Məhkəmə qərarları › İş №2-1(112)-8536/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8536/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8536/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 9191 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə İddiaçı şəhadətləndirilmiş və onun barəsində insanın immun çatışmazlığı virusu ilə yoluxma ilə “ümumi xəstəlikdir” qərarı verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasını 29 avqust 2023cü il tarixli, 9191 nömrəli xəstəlik haqqında şəhadətnamə rəyində “ümumi xəstəlikdir” qərarının dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixindən 29 avqust 2023-cü il tarixinə kimi Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olmuş, hal-hazırda ehtiyatda olan zabitdir (rütbəsi mayor). 2021-ci il tarixində onda xora xəstəliyi aşkar olunmuşdur. xx.xx.2021-ci ildə Respublika QİÇS-lə Mübarizə Mərkəzinə İİV İnfeksiyası, İİİ mərhələ, oral kondidoz, xroniki diarreya diaqnozu da qoyulmuşdur. Qeyd edilən xəstəliklərdən də əziyyət çəkir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası sağlamlığımı şəhadətləndirərək ehtiyata buraxılmağı barədə qərar qəbul etsə də, ümumi xəstəlikdir qeyd etmişdirlər. Komissiyanın qərarını qanunsuz hesab edir. Çünki bu illər ərzində o, həqiqi hərbi xidmətdə olmuş, mütəmadi olaraq da müayinələr edilib, lakin həmin illərdə bununla bağlı hər hansı problem ortaya çıxmayıb. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 29 avqust 2023-cü il tarixli, 9191 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin, ümumi xəstəlikdir qərarının dəyişdirilərək xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır qərarı ilə razılaşmadığı üçün cavabdehə rəsmi müraciət etsə də, cavabdeh dəyişdirilməsindən imtina etmişdir. Nazirlər Kabinetinin 59 nömrəli qərarına əsasən hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim- uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Qərara əsasən əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, İsmayıllı RHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.2023-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 5“b” maddəsinin İİİ qrafasına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin e)yarımbəndinə əsasən “ümumi xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 1.8-ci bəndinə əsasən, “şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkimekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır”. Xəstəlik ilk dəfə 2021-ci ilin iyun ayında İddiaçı profilaktik müayinə zamanı aşkar olunmuşdur. N nömrəli hərbi hissədə, müayinə zamanı aşkar edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə o, Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinədə olmuş və diaqnoz təsdiq olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 2367 nömrəli göndərişi ilə MN MHP-də tibbi şəhadətləndirilmiş, MN BKH-də infeksionist tərəfindən konsultasiya olunmuşdur. İddiaçıya aid tibbi sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkim-mütəxəssisi-terapevt tərəfindən araşdırılmış və onda yoluxma olduğu nəzərə alınmış və MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyasının qərarı MN MHHK tərəfindən təsdiq edilmişdir. Məsələnin həlli məhkəmənin mülahizəsinə buraxılır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, 9191 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin “Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyanın Qərarı” adlanan 12-ci bəndində göstərilmişdir ki, “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu “Ümumi xəstəlikdir”; “Xroniki qastroduodenit, remissiya mərhələsində” diaqnozu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Tətbiq edilən hüquq: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa);. .. v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar;... ...

“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”:

44. HHK-nin yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) “Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” b) “Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır” c) “Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” ç) “Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır” d) “Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır e) “Ümumi xəstəlik” ... ç) “Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır” ifadəsinə aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, habelə şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmət onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bilavasitə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışdırsa; əgər yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında sənədlər yoxdursa. e) “Ümumi xəstəlik” ifadəsi aşağıdakı hallarda işlədilir: əgər şəhadətləndirilən şəxsdə yaralanma (travma, kontuziya, xəsarət), xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmət (hərbi toplanış), həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişəcək və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaracaq dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxsin yaralanması (travma, kontuziya, xəsarət) xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə sui-qəsd nəticəsində alınmışdırsa.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 9191 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə İddiaçı şəhadətləndirilmiş və onun barəsində insanın immun çatışmazlığı virusu ilə yoluxma ilə “ümumi xəstəlikdir” qərarı verilmişdir. Hazırda iddiaçı həmin inzibati aktı mübahisələndirərək “ümumi xəstəlikdir” qərarının dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı ilə əvəz edilməsini tələb edir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən “Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır” ifadəsinə aiddir: 1. əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, habelə şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa; 2.əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmət onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 3.əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bilavasitə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışdırsa; 4.əgər yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında sənədlər yoxdursa. Digər tərəfdən həmin Əsəsnaməyə əsasən “Ümumi xəstəlik” ifadəsi bu hallarda işlədilir: 1. əgər şəhadətləndirilən şəxsdə yaralanma (travma, kontuziya, xəsarət), xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmət (hərbi toplanış), həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişəcək və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaracaq dərəcəyə çatmamışsa; 2.əgər şəhadətləndirilən şəxsin yaralanması (travma, kontuziya, xəsarət) xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə suiqəsd nəticəsində alınmışdırsa. Qeyd olunanlardan o nəticəyə gəlmək olar ki, xəstəlik haqqında şəhadətnamədə “ümumi xəstəlikdir” qeyd edilməsi hərbi xidmət dövründə bir halda mümkün ola bilərdi ki, həmin yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə sui-qəsd nəticəsində alınmış olsun. Bu hal iddiaçının vəziyyətinə uyğun gəlmir. “Ümumi xəstəlik” səbəb əlaqəsinin digər əsası-yaralanmasının (travma, kontuziya, xəsarət) hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına qədər yaranmış olması əsası da iddiaçıya uyğun gəlmir. Belə ki, xx.xx.2023-cü il tarixli, 9191 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, iddiaçı xəstəliklə bağlı xx.xx.2009-xx.xx.2009-cu il tarixədək N nömrəli hərbi hissədə: xx.xx.2023-xx.xx.2023-cü il tarixədək MN MHP-da müayinə və müalicədə olmuşdur. İddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olmuş olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübut olunur. Beləliklə, iddiaçı ilk dəfə xəstəliklə bağlı 2009-cu il tarixdə müayinə və müalicə olunmuşdur. Bu o deməkdir ki, xəstəlik hərbi xidmət dövrü yaranmışdır. Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, iddiaçının xəstəliyi “Ümumi xəstəlik” səbəb əlaqəsinə uyğun gəlməməklə, qərarın o hissədə qanuni əsası yoxdur. Digər tərəfdən iddiaçının xəstəliyi yuxarıda əsasları göstərilən “Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır” ifadəsinə uyğun gəldiyindən qərar o hissədə dəyişdirilməlidir. Məhkəmə qeyd edir ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından “Ümumi xəstəlik” həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. Beləliklə, mübahisələndirilən qərar iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktdır. İnzibati icraat haqqında qanunvericiliyin müddəalarına əsasən isə, əlverişsiz inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. İnzibati icraat zamanı isə ilk növbədə inzibati orqan özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıbalmamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib-keçirmədiyinə nəzər yetirməlidir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi və mütənasiblik prinsipinin nəzərə alınması aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. Yuxarıda qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakı nəticəyə gəlməyə əsas verir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Göründüyü kimi, iddiaçıda aşkar olunmuş insanın immun çatışmazlığı virusu ilə yoluxma xəstəliyi hərbi xidmət dövrü yarandığından o, xx.xx.2023-cü il tarixli, 9191 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də xəstəliyin səbəbinin “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi dəyişdirilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilərək, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 9191 nömrəli xəstəlik haqqında şəhadətnamədə İddiaçı İnsanın immun çatışmazlığı virusu ilə yoluxma diaqnozu ilə bağlı “Ümumi xəstəlikdir” səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə dəyişdirilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 9191 nömrəli xəstəlik haqqında şəhadətnamədə İddiaçı İnsanın immun çatışmazlığı virusu ilə yoluxma diaqnozu ilə bağlı “Ümumi xəstəlikdir” səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə dəyişdirilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar