Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8534/2024 28.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri tərəfindən yol verilən və övladı İddiaçı hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması; İddiaçı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əsədli X11 rayonundan məcburi köçkündür. Lakin keçmiş həyat yoldaşı Abşeron rayonunda pasport qeydiyyatında olmaqla məcburi köçkün deyil. Keçmiş həyat yoldaşı X7 ilə nikahı pozulmuş və uşaqlar onun yanında saxlanmışdır. Məcburi köçkün kimi Bakıya gəldikdən sonra ona 2011-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Valideyni məcburi köçkün statusuna malik olan şəxslər Bakıda və yaxud Respublikanın digər şəhər və rayonlarında anadan olmasına baxmayaraq məcburi köçkün statusuna malik olduğundan övladları da bu günə kimi məcburi köçkün statuslu sayılıb və nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edib. Belə ki, o zamanlar məcburi köçkünlərə verilən güzəştlərdən ailə üzvü kimi onların da adı qeyd edilib və o da istifadə edib, həmçinin məcburi köçkünlərə edilən kommunal güzəştlərlə bağlı siyahıda həmişə onların da adı qeyd edilib və Dövlət Komitəsi də onu da nəzərə alıb. Məcburi köçkünlər Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini aldıqdan və müvafiq sənədlərlə birlikdə səlahiyyətli orqana təqdim etdikdən sonra onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Övladı İddiaçı da şəxsiyyət vəsiqəsi ilə təmin olunduqdan sonra ona köçkün vəsiqəsi almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin ona bu vəsiqənin verilməsindən imtina edilmişdir. Uşağın anası Abşeron rayonu Ceyranbatan qəsəsbəsi yeni məhəllədə qeydiyyatda olduğu üçün onlara məcburi köçkün statusu və vəsiqəsi verilə bilməz. Necə yəni valideyni kimi məcburi köçkün olan uşaq özü köçkün sayılmır?! Sonradan ona bildirilmişdir ki, qanunla qızına status verilməmək üçün heç bir əsas yoxdur, işi tam aydınlaşdırmaq üçün aşağıdakı kimi Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə müvafiq suallarla müraciət etmişdir: Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün statusu hansı hallarda verilir? Məcburi köçkün statusunun əldə edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada hansı sənədlər tələb olunur? Məcburi köçkün statusu verilməsindən imtinanın əsasları hansılardır (müvafiq hüquqi akta istinad edilməklə)? “Məcburi köçkün vəsiqəsi” məcburi köçkün statusunu təsdiqləyən yeganə sənəd sayılır? Məcburi köçkün statusunun, eləcə də məcburi köçkün vəsiqəsinin verilməsində hər hansı istisna hal var? Əgər varsa, hansı hallar istisna təşkil edir və nəyə əsasən (müvafiq hüquqi akta istinad edilməklə)? Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən göstərilən suallara müvafiq şifahi cavablar verilmişdir: Məcburi köçkün statusu "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanuna görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsindi tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslərə verilir. “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair" Qaydalara əsasən məcburi köçkün statusu almaq istəyən şəxs, sakini olduğu rayonun işğalı zamanı həmin rayonda daimi yaşamasını və qeydiyyatda olmasını təsdiq edən sənədləri - şəxsiyyət vəsiqəsi, hərbi bilet, işğal- zamanı yetkinlik yaşına çatmamış şəxslərin doğum haqqında şəhadətnaməsi, kişilərdə hərbi bilet yoxdursa. Məcburi köçkün düşdüyü Rayon İcra Hakimiyyətindən məcburi köçkün düşməsi barədə arayış və işğal zamanı həmin rayonda hərbi qeydiyyatda olması barədə hərbi komissarlıqdan arayış, sakini olduğu rayonun işğalı zamanı ali və ya orta təhsil müəssisələrində təhsil almış şəxslər isə diplomunu təqdim etməlidirlər. Məcburi köçkün statusu almaq istəyən şəxsdən göstərilən bütün sənədləri təqdim etmək tələb olunmur. Əgər şəxsi sakini olduğu rayonun işğalı zamanı həmin rayonda hərbi qeydiyyatda olması qeyd edilmiş hərbi biletini təqdim edirsə, ondan şəxsiyyət vəsiqəsindən əlavə hər hansı sənəd tələb olunmur. Həmçinin həmin şəxs işğaldan əvvəl ailə həyatı qurmuşsa, onun arvadına və uşaqlarına məcburi köçkün statusu verilməsi üçün hərbi biletdən əlavə şəxsiyyət vəsiqələri, nikah barədə şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələrini təqdim etməlidir. Lakin şəxs hərbi biletini təqdim etmirsə, onda o məcburi köçkün düşdüyü Rayon İcra Hakimiyyətindən məcburi köçkün düşməsi barədə arayış və işğal zamanı həmin rayonda hərbi qeydiyyatda olması barədə hərbi komissarlıqdan arayış təqdim elməlidir. “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydalara əsasən məcburi köçkün statusu verilməsi üçün müraciət etmiş şəxs məcburi köçkün düşməsi faktını təsdiq edən yuxarıda qeyd edilmiş sənədləri təqdim etməkdən imtina edərsə, ona məcburi köçkün statusu verilmir. Şəxsə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən qanunvericiliyə uyğun olaraq verilmiş "məcburi köçkün” vəsiqəsi məcburi köçkün statusunu təsdiq edən yeganə sənəddir. Valideyni məcburi köçkün statusunu malik olan şəxslər Bakıda və yaxud Respublikanın digər şəhər, rayonlarında anadan olmasına baxmayaraq məcburi köçkün statusuna malikdir və onlara şəxsiyyət vəsiqələri aldıqdan sonra məcburi statusunu təsdiq edən vəsiqələr verilir. Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydaların 5.2-ci bəndində məcburi köçkün statusunun verilmədiyi hallar öz əksini tapmışdır. Qeyd edilən Qaydaların həmin bəndinə əsasən işğalı zamanı həbsdə, müddətli hərbi xidmətdə olmuş, fərarilik etmiş şəxslərə məcburi köçkün statusu və vəsiqəsi verilmir. Qeyd edilən suallara verilən cavablardan da aydın olur ki, övladlarına məcburi köçkün statusu və vəsiqəsi verilməməsi üçün heç bir qanuni əsas və səbəb yoxdur. Komitəyə yenidən qanunla tələb edilən sənədləri təqdim edərək, ərizə ilə övladlarının məcburi köçkün statusu və məcburi köçkün vəsiqəsi verilməsini xahiş etmişdir. Ancaq cavabdeh orqan tərəfindən müraciətinə verilən məktubla status və vəsiqə verilməkdən imtina edilmişdir. Məktubdan da göründüyü kimi əslində övladlarına məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün heç bir qanuni əsas yoxdur. Cavabdeh öz məktubunda belə imtinasını əsaslandıracaq heç bir lazımi qanuna istinad edə bilməmişdir. Çünki nə "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda, nə də "Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydalarda atası məcburi köçkün olan şəxsin anasının Abşeron rayonunda qeydiyyatda olması onu status almaq hüququndan məhrum etmir. Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanuna görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatət qaldırılması qaydası qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Maddənin məzmunundan göründüyü kimi məcburi köçkün statusu verilməsi üçün şəxs səlahiyyətli dövlət orqanından qeydiyyatdan keçməlidir. Bunun üçün ərizə (vəsatət) vermək tələb olunmur. Çünki “məcburi köçkün statusu” bir vəziyyətdir ki, bu vəziyyətə şəxslər öz iradələrindən asılı olmayaraq düşürlər və onların qeydiyyatı qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin formalaşmasını və onun həyata keçirilməsini təmin etmək baxımından çox önəmlidir. “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair" Qaydalara əsasən məcburi köçkün statusu almaq istəyən şəxs, sakini olduğu rayonun işğalı zamanı həmin rayonda hərbi qeydiyyatda olması qeyd edilmiş hərbi biletini təqdim edirsə ondan şəxsiyyət vəsiqəsindən əlavə hər hansı sənəd tələb olunmur. Həmçinin həmin şəxs işğaldan əvvəl ailə həyatı qurmuşsa, onun arvadına və uşaqlarına məcburi köçkün statusu verilməsi üçün hərbi biletdən əlavə şəxsiyyət vəsiqələri, nikah barədə şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələrini təqdim etməlidir. Qeyd edilən qaydalardan belə aydın olur ki, əslində ailənin digər üzvlərinə status məhz ataya, ailə başçısına görə onun ailə üzvlərinə verilir. Məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla). Bu isə o deməkdir ki, məcburi köçkün nəinki faktiki yaşayış yerində qeydiyyata alına bilər, hətta özünə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlak da əldə edə bilər və bu halda hətta rüsumdan azaddır. Məcburi köçkün isə öz aldığı mənzil və ya evə qeydiyyata düşmək hüququna malikdir və bu hüququn hər hansı bir vəziyyətlə bağlı məhdudlaşdırılması qadağandır. Qeyd edilən Qaydalarda da konkret olaraq imtinanın əsasları və səbəbləri göstərilib. Bu hallar mövcud olmadıqca məcburi köçkün statusu və vəsiqəsi verilməsindən imtina əsassızdır. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Heç kəsə qanunsuz əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3cü bəndinə görə, dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin 3cü bəndinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə, müraciət baxılmış hesab olunur. Cavabdehin verdiyi cavab hüquqi cəhətdən əsaslandırılmayıb, qurumun hansı normativ akta istinad eldiyi göstərilməyib. Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış vətəndaşların normal həyal tərzi üçün şərait yaratmaq hər bir dövlət orqanının və vətəndaşının ən ümdə borcudur. Odur ki, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən yol verilən və övladlarının hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması və onlara məcburi köçkün statusunun verilməsi və bu statusu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı X3nın daimi qeydiyyatı Abşeron rayonu, Ceyranban qəsəbəsi, Yeni məhəllə ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Əsədli X11 rayonun Zəngilan Ə/D qıraq Müşlan kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malikdir. İddiaçı anası X1 rayonu, Ceyranban qəsəbəsi, Yeni məhəllə ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X7 məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malik deyildir. İddiaçı X3nın yaşayış yeri üzrə qeydiyyatı “Abşeron rayonu” olduğundan və həmçinin məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malik olmadığından Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən Qanuni nümayəndə ünvanlanmış 3-36-3/2-Ə-3591/2-Ə-3591/2-48/2024/4393 xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı X3nın qeydiyyatı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllə ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 32 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən Qanuni nümayəndə həqiqətən 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində X2 və X4 ilə birlikdə məcburi köçkün düşmüşdür. Hal-hazırda məcburi köçkün kimi qeydiyyatdadır. Aylıq müavinət alır. X2 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X4 xx.xx.2003-cü il tarixdə Bakı şəhər qeydiyyatına düşmüşdür. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 251 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən 1 mədən korpus 8-də qeydiyyatsız yaşayır. Zəngilan rayonundan gəlmiş məcburi köçkündür. AZ-İ seriyalı 450567 saylı xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Qanuni nümayəndə və X8 arasında bağlanılmış nikah pozulmuşdur. AZ-İİ seriyalı 834690 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X8, atası – Qanuni nümayəndə). AA seriyalı 246240 saylı xx.xx.2011-ci il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, Qanuni nümayəndə 1993-cü il tarixdən Zəngilan rayonundan məcburi köçkündür (hazırda müvəqqəti məskunlaşdığı ərazi: Nəsimi rayonu). Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 64 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2006-cı il tarixdə doğulmuş və 2006-cı il noyabr ayından aylıq müavinət alır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Hazırki iddia məcburetməyə dair iddiadır. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların İV hissəsi “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını tənzimləyir. Həmin hissəyə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X12 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X20 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İddiaçı xx.xx.2006-cı il təvəllüdlüdür. O, məcburi köçkün kimi vahid aylıq müavinət alır. İmtina Qaydaların 4.1.6-cı bəndinə əsaslanaraq iddiaçının valideynlərindən birinin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədardır. Məhkəmə qeyd edilən halı araşdıraraq müəyyən etmişdir ki, iddiaçının valideynlərindən biri - atası Əsədli X11 rayonunda doğulmaqla Zəngilan rayonu, Zəngilan ərazi dairəsi, Qıraq Müşlan kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; məcburi köçkündür. X3 da məcburi köçkündür, lakin Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllə ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı məcburi köçkün kimi vahid aylıq müavinət alır. İddiaçının məcburi köçkün kimi vahid aylıq müavinət alması o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq aylıq müavinəti alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmışdır və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Məhkəmə qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, iddiaçı ona məcburi köçkün vəsiqəsi verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuz olmuş və şəxsin hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006cı il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-8534/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8534/2024
28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver