların nəticələri həmin yoxlamaların gedişatı üzrə yekun akt və qərarlarda əksini tapa bilər. 2) Məsələyə digər prizmadan yanaşdıqda da mübahisə predmeti olan 21 yanvar 2022-ci il tarixli qərarların qəbulu üçün şərtlər ödənilmiş sayıla bilməz. Belə ki, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə başqa şəxslərdən aldığı və digərlərinə satdığı mallar çeşid etibarilə fəqrlənsələr də, eyni qəbildən olan oxşr məhsullardır. Onlara aid sənədlərdə, o cümlədən elektron-qaimə fakturalarda məhsulların adlarında müəyyən qədər qeyridəqiqliyə yol verilməsi formal şəkildə müaviq maliyyə sanksiayalarının tətbiqinə əsas vermir. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bundan başqa, Vergi Məcələsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarları qanuna zidd, yəni Vergi Məcəlləsinin və «İnzibati icraat haqqında» Qanunun 11, 17, 24.2-ci madələrinin tələbləri pozulmaqla qəbul olunmuş sayılır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarları – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarları qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya qanunvericiliklə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə borcu (maliyyə sansiyasını) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 1.4 və 3.8-ci maddəsinin tələblərinə ziddir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarları ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-853/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-853/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver