Məhkəmə qərarları › İş №2-1(112)-8534/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8534/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8534/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakimi Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2, 2.4 və 4.2-ci maddələrinin tələblərini nəzərə alaraq ikinci dərəcə əlilliyin növbəti müddətə uzadılmasından imtinaya dair inzibati aktın etibarsız hesab olunması, ikinci dərəcə əlilliyin bərpası və müddətsiz müəyyən edilməsi məqsədi ilə məcburetmə haqqında iddia tələbinin təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə inzibati aktın qəbul edilməsinə dair öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 24.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi 04.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.01.2015-ci il tarixli 4110003AAAAO saylı göndərişi əsasında 27.01.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, böyrək zədələnməsi ilə. İnsulindən asılı şəkərli diabet gözün zədələnməsi ilə. Şəkərli diabet nevroloji ağırlaşmalarla, periferik qan dövranının pozğunluğu ilə. Diabetik katarakta; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla 27.01.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, böyrək zədələnməsi ilə. İnsulindən asılı şəkərli diabet gözün zədələnməsi ilə. Şəkərli diabet nevroloji ağırlaşmalarla, periferik qan dövranının pozğunluğu ilə. Diabetik katarakta; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe olan 2 nömrəli Poliklinikasının 12.01.2021-ci il tarixli 4400003AAADC saylı göndərişi əsasında 22.01.2021ci il tarixdə baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet, tip 2, insulin tələbli, ağır forma. Diabetik nefropatiya. Diabetik ensefalopatiya. Diabetik neyropatiya. Diabetik retinopatiya. Diabetik nefropatiya. proteinuriya mərhələsi. Böyrəklərin xroniki xəstəliyi. İİ mərhələ. Diabetik angiopatiya. OU-diabetik katarakta. Diabetik neyropatiya. XBÇ İİ mərhələ, proteinuriya. OU-diabetik katarakta. ÜİX Aterosklerotik kardioskleroz. Ekstrasistolik aritmiya. Prostat vəzin hiperplaziyası. ÜİX Aterosklerotik kardioskleroz. Ekstrasistolik aritmiya. Xroniki ürək çatmamazlığı İ f/s. ÜİX Ekstrasistolik aritmiya. Arterial hipertenziya İİ dərəcə. Dissirkulyator ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müxtəlif illərdə fasilələrlə stasionar yazılıb, ancaq qeyd edilən stasionar müalicələr göndərişlərin tarixçəsində cəmi 22 gündür. Ətraflı müayinə olunmayıb. İxtisaslaşmış Xəstəxanada ətraflı stasionar müayinə və müalicə olunması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Daha sonra müəyyən olunmuşdur ki, iddiaçı məhkəmədə iddia qaldırdığı 14.07.2021ci il tarixdən sonra barəsində Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan 2 nömrəli Poliklinikasının 4400003AAAF9 saylı 15.07.2021-ci il tarixli Forma 088 nömrəli göndərişi tərtib edilərək sistemə yerləşdirilmiş və həmin göndəriş əsasında cavabdeh orqan tərəfindən 25.07.2021-ci il tarixdə İddiaçı əlillik vəziyyətinə baxılmış və “X1: İV sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet, tip 2, ağır forma, insulintələbli. OU-Diabetik angiopatiya. Diabetik katarakta. Diabetik nefroangiopatiya. Nefrogen hipertoniya. Diabetik ensefalopatiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15- E16.1,E22.0-E22.1,E23.0-E23.2,...); Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə, hazırkı halda inzibati iş üzrə iddiaçının arzuladığı inzibati akt qəbul edildiyindən, yəni iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edildiyindən cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi və s.” tələbinə dair 2-1(112)-8534/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar