Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8535/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı X7 (Bakı şəhəirndə qeydiyyatdadır, ixtisası hərbiçi, işləmir), iddiaçının nümayəndəsi, vəkili Vəkil(bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqçünas, Bakı şəhər 4 saylı vəkil bürosunda vəkil işləyir ) iştirakı ilə, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində tərtib edilmiş yeni məlumat vərəqinin (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əsgər (Əsgərov) Vidadi Gülheydər oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində tərtib edilmiş yeni məlumat vərəqinin (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 avqust 1985-ci il tarixdən 18 aprel 1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 18 aprel 1992-ci ildən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müxtəlif zabit vəzifələrində xidmət etmişdir. Xidmət dövründə heç bir nöqsana yol verməmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 aprel 2015-ci il tarixli 0204 nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrası rəisinin müavinidosent vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan həmin vəzifəyə uyğun olaraq hesablanan pensiya alır. Pensiyasının yenidən hesablanması ilə əlaqədar rəsmi ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəis müavini Şərif Ərəblinskinin imzası ilə 17 iyun 2021-ci il tarixdə müraciətinə imtina cavabı almışdır. İmtina onunla əsaslandırılmış və göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının” 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdara (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Sözügedən Qərara əsasən əmək iddiaçının pensiyasının sonuncu tutduğu vəzifədən, yəni Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsindən hesablanaraq Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə fondunda təqdim olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 14 fevral 2013-cü il tarixli 58 nömrəli əmri ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Avro-Atlantik inteqrasiya şöbəsinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin 22 noyabr 2013-cü il tarixli 0555 nömrəli əmri ilə həmin vəzifəyə bərabər tutulmaqla N nömrəli hərbi hissənin Mərkəz Rəisi vəzifəsinə təyin olunmuşdur. Yeni təyinatın icra edilərkən hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsi zamanı yuxarı vəzifədən aşağı vəzifələrə təyin olunma hallarını müəyyən edən “Hərbi xidmətdən keçmə haqqında” Əsasnamənin 81-ci maddəsində sadalanan halların heç birinin baş vermədiyi nəzərə alınaraq həmin əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) istinad edilmiş və iddiaçının xidməti yerdəyişməsi Müdafiə Nazirinin müvafiq əmrində “bərabər vəzifəyə təyin olma” kimi təsbit olunmuşdur. Bu isə o deməkdir bu vəzifə yəni Mərkəz Rəisi vəzifəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinə bərabərdir və eyni məbləğdə əmək haqqı ilə təmin olunmalı idi. Bu fakt “Zabit, gizir və miçman vəzifələrinin komplektləşdirilməsi qaydalarına dair yeni Təlimatın” qüvvəyə minməsi haqqında Müdafiə nazirinin avqust 2009-cu il tarixli əmrində öz əksini tapmışdır. Lakin həmin əmr icra olunarkən iddiaçı Kadrlar İdarəsi rəisi vəzifəsinin əmək haqqına bərabər vəzifəyə təyin olunmamış və buna görə də hal-hazırda az pensiya alır. İddiaçı hərbi xidmətdə olarkən onun aşağı vəzifəyə keçirilməsinə əsas verən heç bir nöqsana yol verməmişdir. İddiaçının işdə heç bir nöqsanı olmadığı halda aşağı işə keçməyi də mümkün deyildir. Lakin vəzifəsinin dəyişdirilməsi zamanı əmək haqqının düzgün hesablanmaması nəticə etibarı ilə daha aşağı məbləğli pensiya təyin olunmasına səbəb olmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı ehtiyatda olan polkovnik X7 Azərbaycan Respublikası Müdafiə nazirinin 0204 nömrəli 17 aprel 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Akademiya rəisinin 85 nömrəli 30 aprel 2015ci il tarixli əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmin tarixə iddiaçı X2 təminat xərcliyi (pul təminatı) onun MN 000230 nömrəli haqq-hesab kitabçasında olan məlumatlara əsasən: vəzifə maaşı - 600,00 manat, rütbə maaşı - 138,00 manat, xidmət illərinə görə 40 faiz əlavə - 295,20 manat, "usta" məharət dərəcəsinə görə 35 faiz əlavə - 210,00 manat. "Elmlər namizədi" elmi dərəcəsinə görə - 60,00 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası isə 64,00 manat təşkil etmişdir. Bu məlumatlar cavabdeh tərəfindən tərtib olunmuş 02762 nömrəli 07.05.2015-ci il tarixli "məlumat vərəqi"ndə əks olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 2-ci bəndində «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Lakin, iddiaçı X4 Müdafiə nazirinin 0555 nömrəli 22 noyabr 2013-cü il tarixli əmri ilə “Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin rəisi” vəzifəsindən daha az maaşlı hesab edilən “N nömrəli hərbi hissənin komandiri” vəzifəsinə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Eyni zamanda V.Əsgərov yuxarı maaşlı vəzifə hesab edilən, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin rəisi vəzifəsində bir ildən az, cəmi 09 ay 08 gün xidmətdə olmuşdur. Bu da, yuxarıda qeyd edilən maddənin müddəalarına ziddir. Bu səbəbdən də, iddiaçı X5 pensiya təyin olunması tutduğu sonuncu vəzifənin, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsinin təminat xərcliyi barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Cavabdeh bütün bunları nəzərə alaraq iddiaçı X4 iddia tələbinin əsassız hesab edilməsi xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiаçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiаçının vəkili iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışındа nümayəndəsinin iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddiaçını və onun vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə əsasən X7 04.08.1967-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 22 noyabr 2021-ci il tarixli, 11/4433 nömrəli məktubuna aşağıdakı əmrdən çıxarışlar əlavə edilmişdir: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 14 fevral 2013-cü il tarixli, 058 nömrəli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Avro-Atlantik inteqrasiya şöbəsinin rəisi polkovnik X7 tutduğu vəzifədən azad edilmiş və Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsinin (Q1) kadrlar idarəsinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 22 noyabr 2013-cü il tarixli, 0555 nömrəli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin sərəncamında olan (Şəxsi Heyət Baş İdarəsi (Q1) Kadrlar İdarəsinin sabiq rəisi) polkovnik X1 Hava Hərəkətinin İdarəolunma Mərkəzinin (N nömrəli h/h) rəisi təyin olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 11.11.2021-ci il tarixli, 8/1032 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş 07 may 2015-ci il tarixli, MN-02762 nömrəli Məlumat vərəqinin surətindən görünür ki, X7 30 aprel 2015-ci ildə Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini –dosenti vəzifəsindən xəstəliyə görə tərxis olunmuş, pul təminatı(təminat xərcliyi) aşagıdakı kimi olmuşdur: vəzifə maaşı 600 manat, rütbə maaşı 138 manat, ximəti illərinə görə əlavə 295,20 manat, ərzaq payı 64 manat, “usta” məharət dərəcəsinə görə 210 manat, “elmlər namizədi”elmi dərəcəsinə görə - 60 manat . Cavabdeh tərəfindən X5 ünvanlanmış 09.06.2021-ci il tarixli, 1/Ə-13153 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafəyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı Kadrlar İdarəsinin rəisi vəzifəsindən azad olunarkən səhhətində olan problemlərlə əlaqədar raportla müraciət etdiyi göstərmişdir. Təqdim edilmiş 3 aprel 2015-ci il tarixli 242 nömrəli xəstəlik haqqında şəhadətnamədən aydın olur ki, 2010-cu ildən 2015-ci ilədək müxtəlif tarixlərdə iddiaçının səhhətində olan problemlərlə əlaqədar Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. İddiaçının N nömrəli hərbi hissənin komandiri vəzifəsinə təyin edildiyi müvafiq əmrdə səhhəti ilə əlaqədar xidmət mənafəyi naminə daha az maaşlı vəzifəyə keçirilməyi barədə müddəanın əlavə edilməsi üçün Kadrlar İdarəsinin rəisi vəzifəsində bir ildən çox müddətdə xidmət etməsi zəruri idi. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının vəzifədən azad edildiyi tarixdən sonra bir sıra digər vəzifələrə təyin olunmuş və 1 il 5 ay müddətində Azərbaycan Ordusunda həqiqi hərbi xidmətini davam etdirdiyi üçün Kadrlar İdarəsinin rəisi vəzifəsindən azad edildiyi tarixdən ehtiyata buraxılması barədə əmrin verilməsi mümkün deyil. İddiaçının əmək pensiyası sonuncu tutduğu vəzifədən, yəni, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsindən hesablanaraq Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 30 aprel 2015-ci il tarixində Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini –dosenti vəzifəsindən xəstəliyə görə ehtiyata buraxılmışdır. Həmin tarixə pul təminatı(təminat xərcliyi): vəzifə maaşı 600 manat, rütbə maaşı 138 manat, ximəti illərinə görə əlavə 295,20 manat, ərzaq payı 64 manat, “usta” məharət dərəcəsinə görə 210 manat, “elmlər namizədi”elmi dərəcəsinə görə - 60 manat təşkil etmişdir. Bu məlumatlar məlumat vərəqində əks olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə göndərilmişdir. İddiaçı isə ona əmək pensiyanın təyin edilməsi üçün vəzifəsi AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi olması göstərilməklə yeni məlumat vərəqinin DSMF-yə təqdim edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Həmin Qanunun 9.6.-ci maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda,Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Yuxarıda sadalan normalardan da göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə yeni məlumat vərəqinin əmək pensiyasının yenidən hesablanması üçün göndərilməsi barədə tələbinin hüquqi əsası yoxdur. Belə ki, iddiaçı iddia tələbində göstərdiyi vəzifədə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi) Müdafiə Nazirliyinin şəxsi heyətindən ehtiyata buraxılmazdan əvvəl olmuşdur, yəni həmin vəzifə onun sonuncu tutduğu vəzifə olmamışdır. Bundan başqa iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifədə bir ildən daha az müddət 14 fevaral 2013-cü il tarixdən 22 noyabr 2013-cü ilədək çalışmışdır, həmin vəzifədən xəstəliyə görə daha az maaşlı Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsinə keçirilməsi bilavasitə olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı 22.11.2013-cü il tarixindən müəyyən müddət ərzində X8 idarəolunma mərkəzinin (N nömrəli hərbi hissənin) rəisi vəzifəsində xidmət etmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün onun axırıncı tutduğu Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsinə uyğun məlumatların DSMFyə təqdim edilməsi ilə iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində tərtib edilmiş yeni məlumat vərəqinin (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə iddia tələbi rədd еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85, 110-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində tərtib edilmiş yeni məlumat vərəqinin (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8535/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8535/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver