Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-854/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi “Çiçək” bağçılıq yoldaşlığın nəzdində (ərazisində) olmuş 0.05 hektar, 109 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağac Yongarlar X4 Komitəsinin “Çiçək” bağçılıq təsərrüfatı İdarə Heyyəti ilə birgə müşavirəsinin 21 noyabr 1991-cı il tarixli, iclas protokolundan çıxarışa əsasən iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi “Çiçək” bağçılıq yoldaşlığın nəzdində (ərazisində) olmuş 0.05 ha torpaq sahəsi olan 109 saylı bağ sahəsi verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə “Çiçək” qəsəbəsində yerləşən “109” saylı torpaq sahəsi üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubda isə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çiçək” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektirik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxemində qeyd edilən torpaq sahəsinin təsərrüfat sahəsində yerlşdiyi göstərilsə də, koordinatlarla göstərilən torpaq sahəsi ayrıc aktına əsasən neft buruqlarının ərazisinə uyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz və əsassız olmaqla, həm də ədalətsizdir. Belə ki, Bakı Ağac Yongarlar X4 Komitəsinin “Çiçək” bağçılıq təsərrüfatı İdarə Heyyəti ilə birgə müşavirəsinin 21 noyabr 1991-cı il tarixli, iclas protokolundan çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi olan 109 saylı bağ sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinin mənə verilməsi “Çiçək” bağçılıq yoldaşlığı tərəfindən verilmiş 21 noyabr 1991 -ci il tarixli üzvlük kitabçası ilə də öz təsdiqini tapır. Həmçinin iddiaçıya məxsus torpaq sahəsinin hər bir tərəfində yerləşən torpaq sahələrinə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarış verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “109” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çiçək“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxemində qeyd edilən torpaq sahəsinin təsərrüfat sahəsində yerləşdiyi göstərilsə də, koordinatlarla göstərilən torpaq sahəsi ayrıc aktına əsasən neft buruqlarının ərazisinə uyğundur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********24 saylı və xx.xx.2023-cü il tarixli **********58 cavab məktubları ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 511 kv.m-dir. Həmçinin torpaq sahəsinin 1 metr yaxınlığından yüksək gərginlikli elektrik xətti keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1985-xx.xx.1985-ci ilədək, xx.xx.1988xx.xx.2011-ci ilədək Bakı Ağac Yonqarları Plitəsi Zavodunda elektrik montyoru vəzifəsində çalışmışdır. İş materiallarına əlavə edilmiş Bakı Ağac Yonqarları X4 Komitəsinin, “Çiçək bağçılıq təsərrüfatı İdarə Heyətinin birgə müşavirəsinin 21 noyabr 1991-ci il tarixli “Çiçək” bağçılıq yoldaşlığı üzvlərinin yığıncağının protokoluna əsasən Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli, 1/25 saylı qərarı ilə bağçılıq təsərrüfatı yaratmaq üçün, Kirov rayonu Sulutəpə sahəsində torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin əsas hissəsi zavodun 108 işçisi arasında bölünmüşdür, qalan hissəsi isə "təsərrüfat zonası" məqsədi ilə bölünməmiş qalmışdır. Lakin sonralar həmin sahə zibilliyə çevrildiyi üçün və kənar şəxslər tərəfindən qanunsuz zəbt olunduğu üçün zavodun həmin sahədə təsərrüfat tikintiləri apara bilmədiyi üçün, təklif edilir ki, həmin torpaq sahəsini zavod işçiləri arasında bölək. Təsdiq olunmuş siyahıya və bölgü kartasına əsasən 109 saylı, 500 kv. m. torpağ sahəsi, 1985 ci ildən zavodda işləyən İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş 109 nömrəli bağçılıq üzvlük kitabçasından görünür ki, Bakı Ağac Yonqarları Plitəsi Zavodunda 1985-ci ildən elektrik işləyən İddiaçı 21 noyabr 1991-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-2-30/2-12545/2023 nömrəli məktubunda bildirilmişdir ki, Çiçək” bağçılıq yoldaşlığının Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 109 saylı torpaq (bağ) sahəsinə dair hüquqmüəyyənedici sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.), həmçinin bağçılıq yoldaşlıığı ərazisində yerləşən bağ sahələrinin bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır. Həmin məktubla bağçılıq yoldaşlığı üzvlərinin 1988-ci il tarixli 39 nəfərlik və 108 nəfərlik siyahısı təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-2-30/2-15778/2023 nömrəli məktubu ilə göndərilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”-da qeyd olunmuşdur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 500 kv.m, faktiki olaraq 511.0 kv.m-dir. Sahədə iki mərtəbəli ev, həvət tikilisi və digər tikililər var. Sahədəki digər tikililər faktiki dərzi, kişi salonu və yem dükanı kimi istifadə olunur. Sahənin bir metr çölündən qərb hissəsində yoldan 6 kv-luq elektrik xətti keçir. Vətəndaş bilidirir ki, elektrik xətti sonradan çəkilib və işıqlanma ücün istifadə olunur, transformatora geden xəttdir. Sahənin koordinatları əlavə olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-2-30/2-15793/2023 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ərazi hasar daxilindədir. Faktiki sahəsi 511.0 kv.m təşkil edir. Arxiv məlumatlarına əsasən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçı X3 adı aşkar olunmamışdır. Həmçinin bağçılıq-yoldaşlıqın bölgü sxemi yoxdur. Bu səbəblərdən araşdırma aparmaq tərəfimizdən mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-2-30/2-25363/2023 nömrəli məktubuna əlavə edilmiş ortofotodan görünür ki, iddia edilən bağ sahəsinin qonşuluğunda 85, 86K 87, 88, 93, 97, 112, 414 nömrəli bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-2-30/2-32017/2023 nömrəli məktubuna əlavə edilmiş ortofoto görüntüdən görünür ki, iddia edilən bağ sahəsinin qonşuluğunda ən yaxın məsafədə **********59-11301 nömrəsi, **********917- 11301 nömrəsi ilə qeydiyyatdan keçmiş bağ evləri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq SOCAR xx.xx.2024-cü il tarixli 14-2/2- 1061/2024 nömrəli məktubunda bildirilmişdir ki, elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi ləğv edilmiş 168001-1 st saylı neft quyusunun 35 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları, neftqaz boru kəmərlərinin, eləcə də neft quyularının mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, SOCAR- ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaradır. Məhkəmə sorğusuna cavab olaraq SOCAR xx.xx.2023-cü il tarixli 14-2/2- 5576/2023 nömrəli məktubunda bildirilmişdir ki, sorğuya əlavə etdiyiniz koordinatlar əsasında müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsindən 35 metr məsafədə 98001 saylı ləğv edilmiş neft-qaz quyusu yerləşir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Həmin bənddə verilmiş cədvəl üzrə ləğv edilmiş quyularla yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr arasında 75 metrlik mühafizə zonası müəyyən edilmişdir ki, həmin məsafə gözlənilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-30/2-11552/2024 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zarnanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Sənəd üzrə sahəsi 500.0 kv.m, faktiki isə 511.0 kv.m təşkil edir. Sahədə iki mərtəbəli ev, həyət tikilisi və digər tiki'i'ər var. Əlavə olaraq qeyd edirik ki, digər tikililər faktiki dərzi, kişi salonu və yem dükanı kimi istifadə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli siektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxemində qeyd edilən torpaq sahəsinin təsərrüfat sahəsində yerləşdiyi göstərilsə də, koordinatında göstərilən torpaq sahəsi ayrıc aktına əsasən neft buruqlarının ərazisinə uyğundur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Baki Ərazi İdarəsi iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- Ə-1492-8/2023 nömrəli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “109” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********24 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda göstərilən iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Baki Ərazi İdarəsi iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********24 nömrəli məktubunda bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çiçək" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxemində qeyd edilən torpaq sahəsinin təsərrüfat sahəsində yerləşdiyi göstərilsə də, koordinatlarla göstərilən torpaq sahəsi ayrıc aktına əsasən neft buruqlarının ərazisinə uyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. Beləliklə, iddiaya dair ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi “Çiçək” bağçılıq yoldaşlığın nəzdində (ərazisində) olmuş 0.05 hektar, 109 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan müraciətin təminindən imtina etmişdir. Cavabdehin imtina əsasları aşağıdakılardan ibarət olmuşdur: -1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çiçək" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. -Bağçılıq-yoldaşlığın bölgü sxemində qeyd edilən torpaq sahəsinin təsərrüfat sahəsində yerləşdiyi göstərilsə də, koordinatlarla göstərilən torpaq sahəsi ayrıc aktına əsasən neft buruqlarının ərazisinə uyğundur. -Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə aşağıdakılara əsasən cavabehin imtina dəlillərini hazırkı iddianın təmin edilməsini istisna edən şərtlər kimi qiymətləndirmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçı iddia etdiyi Bakı Ağac Yonqarları X4 Komitəsinin, “Çiçək bağçılıq təsərrüfatı İdarə Heyətinin birgə müşavirəsinin 21 noyabr 1991-ci il tarixli ümumi yığıncağının protokolu və 109 nömrəli bağçılıq üzvlük kitabçasını təqdim etmişdir. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çiçək” bağçılıq yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən sözügedən bağçılıq yoldaşlığına aid arxiv qovluğunda olan “Çiçək” bağçılıq yoldaşlığın üzvlərinin siyahısı təqdim edilmiş və həmin siyahılarda İddiaçı adının olmaması mümkündür. Belə ki, təqdim edilən “Çiçək” bağçılıq yoldaşlığın siyahıları bağçılığın ilkin siyahıları olub 1988-ci ildə təsdiq edilmiş, sonuncu üzvlərin siyahısı 108 nəfərlikdir. İddiaçı isə bağçılığa üzv olaraq xx.xx.1991-ci ildə protokolla qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən də görünür ki, iddiaçı 1985-ci ildən Bakı Ağac Yonqarları Plitəsi Zavodunda işləmişdir. Adıçəkilən xx.xx.1991-ci il tarixli protokolunda da qeyd edilmişdir ki, Kirov (Binəqədi) rayonu Sulutəpə sahəsində Bakı Ağac Yonqarları zavodunun işçiləri üçün ayrılmış torpaq sahəsinin zavodun 108 işçisi arasında bölünmüş, qalan hissənin isə "təsərrüfat zonası" məqsədi ilə bölünməmiş qalmış, həmin sahədən 109 saylı, 500 kv. m. torpağ sahəsinin zavodun işçisi İddiaçı ayrılması qərara alınmışdır. Qeyd edilməlidir ki, bağlar idarəsinin arxiv saxlayıcısı olan cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən bağçılığın ayrıc aktının surətini arxiv üzrə təhvil almış, hazırda da həmin akt cavabdeh idarənin arxiv qovluğunda saxlanılır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə sorğusuna əsasən bağçılığa aid xx.xx.1988-ci il tarixli ayrıc aktının surətini məhkəməyə təqdim etmiş, eyni zamanda imtinasında iddiaçının iddia etdiyi torpaq sahəsinin bağçılığa aid bölgü sxemdə (ayrıc aktı daxilində) bağçılığın təsərrüfat sahəsində yerləşdiyini qeyd etmişdir. Beləliklə, iddiaçının 1991-ci ildən bağçılığa üzv qəbul edildiyindən onun adının 108 nəfər arasında bölünmüş ilkin siyahıda olmadığı, lakin iddia etdiyi bağ sahəsinin 109 nömrəli bağ olmaqla həmin bağçılığa aid ayrıc aktı daxilində bağçılığın 108 nəfəri arasında bölünməmiş qalan təsərrüfat sahəsində yerləşdiyi nəzərə alındıqda hesab edilir ki, iddiaçının adının yeni siyahıya daxil edilərək arxiv saxlayıcısı olan quruma təqdim edilməməsi iddiaçının məsuliyyət dairəsinə daxil edilən məsələ deyildir və bu hal bağçılıq yoldaşlığın xx.xx.1991-ci il tarixli bağçılığa və zavoda aid möhürlə təsdiq edilmiş protokol və bağçılıq üzvlük kitabçasının mötəbərliyini şübhə altına almağa əsas vermir. Bundan əlavə məhkəmə sorğularına əsasən təqdim edilmiş ərazinin ortofotogörüntüsündən müəyyən olunur ki, iddiaçının naturada göstərdiyi bağ sahəsinin ətrafında 85, 86K, 87, 88, 93, 97, 112 və 414 nömrəli bağ sahələri olmaqla iddia olunan torpaq sahəsi bilavasitə bağlar ərazisində, məhkəmə sorğusuna cavab olaraq xx.xx.2004-cü il tarixli ortofotogörüntüdə bağ sahəsinin bilavasitə “Çiçək” bağçılıq yoldaşlığa aid ayrıc aktı daxilində yerlləşdiyi müəyyən olunur. Qeyd edilən bağ sahələrindən məhkəmə sorğusuna əsasən 112 və 414 nömrəli bağ sahələrinə aid hüquqmüəyyənedici sənədlər təqdim edilmiş və həmin sənədlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində 112 nömrəli bağ sahəsi (bağ evi) “Çiçək” bağçılıq yoldaşlığına aid bağ sahəsi olmaqla həmin bağçılığın xx.xx.1998-ci il tarixli bağçılıq üzvlük kitabçasına əsasən ilkin olaraq xx.xx.2003-cü ildə X5 adına, eyni zamanda 411 nömrəli bağ sahəsi (bağ evi) xx.xx.1999cu il tarixli bağçılıq üzvlük kitabçasına əsasən X1 adına ilkin olaraq xx.xx.2000-ci ildə qeydiyyata alınmışdır. Qeyd edilən şəxslərin adları bağçılığa aid ilkin siyahıda aşkar olunmamışdır. Beləliklə, cavabdehin iddiaçının müraciətinə cavabında onun adının bağçılığa aid 1988-ci il siyahısında olmadığına istinad edərək müraciətin təminindən imtina etdiyi halda həmin siyahıda olmayan digər vətəndaşların adlarına yalnız bağçılığa aid üzvlük kitabçaları əsasında hüququ qeydiyyata alması ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunur. Bundan əlavə, bağ torpaq sahəsinin neft buruqlarının ərazisinə uyğun olması ilə bağlı cavabdehin dəlilinə gəlincə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq təqdim edilmiş ərazinin ortofoto görüntüsündə iddiaçının iddia etdiyi bağ sahəsinin bilavasitə yaşayış məntəqəsi olan ərazi olduğu, ətrafında qeydiyyatdan keçmiş 85, 86K, 87, 88, 93, 97, 112, 414 nömrəli bağ sahələrinin yerləşdiyi və eyni zamanda həmin ərazinin Dövlət Neft Şirkətinin (Binəqədi Oyl Şirkəti) istifadəsində olan ərazidən kənarda yerləşdiyi görünür. Başqa sözlə, iddia olunan bağ sahəsinin sənaye təyinatlı torpaq sahəsi kimi Dövlət Neft Şirkətinin daimi istifadəsində olan ərazi olmadığı müəyyən olunur. Sözügedən torpaq sahəsindən 35 metr məsafədə 98001 saylı ləğv edilmiş neftqaz quyusunun yerləşməsinə gəlincə məhkəmə sorğularına əsasən nə elektron kadastr məlumatlarına sahib cavabdeh orqan, nə də Dövlət Neft Şirkəti qeyd edilən sahənin DNŞ-nin istifadəsinə ayrılmış ərazi olmaqla həmin ərazidə bilavasitə ləğv edilmiş neft quyusunun yerləşdiyi barədə sübutu-torpaqrafik plan, ərazinin neft-qaz əməliyyatlarının aparıldığı və quyunun mühafizə zonası ilə bağlı müvafiq göstəriciləri əks etdirən xəritəni məhkəməyə təqdim etməmişdir. Eyni zamanda ortofotogörüntüdə iddiaçının iddia etdiyi bağ sahəsinin əsas yolun kənarında yerləşdiyi, ona qonşu olan 112 və 414 nömrəli bağ sahələrinin "xxxx" Şirkətinin istifadəsində olan əraziyə yaxın yerləşdiyi halda cavabdeh inzibati orqan həmin bağ sahələrinin qeydiyyatı zamanı torpaq sahələrinin bilavasitə neft buruqlarının ərazisinə uyğun gəldiyi, ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşməsi ilə bağlı hər hansı dəlil irəli sürməmiş, həmin sahələrə mülkiyyət hüququnun qeydiyyatından imtina etməmişdir. Cavabdehin qeydiyyatın aparlmasından imtinaya əsas kimi mübahisəli bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kV-luq) mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının iddia etdiyi bağ sahəsinin qonşuluğunda elektrik xəttinin mühafizə zonasında inşa edildiyi güman edilə bilən ən yaxın məsafədə yerləşən bağ sahələri qeydiyyata alınmışdır. İddiaçı hazırkı iddia ilə bağ torpaq sahəsində inşa edilmiş tikililərin qeydiyyatını deyil, torpaq sahəsinə hüququn qeydiyyatını mübahisələndirir. İş üzrə iddia olunan torpaq sahəsinə hüququn qeydiyyatının elektrik verilişi xəttinin istismarına maneçilik törətməsi ilə bağlı aidiyyəti üzrə elektrik şəbəkəsi istismarçısının etirazı təqdim edilməmişdir. Beləliklə, yuxarıda adıçəkilən Qaydaların 18-ci bəndinə müvafiq olaraq iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi “Çiçək” bağçılıq yoldaşlığına aid 0.05 hektar ölçüdə 109 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Çiçək” bağçılıq yoldaşlığına aid 0.05 hektar ölçüdə 109 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-854/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-854/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver