Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-854/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi şossesi, 128-ci keçiddə yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzərində İddiaçı MMC-nin daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1989-cu il tarixli, 12/466 saylı sərəncamı ilə “xxxx” Kooperativinə Bakı şəhəri, Binəqədi şössesi, 128-ci keçiddə yerləşən 10000 kv.m. torpaq sahəsi daimi istifadə hüququ əsasında ayrılmışdır. Həmin torpaq sahəsinin 6020,25 kv.m. hissəsi kooperativin faktiki istifadəsində olmaqla həmin sahəyə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Bakı şəhəri, Binəqədi (keçmiş Kirov) RİK XDS-nin xx.xx.1989-cu il tarixli, 40/81 saylı qərarı ilə dövlət qeydiyyatına almmış “xxxx” Kooperativinin, sonradan Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2004-cü il tarixdə, 0104-P41-39513 nömrə ilə dövlət qeydiyyata alınmış “xxxx Servis” İstehsal Kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. Müvafiq qaydada sənədlərini toplayıb sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-ci il tarixli, ********** saylı ərizəsi ilə cavabdehə müraciət edilsə də cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli, **********74 saylı məktubu ilə ərizədə xx.xx.1989-cu il tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilmədiyini, həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsini məqsədəuyğunluğunu səbəb gətirilərək torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdikləri sənədlər qanunvericiliyə əsasən İddiaçı MMC-yə məxsus torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahəsi qanuna müvafiq ilkin olaraq “xxxx” MTK-ya ayrılmış, həmin sahə də naturada təhvil verilmişdir. Hüquqi varisi olan İddiaçı MMC hal-hazıra kimi sahiblik və istifadə hüquqları həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, torpaq sahəsi 1989-cu ildən etibarən MMC-nin faktiki istifadəsindədir və həmin sahəyə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi ilə bağlı sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Təqdim edilən müraciət ərizəsi İddiaçı MMC tərəfindən ünvanlanmamışdır və təqdim olunmuş xx.xx.1989-cu il tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilməmişdir. Həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsi məqsədəuyğundur. Bununla yanaşı sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Bu barədə vətəndaşa xx.xx.2019-cu il tarixli, **********74 saylı cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı MMC «İNŞAATÇİ» kooperativinin, sonradan «İNŞAATÇİ SERVİS» istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. İddiaçı MMC-nin qanuni təmsilçisi X4r və cavabdeh inzibati orqana da sonuncu tərəfindən müraciət edilmişdir. Müraciət edilən zaman texniki səhvə yol verilərək İddiaçı MMC əvəzinə «İNŞAATÇİ» kooperativinin adı qeyd olunmuşdur. Texniki səhvin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilsə də səlahiyyətli numayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı MMC-nin xx.xx.2007-ci il tarixli Nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cəmiyyət Bakı şəh., Kirov RİK XDS-nın xx.xx.1989-cu il tarixli, 40/81 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış «İNŞAATÇİ» kooperativinin, sonradan Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2004-cü il tarixdə, 0104-P41-39513 nömrə ilə dövlət qeydiyyata alınmış «İNŞAATÇİ SERVİS» istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin xx.xx.2007-ci il tarixli, 0104-P41-39513 nömrəli hüquqi şəxsin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, əvvəlki adı «İNŞAATÇİ SERVİS» istehsal kooperativi olan İddiaçı qeydə alınmışdır. - xx.xx.2015-ci il tarixli, **********325500 №-li Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hüquqi ünvanı ünvan 1 keçid, dövlət qeydiyyatı №-si (VÖEN) ********** olan İddiaçı MMC qeydiyyata alınmışdır, qanuni təmsilçisi X4r. - Bakı şəhər X2 İcraiyyə Komitəsinin “Layihələşdirməyə və tikinti aparılmasına icazə verilməsi və torpaq sahəsinin ayrılması haqqında” 12/446 №-li, xx.xx.1989-cu il tarixli qərarından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, «xxxx» kooperativinin müraciəti (xx.xx.1989-cu il tarixli, 21 №-li məktub) təmin edilmiş və Kirov rayonu, Binəqədi qəsəbəsinin cənub-qərb tərəfindən, 1288-ci keçid ünvanında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 179 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1979-cu il tarixi, 59/517 saylı qərar kimi deyil, xx.xx.1979-cu il tarixli, 59/917 saylı qərar kimi Dövlət Arxivinin Bakı filialında mövcud olmaqla həmin qərarın və xx.xx.1989-cu il tarixli, 12/446 saylı qərarının təsdiq edilmiş ksero surətləri 5 (beş) vərəqdən ibarət göndərilmişdir və “xxxx” Kooperativinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhər X2 İcraiyyə Komitəsinin “Torpaq sahələrinin ayrılması haqqında” 59/917 №-li, xx.xx.1979-cu il tarixli qərarın 19-cu bəndindən görünür ki, 16 saylı Müəssisənin xahişi (xx.xx.1978-ci il tarixli, 2368 saylı məktub) təmin edilmiş və Kirov rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid ünvanında birləşdirilmiş qaraj və avtomobil təmiri emalatxanasının tikintisi üçün 2,0 ha torpaq sahəsi ayrılmışdır. - Həmin məktuba əlavə edilmiş Bakı şəhər X2 İcraiyyə Komitəsinin “Layihələşdirməyə və tikinti aparılmasına icazə verilməsi və torpaq sahəsinin ayrılması haqqında” 12/446 №-li, xx.xx.1989-cu il tarixli qərarın 7 və 7.1-cü bəndlərindən görünür ki, «xxxx» kooperativinin müraciəti (xx.xx.1989-cu il tarixli, 21 №-li məktub) təmin edilmiş və Kirov rayonu, Binəqədi qəsəbəsiinin cənub-qərb tərəfindən, 1288-ci keçid ünvanında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. Ərazinin uzun müddət istifadəsiz qalması ilə əlaqədar olaraq Bakı şəhər X6 İcraiyyə Komitəsinin “16 saylı Müəssisəyə birləşdirilmiş qaraj və avtomobil təmiri emalatxanasının tikintisi üçün Kirov rayonu, Binəqədi qəsəbəsinin cənub-qərb tərəfində, 1288-ci keçid ünvanında torpaq sahəsinin ayırlması haqqında” xx.xx.1979-cu il tarixli 59/517 saylı qərarının 19-cu bəndi qüvvədən düşmüş hesab edilmişdir. - Qeyd olunan qərardan həmçinin görünür ki, tikinti aparan təşkilata Bakı şəhəri X6 İcraiyyə Komitəsinin Baş Memarlıq-Planlaşdırma İdarəsinin istifadə müddəti və qaydası ilə bağlı tapşırığının yerinə yetirməsi, sahəni naturada qəbul edilməsi və sanitar vəziyyətinə nəzarət olunması, arxitektura – planlama təşkilatının ərazinin və obyektin özünün eskiz həllinin Bakı şəhəri X6 İcraiyyə Komitəsinin Baş Memarlıq-Planlaşdırma İdarəsi ilə razılaşdırılması tapşırılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 005672 №-li, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən həmin torpaq sahəsinin planı və ölçüsü “xxxx” Kooperativinə Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 12/446 saylı qərarı ilə istehsalat bazasının tikintisi üçün daimi istifadəyə ayrılmış 10000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Plan və ölçüyə görə torpaq sahəsinin kadastr göstəriciləri 6020,65 kv.m.-dir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********53 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhər Sovetinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş may 1990-cı il tarixli, 90/133 №-li akta və torpaq ayırma cizgisinə əsasən Binəqədi qəsəbəsində “xxxx” Kooperativinə istehsalat bazasının təşkili üçün 1,0 ha. torpaq sahəsi Binəqədi qəsəbəsi, 1288-ci keçid ünvanında ayrılaraq naturada təhvil verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin baş məsləhətçisi N.Ş.Əzməmmədov, məsləhətçi T.Məhərrəmov, “xxxx” Kooperativinin sədri V.Şahpələngov tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli akta əsasən həqiqətən kooperativin qanuni istifadəsinə verilmiş 1,0 ha. torpaq sahəsinin 0,42 ha hissəsi məcburi köçkünlər tərəfindən zəbt edilərək istifadə olunmuş, Kooperativin istifadəsində qalan 0,58 ha torpaq sahəsinin rəsmiləşdirilməsinə “xxxx” Kooperativinin rəhbəri etiraz etməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “xxxx” Kooperativinin etibarnamə əsasında nümayəndəsi X5 ünvanlanan **********74 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, təqdim etdiyi müraciət ərizəsi İddiaçı MMC tərəfindən ünvanlanmamışdır və təqdim olunmuş xx.xx.1989-cu il tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilməmişdir. Həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsi məqsədəuyğundur. Bununla yanaşı sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çölölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 59/917 №-li, xx.xx.1979-cu il tarixli qərarının 19-cu bəndinə əsasən 16 saylı Müəssisənin xahişi (xx.xx.1978-ci il tarixli, 2368 saylı məktub) təmin edilərək Kirov rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid ünvanında birləşdirilmiş qaraj və avtomobil təmiri emalatxanasının tikintisi üçün 2,0 ha torpaq sahəsi ayrılmış, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 12/446 №-li, xx.xx.1989-cu il tarixli qərarın 7 və 7.1-ci bəndlərinə əsasən 16 saylı Müəssisəyə ayrılmış torpaq sahəsi uzun müddət istifadəsiz qalması ilə əlaqədar olaraq alınaraq həmin sahədə «xxxx» kooperativinin müraciəti əsasında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. Bakı şəhər Sovetinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş may 1990-cı il tarixli, 90/133 №-li akta və torpaq ayırma cizgisinə əsasən 1 ha torpaq sahəsi “xxxx” Kooperativinə naturada ayrılaraq təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə “xxxx” Kooperativinin müraciətinə əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 12/446 saylı qərarı ilə istehsalat bazasının tikintisi üçün daimi istifadəyə ayrılmış 10000 kv.m torpaq sahəsinin faktiki ölçüsünə, yəni 6020,65 kv.m.-nə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırki İddiaçı MMC-nin «İNŞAATÇİ» kooperativinin, sonradan «İNŞAATÇİ SERVİS» istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. İddiaçı MMC-nin qanuni təmsilçisi Rauf Salayev texniki səhvə yol verərək hüquqi varisi olduğu “xxxx” Kooperativinin adından cəmiyyətə ayrılmış torpaq sahəsində daimi istifadə hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh müraciət ərizəsinin İddiaçı MMC tərəfindən ünvanlanmamasını, təqdim olunmuş xx.xx.1989-cu il tarixli, 12/446 saylı qərarda torpağın sahəsinin qeyd edilməməsini, həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməməsini, sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun: - 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). - 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2 və 24.3-cü maddələrinə görə isə inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hüquqi varisi olduğu quruma (“xxxx” Kooperativinə) müvafiq ərazidə torpaq sahəsinin ayrılmasına dair hüquqi akt (Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 12/446 saylı qərarı) mübahisələndirilərək ləğv edilmədiyindən, eləcə də etibarsız sayılmadığından bu sənəd sübut kimi mötəbər qiymətləndirilməlidir. Ayrılımış torpaq sahəsinin ölçüsünə gəldikdə isə qeyd edilən qərarda bu barədə konkret göstərilməsə də işdə olan sənədlərlə (Bakı şəhər X2 İcraiyyə Komitəsinin 59/917 №-li, xx.xx.1979-cu il tarixli qərarı, Bakı şəhər Sovetinin Baş Memarlıq və şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş may 1990-cı il tarixli, 90/133 №-li akt,xx.xx.2007-ci il tarixli akt) müəyyən edilir ki, iddiaçının hazırda istifadəsində olan faktiki torpaq sahəsinin ölçüsü onun iddia etdiyi həcmdə - 6020,25 kvm.-dir. Bu ölçü həm də vaxtı ilə müvafiq səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində də təsdiqini tapır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraatda “İnzibati icraat haqqında” Qanunun 15 və 24-cü maddələrinin tələblərinə əməl edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında, həmçinin etirazında göstərdiyi digər dəlili isə (müraciətin İddiaçı MMC tərəfindən olunmamasını) formal mülahizə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə iddiaçının istifadə hüquqlarının qeydiyyatı üçün əsasdır. Həmin hüquqların qeydə alınmasından cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə İddiaçı MMC-nin daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə İddiaçı MMC-nin daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-854/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-854/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver