Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8532/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə ehtiyata buraxılması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2000-ci ildən ordu sıralarında həqiqi hərbi xidmətdədir. Hazırda N saylı Hərbi hissənin Urolo-Ginekologiya bölməsinin rəisi vəzifəsində xidmət edir, tibb xidməti polkovnik -leytenantıdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin b) bəndinə əsasən, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 - 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Həmin Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İddiaçı təhsilini davam etdirərək, Türkiyə Respublikasında tibb üzrə doktoranturada təhsil almaq niyyətindədir. Bu səbəbdən onun tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı barədə əmr verilməsini xahiş etmiş, lakin cavab almamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. 30 avqust 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 26.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatətdə bildirilir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Naxçıvan MR İnzibati Məhkəməsidir . İddiaçının yaşayış yeri Naxçıvan şəhəri olduğundan iddia aidiyyəti üzrə Naxçıvan MR İnzibati Məhkəməsinə verilməli idi. Bu səbəbdən də İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair inzibati iş materiallarının aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən vəsatətə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsinin 15 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Məmmədov X1 şəhəri, Bektaşi küçəsi, bina 1, mənzil 14 ünvanında kirayə yaşayır. İş materiallarında olan Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən İddiaçı müraciətinə cavab olaraq göndərilmiş cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı uzun müddət zabit kimi xidmətini, peşəkar bir zabit kimi xidmət dövründə əldə etdiyi bilik və bacarığını, Vətən müharibəsindən sonra ixtisaslı kadrlara olan ehtiyac nəzərə alınaraq öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müvəqqəti olaraq məqsədəuyğun hesab olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 30.08.2021-ci il tarixli 1/3033 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, tibbi xidməti polkovnikleytenantı İddiaçı 08.09.2000-ci il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir və hal-hazırda N nömrəli hərbi hissədə bölmə rəisi vəzifəsində həqiqi hərbi xidmət keçir. Aşağıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə inzibati orqanla (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) hərbi qulluqçular arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hal-hazırda N saylı hərbi hissədə xidmət keçir və N saylı hərbi hissə – Naxçıvan şəhərində yerləşir. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.3-cü maddəsində göstərilən (iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının hazırda xidməti etdiyi və yaşadığı yer üzrə səlahiyyətli məhkəmə olan Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsi ilə müəyyən edildiyi nəzərə alınmışdır. “Məhkəmələr və Hakimlər haqqında” qanunun 43-cü maddəsinə əsasən İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə ehtiyata buraxılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 8532/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-8532/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8532/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver