Məhkəmə qərarları › İş №2-1(112)-853/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-853/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-853/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tərəf məhkəməyə iddianın dəqiləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşının tamam olması ilə əlaqədar olaraq güzəştli şərtlərlə pensiya təyin olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixədək texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingər, xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixədək sement yükləyicisi, xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı ii tarixli 19/K saylı əmrlə xx.xx.1996-cı il tarixində 1 № sexə 5-ci dərəcəli təmirçi-çilingər işinə qəbul edilmişdir. xx.xx.1996-cı il 37/K saylı əmrə əsasən AR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə (köçürmə yolu ilə) əsasən xx.xx.1996-cı il tarixindən işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixli 7/K saylı əmrlə xx.xx.1999-cu il tarixindən 6 №-lİ sexə 4-cü dərəcəli təmirçi-çilingər işinə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixli 12/K saylı əmrlə 6 №-li sexin 4-cü dərəcəli təmirçi-çilingər, xx.xx.1999-cu il tarixində 4 №-li sexə 6-cı dərəcəli təmirçi-çilingər işinə keçirilmişdir. xx.xx.2002-ci il tarixli EEİ 03/92 əmrinə əsasən təmizləyici qurğular sexinin «Bakı Kanalizasiya» İB-nin balansına verilməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. Bundan əlavə isə xx.xx.2007-ci il tarixli arayışdan da görünür ki, o, həqiqətən xx.xx.1990-cı il tarixdə 64/K saylı əmrlə X12n Elektrik Süzgəcləri sexində Elektrik Avadanlıqlarının Təmiri üzrə Çilingər işinə qəbul edilmiş və xx.xx.1991-ci il tarixində 34/K saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Sonra xx.xx.1991-ci il tarixdə 83/K saylı əmrlə yenidən X12nun Elektrik Süzgəcləri sexində elektrik avadanlıqlarının təmiri üzrə çilingər işinə qəbul edilmiş, 25,05.1993-cü il tarixində 53/K saylı əmrlə Yükləmə sexinə açıq sement dolduran işinə keçirilmiş və xx.xx.1996-cı il tarixində 66/K saylı əmri ilə öz xahişi ilə işdən azad olunmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyini üzrə müraciət etdikdə isə cavab olaraq bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə güzəştli iş stajı 12 il 6 aydan az (10 il 5 ay 10 gün (xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991 -xx.xx.1996-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı əlavə olaraq bildirmişdir ki, o, Metalkonstruksiyada 4 il quraşdırıçı vəzifəsində çalışmış, sonra isə Makdermott boru quraşdırıcıya işçi tələb olunduğu üçün ora göndərilmiş və sertifikat aldıqdan sonra 1 il də orada quraşdırıçı işləmişdir. İddiaçı hesab edir ki, güzəşt arayışına əsasən ona güzəştli pensiyanın tətbiq olunması qanunvericiliyə uyğundur. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan da göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 5 ay 10 gün (02 07.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.2012-xx.xx.2012-ci il, 12. 2.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafıq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə gön güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azurbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarım bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Əlavə olaraq bildirilir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı güzəştli iş stajı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrləri əhatə edir. Qeyd olunan dövrlərin nəzərə alınması ilə iddiaçının ümumilikdə güzəştli iş stajı 12 il 6 aydan az olmaqla, 10 il 5 ay 10 gün təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının hazırkı vəziyyətdə qanunvericilikdə tələb olunan (12 il, 6 ay) güzəştli stajı mövcud deyil. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən tələbin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddianən dəqiqləşdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Astara rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -22 yanvar 1962-ci il tarixdən doldurulmağa başlanan ИТ-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən və xx.xx.2002-ci il tarixdən doldurulmağa başlanmış ******* nörməli əmək kitabçasının dublikatının surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı il tarixədək “Azərbaycan” Astara kino birliyində dalandar, xx.xx.1987-ci ildən xx.xx.1987-ci il tarixədək “Dalğa” Sınaqistehsalat müəssisəsində bir həftəlik sınaq müddəti ilə 2-ci dərəcəli suvaqçı-üzçəkən, 4cü dərəcəli suvaqçı-üzçəkən, xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək “Bakusemremont” TTİ-də (xx.xx.1988-ci ildən “Bakı Sement Təmir” müəssisəsi) 2 saylı sahəyə 5-ci dərəcəli betontökən, 5-ci dərəcəli suvaqçı, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək “Jilkomxoz” EİB su təchizatı və kanalizasiya idarəsində 4-cü dərəcəli bənna, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək X12nda elektro filtr sexinə sınaq dövrü ilə 4-cü dərəcəli sement avadanlığının təmiri üzrə növbətçi çilingər, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Xantı-Mansi muxtar dairəsi Tümen vilayəti Nefteyuqansk şəhəri “Yujnoneftedorsrtoyremont” trestinin Nefteyuqansk təmirtikinti idarəsində 4-cü dərəcəli bənna, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X12nda elektro filt sexində 4-cü dərəcəli sement avadanlığının təmiri üzrə növbətçi çilingər, qablaşdırma sexinə d/y vaqonlarına qalaqlı sement tökən, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Elektrik-energetika idarəsində 5 saylı sexdə 5-ci dərəcəli təmirçi çilingər, 6-cı dərəcəli təmirçi çilingər, xx.xx.1996-cı il tarixdən xx.xx.1997ci il tarixədək Makşelf TM-də 8 saylı sexdə köçürmə qaydasında 4-cü dərəcəli quraşdırıcı çilingər, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Şelfproyektstroy” İB-nin 2 saylı TTİ-də köçürmə qaydasında 5-ci dərəcəli quraşdırıcı çilingər, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “ŞLT” İB-nin Elektro-energetika İdarəsində 6 nömrəli sexdə 5-ci dərəcəli təmirçi çilingər, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “MakX5 İNK”də 5-ci dərəcəli quraşdırıcı, 6-cı dərəcəli quraşdırıcı, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “X6” MMC-də 6-cı dərəcəli quraşdırıcı, 6-cı dərəcəli boru quraşdırıcısı, xx.xx.2008-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda su təchizatı və axıntı suları sexində 5-ci dərəcəli təmirçi-santexnik, üst tikililərin yığılması və quraşdırılması sexində 5-ci dərəcəli polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də X1 üzrə quraşdırıcı, xx.xx.2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də X1 üzrə quraşdırıcı vəzifələrində işləmişdir. -Astara rayon Hərbi Komissarlığı tərəfindən verilmiş, xx.xx.1983-cü il tarixli, H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. -xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.1996-cı il tarixlərdə "xxxx" ASC-də işləmişdir. -"xxxx" (Azərbaycan) ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Əliyev X2 zavodunda əmək şəraiti zərərli olan iş şəraitində, tam iş günü ərzində Texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingər (xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək (xx.xx.1990-cı il tarixli 64K saylı əmr), xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (xx.xx.1991-ci il tarixli 83K saylı əmr)) və sement yükləyicisi (xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək (xx.xx.1993-cü il tarixli, 66K saylı əmr)) vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “14. Tikinti materialları istehsalı”, “14.1. Sement istehsalı” bəndinin “a) fəhlələr” yarımbəndinə əsasən “Texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingər” və “Sement yüklənməsi ilə məşğul olan yükləyicilər” peşələrinə uyğundur. İddiaçının güzəştli stajının müddəti 5 il 4 ay 24 gün təşkil edir. Qeyd edilir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X12 xx.xx.2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-yə çevrilmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu tərəfindən verilmiş arxiv arayışından görünür ki, xx.xx.1996-cı il tarixli 19/K saylı əmrlə xx.xx.1996-cı il tarixində 1 №-li sexə 5-ci dərəcəli təmirçi-çilingər işinə qəbul edilmişdir. xx.xx.1996-cı il 37/K saylı əmrə əsasən AR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə (köçürmə yolu ilə) əsasən xx.xx.1996-cı il tarixindən işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixli 7/K saylı əmrlə xx.xx.1999-cu il tarixindən 6 №-li sexə 4-cü dərəcəli təmirçi-çilingər işinə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixli 12/K saylı əmrlə 6 №-li sexin 4-cü dərəcəli təmirçi- Thgəri xx.xx.1999-cu il tarixində 4 №-li sexə 6-cı dərəcəli təmirçi-çilingər işinə keçirilib. xx.xx.2001-ci il tarixli EEİ 03/92 əmrinə əsasən təmizləyici qurğular sexinin ‘‘Bakı Kanalizasiya" İB-nin balansına verilməsi ilə əlaqədar olaraq xx.xx.2001-ci il tarixdən işdən azad edilib. -“X3 İnc.” tərəfindən verilmiş xidmət sertifikatının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı iyul 2002-ci ildən iyul 2007-ci ilədək X3 İnc. Şirkətində boru montajı üzrə quraşdırıcı vəzifəsində işləmişdir. -Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində - Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Üst tikililərin yığılması və quraşdırılması sexində xx.xx.2012-ci il tarixindən ( xx.xx.2012-ci il tarixli 252/k saylı əmr) xx.xx.2012-ci il tarixinədək (xx.xx.2012-ci il tarixli 1094/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 6 ay 16 gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndinin, “a” yarımbəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2012-ci il tarixdən Metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017ci il tarixdə xitam verilmişdir (xx.xx.2017 tarixli 357/17 ir saylı əmr). Qeyd edilir ki, BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü "stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması’’ işlərinin icrası təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı", 29-cu hissəsində, öz əksini tapmış "polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar" bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 4 il 6 ay 1 gün təşkil edir. -BOS Şelf MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək BOS Şelf MMC-də X1 üzrə Quraşdırıcı vəzifəsində çalışmışdır. Onun güzəştli əmək şəraitində iş müddəti 4 il 6 ay 1 gün təşkil edir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. -BOS Şelf MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, İddiaçı 2002-ci il tarixdən 2007-ci il tarixədək təsnifat kodu və fəaliyyət istiqaməti barədə MMC-nin məlumatlı olmadığı digər müəssisədə işləmişdir. Bu səbəbdən onun vəzifə adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən, güzəştli şərtlərlə pensiya hüququ verən peşə olub-olmaması barədə arayışın verilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, SOCAR-ın 14 sentyabr 2012-ci il tarixli, 196 S nömrəli “Əmlakın icarəyə verilməsi haqqında” Sərəncamı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun bütün avadanlıqları və istehsalat sahələri “BOS Şelf’ MMC-yə icarəyə verilmişdir. Buna görə də, həmin tarixdən sonra metal konstriksiyaların istehsalı üzrə işlər BDÖZ tərəfindən deyil, "xxxx" MMC tərəfindən aparılır. Bildirilir ki, Zavod tərəfindən quraşdırma işlərinin yerinə yetirilməməsi və bu sahə üzrə mütəxəssislərinin olmaması səbəbindən İddiaçı “Mak.X5 İnk.”-da (McDermott X10.) işləmiş olduğu “quraşdırıcı” peşəsinin vəzifə fuksiyaları barədə və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda hansı bənddə və yarımbənddə nəzərdə tutulması barədə məlumat verilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “X3 İnc.” şirkəti SOCAR-ın strukturuna aid olmadığından, həmçinin vətəndaşın həmin şirkətlə əmək münasibətlərində olduğu dövr üçün fəaliyyət istiqaməti, o cümlədən icra etdiyi funksiyaları müəyyən olmadığı üçün sorğunuzun cavablandırılması mümkün olmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, dövlət reyestr məlumatlarına əsasən bildirilir ki, Panamanın "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən müraciətdə qeyd olunan hüquqi şəxsin fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir, vergi ödəyicisinin aktiv əmək müqaviləsi müəyyən edilməmişdir. Əlavə olaraq bildirilir ki, Panamanın "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi təqdim edilmədiyindən işçi sayını müəyyən etmək mümkün olmamışdır. Məktuba əlavə olaraq həmin hüquqi şəxsin təsis sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “X14 Konstraktors İNK”-nin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət reyestr məlumatlarına əsasən Panamanın “X3 İNC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarıan əsasən müraciətdə qeyd olunan hüquqi şəxsin fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir, vergi ödəyicisinin aktiv əmək müqaviləsi müəyyən edilməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2002- 31.01,2007-ci il tarixləri arasındakı dövr ərzində “X4 İNC.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında boru montajı üzrə quraşdırıcı vəzifəsində işlədiyi dövr onun ümumi iş stajına daxil edilmişdir və həmin dövr üzrə sözügedən Filial tərəfindən ona dair sosial sığorta ödənişləri həyata keçirilmişdir. Beləliklə, işin faktiki hallarından və məhkəmə iclaslarında tərəflərin izahatlarından müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrləri nəzərə almaqla iddiaçıya ümumilikdə 10 il 5 ay 10 gün güzəştli staj hesablamış və hazırkı vəziyyətdə iddiaçının qanunvericilikdə tələb olunan (12 il, 6 ay) güzəştli stajı mövcud olmadığı qənətinə gəlmişdir. İddiaçı xx.xx.2002ci ildən xx.xx.2007-ci ilədək (5 il, 1 ay) hazırda fəaliyyət göstərməyən “MakX5 İnk.” Şirkətində boru montajı üzrə quraşdırıcı vəzifəsində işlədiyi dövrün güzəştli staj kimi sayılmamasından narazıdır. Cavabdehin bu məsələdə dəlili ondan ibarətdir ki, iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrünün güzəştli staj olmasına dair işəgötürən tərəfindən tərtib edilmiş arayış təqdim edilməmişdir. İddiaçının qanunla tələb olunan yaş həddinə çatması və ümumi iş stajı mübahisələndirilmir. İş materialları ilə də məlum olur ki, iddiaçının xx.xx.2022-ci ildə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun 25 ildən də artıq ümumi iş stajına malik olduğu görünür. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun 1.4.1-cü bəndinə əsasən, Qanunun güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər adlanan 9-cu maddəsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci və 3.2.1-ci bəndlərinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Lakin hazırkı mübahisədə iddiaçının 2002-2007-ci illərdə boru montajı üzrə quraşdırıcı vəzifəsində işlədiyi "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı fəaliyyət göstərmədiyindən iddiaçı həmin müəssisədən güzəştli stajı barədə arayış təqdim edə bilməmişdir. Bununla belə, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, iddiaçının həmin dövrdə (2002- 2007-ci illərdə) göstərilən müəssisədə qeyd olunan peşədə işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinə şübhə yoxdur və cavabdeh tərəfindən həmin müddət iddiaçının ümumi stajında nəzərə alınmışdır. Başqa sözlə, iddiaçının güzəştli staja dair arayışı təqdim edə bilməməsi işin obyektiv hallarından irəli gəldiyindən, bu hal mübahisəli dövrün iddiaçının güzəştli iş stajı kimi də nəzərə alınmasına maneə təşkil etməməlidir. Belə ki, məhkəmə iddiaçının "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi boru montajı üzrə quraşdırıcı (quraşdırıcı, boru quraşdırıcısı) vəzifəsini onun cavabdeh tərəfindən mübahisələndirilməyən İddiaçı adına dərin özüllər zavodunda xx.xx.2012-xx.xx.2012-ci il tarixlərdə işlədiyi “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” vəzifəsinə və xx.xx.2012-xx.xx.2017-ci illərdə "xxxx" MMC-də işlədiyi “metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” vəzifəsinə müəssisələrin fəaliyyət istiqamətlərindəki oxşarlıq və peşələrin xarakteri baxımından uyğun hesab edir və iddiaçının "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialından güzəştli iş stajına dair arayış olmadan da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsi olan – “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “a) fəhlələr” yarımbəndində qeyd olunan “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”a uyğun gələn vəzifə kimi qiymətləndirilməsini mümkün sayır. Bu baxımdan, hazırkı işin hallarına görə iddiaçının 2002-2007-ci illərdə işlədiyi və əmək kitabçasında müvafiq qeydiyyat aparılmış əmək fəaliyyəti dövrünü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən vəzifələrə aid etmək olar. Göstərilənlərə əsasən məhkəmə cavabdehin dəlilini əsaslı saymır və iddiaçının "X3 İNC." Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2002-xx.xx.2007-ci il tarixləri arasındakı işlədiyi dövrün onun güzəştli iş stajına daxil edilməli olması qənaətinə gəlir. Bu halda isə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur (mübahisələndirilməyən 10 il 5 ay 10 gün + mübahisələndirilən 5 il, 1 ay = 15 il, 6 ay, 10 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar