Məhkəmə qərarları › İş №2-1(112)-8531/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8531/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8531/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun qayınatası X2 məxsusdur. Bu barədə Binəqədi qəsəbə Bələdiyyəsindən 27 iyun 2005-ci il tarixli Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında istifadəyə verilməsi ilə bağlı X3 Sərəncam verilmişdir. Bu torpaq sahəsi üzərində yerləşən Tikilini xx.xx.2017-ci il tarixli İlkin Alqı-Satqı müqaviləsi ilə X4 evi X1. İddiaçı azyaşlı oğlu X5 ilə birlikdə ev sahibinin də razılığı olduğu üçün yaşadığı ünvana pasport qeydiyyatına düşmək niyyətindədir. 2017-ci ildən İddiaçı və azyaşlı oğlu X5 orada yaşayır. Həmin ərazidə fərdi yaşayış evlərinin sənədləşməsi prosesi yekunlaşmamışdır və bir çox evin mülkiyyət hüquqları rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Lakin həmin evlər özbaşına tikili sayılmır, dövlət tərəfindən uçota alınmış, evlərin nömrələri mövcud olmaqla dəqiq ünvanları vardır. Həmçinin evin kommunal xərcləri də ödənilir. İddiaçı haqlı olaraq uzun illərdir faktiki yaşadıqları və özlərinə məxsus olan həmin evdə pasport qeydiyyatına alınmaq niyyətindədir. İddiaçı dəfələrlə polis orqanlarına müraciət edərək, qeydiyyat məsələsinin həll edilməsini xahiş etmişdir. Sonuncu dəfə bu barədə ərizə ilə cavabdeh Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2021-ci il tarixli imtina məktublarında qeydiyyata almaq üçün evin mülkiyyət hüququnu təsdiq edən sənədləri tələb etmişdir və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11819/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanına qeydiyyata alınması tələbinə dair iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi Bələdiyyə sərəncamı və ilkin alqı-satqı müqaviləsi onun və azyaşlı övladının həmin fərdi yaşayış evinə dair hüquqi bağlılığını ifadə edən pasport qeydiyyatına alınmasına əsas verən qanunla təqdim edilməsi tələb olunan hüquqmüəyyənedici sənədləri ehtiva etmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki tələb əsasında azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına nail olmaq istəyir. Lakin iddiaçı həmin tələbə artıq məhkəmə qərarı ilə münasibət bildirildiyini və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının olduğunu nəzərə almamışdır. Belə ki, İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı eyni tələb, daha dəqiq desək azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçının həmin tələbinə mahiyyəti üzrə baxılmış və pasport qeydiyyatına alınmasına əsas verən qanunla təqdim edilməsi tələb olunan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə iddiası təmin edilməmişdir. Məhkəmənin həmin qərarından apellyasiya şikayəti verilməmiş və məhkəmə qərarı öz qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərar qüvvədə olduğundan və həmin qərarda göstərilən əsaslar (yeni sübutlar – hər hansı bir şəxsin yaşayış yeri üzrə qeydiyyatın olması və ya iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı sübutlar mövcud olduğu halda) aradan qaldırılmadığından, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar