Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8532/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Ahmadi Alirezanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və ölkə ərazisində müvəqqəti yaşamaq müddətinin uzadılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ahmadi Faxrabad Alireza cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsinin müddətinin uzadılması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoymaqla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı qərarının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-ci il tarixdə rəsmi olaraq Azərbaycan vətəndaşı X1 ilə ailə qurmuşdur və bu nikahdan xx.xx.1998-cu il tarixdə X2 və X3 adlı övladları doğulub. O, özü İran vətəndaşı olsa da milliyəti azərbaycanlıdır. Onun ata babası azəraycan türküdür. O, azərbaycan xanımı ilə ailə qurmaqla Azərbaycanda yaşayır və faktiki olaraq buranın vətəndaşı sayılır. Həmçinin onun övladları da burada yaşayır. O, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması üçün cavabdeh X5 müraciət etmişdir, lakin oradan ona imtina olunması barədə qərar verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, İran İslam Respublikasının vətəndaşı Ahmadi Alireza xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması bardə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən həmin müraciətə baxılaraq, müvafiq sənədlər X11 Sistemi vasitəsilə iddiaçı haqqında rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və sözügedən orqan tərəfindən şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasına etiraz edilmişdir. Yuxarıda qeyd olunan səbəbdən Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsə müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, 20 iş günü ərzində baxılır (Miqrasiya Məcəlləsinin 47.5-ci maddəsinə əsasən) Həmin Məcəllənin 47.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir. Həmin Məcəllənin 47.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. Lakin, müvafiq icra hakimiyyəti orqanı tərəfindən sorğuya cavab olaraq iddiaçı barədə mənfi rəy verilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən miqrasiya proseslərinin idarə edilməsi, o cümlədən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi və icazənin müddətinin uzadılması barədə vəsatətlərin əsaslı olub-olmadığının qiymətləndirilməsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılaraq sözügedən şəxs barəsində qərar qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarından görünür ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin, 45.1.1-ci və 46.2-ci maddələrini rəhbər tutaraq 1. İran İslam Respublikası vətəndaşı Ahmadi Alirezanın 18 fevral 2023-cü il tarixli müraciəti təmin edilməsi, 2. İran İslam Respublikası vətəndaşı Ahmadi Alirezaya Azərbaycan Respublikasının arazisində etibarlılıq müddəti 23 fevral 2023-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilməsi. 3. İran İslam Respublikası vətəndaşı Ahmadi Alirezaya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə etibarlılıq müddətinin 23 fevral 2023-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilməsi, 4. Qanunvericilikdə nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, Ahmadi Alirezaya verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ləğv edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarına əsasən 23 iyun 1970-ci il təvəllüdlü, B97490601 nömrəli pasporta malik olan Ahmadi Alirezanın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə 08 yanvar 2024-cü il tarixli 5160/m nömrəli müraciətinə baxaraq Ahmadi Alireza 08 yanvar 2024-cü il tarixli müraciətində qohumluq münasibəti əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin müraciətinə imtina verilməsi üçün əsas olan halın mövcud olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50-ci maddəsini rəhbər tutaraq, İran İslam Respublikası vətəndaşı Ahmadi Alirezanın 08 yanvar 2024-cü il tarixli müraciətinin təmin edilməməsi və İran İslam Respublikası vətəndaşı B97490601 nömrəli pasporta malik olan Ahmadi Alirezanın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulması haqqında qərar qəbul edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, X13 İslam Respublikasının vətəndaşı olmaqla Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə ona 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmiş, icazənin müddəti 23 fevral 2024-cü il tarixdə bitmişdir. Ahmadi Alireza Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə cavabdeh orqana 08 yanvar 2024-cü il tarixdə müraciət etmiş, xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarla müraciətin təminindən imtina edilmiş, eyni zamanda Ahmadi Alirezanın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğvini və müvəqqəti yaşamaq icazəsinin müddətinin uzadılmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddianın mahiyyəti üzrə dəyərləndirməsində aşağıdakı normaları rəhbər tutur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər. 44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 47.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. 47.3. 18 yaşına çatmamış uşağın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır. 47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 47.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır. 47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir. 47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 47.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 47.10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması X11 Sistemi vasitəsi ilə həyata keçirilir. -48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. 48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. 48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. -50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2013-cü il tarixli 938 nömrəli Fərmanı: 5.4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin.....47.1-ci... maddələrində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 5.11. ...47.5-ci, 47.6-cı, 47.7-ci maddələrində ... nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsiə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd edilən normalardan müəyyən olunur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallardan biridir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurula biləcəyi halının kriteriyasını isə Miqrasiya Xidməti deyil, aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyətli dövlət orqanının məktubunu nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil. Hazırkı iş üzrə də aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən iddiaçının milli təhlükəsizliyə təhdid yaratması barədə mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. Hazırkı qərarın ləğv edilməməsinin zəruriliyi isə ictimai marağın fərdi maraqdan üstünlüyü baxımından da əhəmiyyətlidir. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin: -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. -73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Ahmadi Alirezanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və ölkə ərazisində müvəqqəti yaşamaq müddətinin uzadılması” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8532/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8532/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver