Məhkəmə qərarları › İş №2-1(112)-854/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-854/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-854/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ümumvətəndaşlıq pasportunda soyadına dəyişiklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ümumvətəndaşlıq pasportunda soyadına dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümümvətəndaş pasportunda soyadının “Adigozel” kimi yazılmaqla və qalan haqqında olan məlumatların əvvəlki kimi saxlanılmaqla ona yeni ümumvətəndaşlıq pasportunun verilməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1989-cu ildə ünvan 1 ünvanında yaşayır. Atası Adıgözəlov Zöhrab Məmməd oğlu, anası X1r. Ona xx xxxxx 2013-cü il tarixdə verilmiş ümumvətəndaşlıq pasportunda soyadının “Adigozal” kimi qeyd edilməsi ona çətinliklər yaradır. Belə ki, getdiyi xarici ölkələrin hava limanlarında uçuş üçün təyyarələrə bilet alarkən soyadı sistemdə “Adigozel” kimi çıxır, eyni zamanda Beynəlxalq festivallarda mükafat alan zaman “Adigozal” sonluğu ilə “Adigozel” arasında anlaşılmazlıq ortaya çıxır və o, çətinliklərlə üzləşməli olur. O, “Dünya kinosu”nda Elvin Adigozel kimi tanınır və ölkəni müxtəlif beynəlxalq festivallarda təmsil edir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək ona köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən ona ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 018-17937A-3220 saylı cavab məktubundan görünür ki, tələbi müsbət həll edilməmiş və ona məhkəməyə müraciət etmək təklif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 018-4390-1220 №li iddia ərizəsinə dair mülahizəsində göstərmişdir ki, Azərbaycan əlifbasının “Ə” hərfi transliterasiya qaydalarına uyğun olaraq “A” kimi əks olunduğundan və transliterasiya sözə görə yox, hərfə görə aparıldığından vətəndaşın soyadı azərbaycan dilində “ADİGÖZƏL” kimi, transliterasiyada isə “ADİGOZAL” kimi qeyd olunmuşdur. Yeni nəsil şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi sistemində hər hansı istisna nəzərdə tutulmadığından şəxsiyyət vəsiqəsində və pasportda soyadın transliterasiyasının fərqli qaydada göstərilməsi mümkün deyildir. Yalnız doğum haqqında şəhadətnamədə soyad “ADİGÖZEL” kimi qeyd olunduğu halda və ya məhkəmənin qətnaməsi əsasında şəxsiyyət vəsiqəsində və pasportda soyadın transliterasiyası “ADİGOZEL” kimi qeyd oluna bilər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək, şifahi məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2013-cu il tarixdə verilmiş doğum haqqında AZ-İİİ № 023680 saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1989-cu ildə Goranboy şəhərində doğulmuş İddiaçı atası Adıgözəlov Zöhrab Məmməd oğlu, anası isə X1r. iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx xxxxxx 1989-cu ildə Goranboy şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanda yaşayır. iddiaçıya məxsus AZE seriyalı P5238305 №li ümumvətəndaş pasportunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı transliterasiya qaydalarına uyğun olaraq soyadı “ADİGOZAL”, adı “ELVİN”, ata adı “Zöhrab” kimi qeyd edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 018-17937A3220 saylı xx xxxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan əlifbasının “Ə” hərfi transliterasiya qaydalarına uyğun olaraq “A” kimi əks olunduğundan və transliterasiya sözə görə yox, hərfə görə aparıldığından vətəndaşın soyadı azərbaycan dilində “ADİGÖZƏL” kimi, transliterasiyada isə “ADİGOZAL” kimi qeyd olunmuşdur. Yeni nəsil şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi sistemində hər hansı istisna nəzərdə tutulmadığından şəxsiyyət vəsiqəsində və pasportda soyadın transliterasiyasının fərqli qaydada göstərilməsi mümkün deyildir. Yalnız doğum haqqında şəhadətnamədə soyad “ADİGÖZEL” kimi qeyd olunduğu halda və ya məhkəmənin qətnaməsi əsasında şəxsiyyət vəsiqəsində və pasportda soyadın transliterasiya “ADİGOZEL” kimi qeyd oluna bilər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının məhkəməyə ünvanlanmış T/7 nömrəli xx.xx.2020-ci il tarixli təqdimatında göstərilmişdir, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilən məlumata görə soyadı ingilis dilinə “ADİGOZAL” kimi transliterasiya edilmişdir. Terminologiya Komissiyasında müzakirə zamanı qeyd edilmişdir ki, “ADİGÖZƏL” soyadının ingilis dilində “ADİGOZAL” kimi yazılış forması Azərbaycan dilinin transliterasiyası normalarına uyğun qəbul edilmir. Belə ki, Azərbaycan dilinə transliterasiyası normalarına uyğun olaraq bu soyad “ADİGOZAL” kimi deyil, ingilis dilinə transliterasiyası “ADİGOZEL” formasında olmalıdır. Bu yazılış forması soyadın düzgün yazılış qaydalarını özündə ehtiva edir. Terminologiya Komissiyası transliterasiyası normalarını nəzərə alaraq vətəndaşın soyadının ingilis dilinin transliterasiyası qaydalarına uyğun olaraq “ADİGOZAL” deyil “ADİGOZEL” formasında yazılması məqsədəmüvafıq hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 018-173-1221 nömrəli məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri”nə əsasən vəsiqənin üz tərəfində vətəndaşın soyadı, adı və atasının adı yalnız Azərbaycan Respublikasının dövlət dilində, vəsiqənin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə və standartlarına uyğun olaraq maşınla oxuna bilən hissəsində vətəndaşın soyadı və adı ingilis dilində, elektron daşıyıcısındakı məlumatlar isə həm dövlət dilində, həm də İCAO-nun tələblərinə uyğun olaraq ingilis dilində göstərilir. Göstərilən məktubla vətəndaşın adında və ya soyadında Azərbaycan dilində “ə” hərfinin ingilis dilinə transliterasiyasının ingilis dilində düzgün yazılış formasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dillər Universitetinin Tərcümə araşdırmaları labaratoriyasının rəyinin surəti məhkəməyə göndərilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, Azərbaycan şəxsi adlarının ingilis dilinə transformasiyası məsələsinə baxıldıqda məlum oldu ki bu iki dilin əlifbalarındakı hərflərin və fonemlərin sayı eyni deyil, ingilis dilinin əlifbasında 26 hərf olduğu halda oradakı fonemlərin sayı 44-dür. Bunu nəzərə alaraq bu iki dildə hərflərin mümkün transformasiyası verildi, həm də hazırlanan layihə ancaq xarici pasportların verilməsi üçün idi. Azərbaycan çoxmillətli bir ölkədir, burada azərbaycan dili dövlət dilidir, rus dili işlənsə də burada dövlət dili deyil. Deyilənləri nəzərə alaraq azərbaycan dilindəki “ə” ingilis dilindəki “a” hərfi ilə transformasiya oluna biləcəyi münasib bilinmişdir. İngils dilində “ı” hərfi də yoxdur. Bütün bu deyilənləri nəzərə alaraq qeyd edilir ki, “Adıgözəl” xüsusi ismi “Adigozal” kimi transformasiya olunmalıdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra — pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən tiplərindən asılı olmayaraq hər bir pasportda Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin şəxsi imzası, pasporta aid olan tələblər göstərilir (bənd 1). Həmin Qanunun 10-cu maddəsinə əsasən pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Azərbaycan Respublikasi Prezidentinin xx xxxx 2013-cü il tarixli 908 №li Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra - daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Beləliklə işin araşdırılan hallarından da göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ümumvətəndaş pasportu qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq verilmiş və bu zaman iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozan hər hansı bir hərəkətə yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar