Məhkəmə qərarları › İş №2-1(112)-8540/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8540/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8540/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “dəyişikliyin qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ona məxsus olmuş 9,8 manat dəyərində 49% payın 16 fevral 2007-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən Payın Alqı-satqı Müqaviləsi” əsasında digər təsisçi X1 və onun müəssisənin təsisçiliyindən çıxarılması ilə bağlı dəyişikliyin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının həmtəsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 26 sentyabr 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin X7 Bakı bölgə şöbəsi tərəfindən 0106-P257-46796 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ona məxsus olan 9,8 manat dəyərində 49% payını 41 saylı Dövlət Notariat Kontoru tərəfindən reyestrdə 3M-201 reyestr nömrəsi ilə qeyd olunmaqla, 16 fevral 2007-ci il tarixdə təsdiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən Payın Alqı-satqı Müqaviləsi” əsasında digər təsisçi X2. Bundan sonra, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 20,00 manat dəyərində 100% pay hüququnu əldə edən, eyni zamanda, şirkətin qanuni təmsilçisi olan X6 ona bildirmişdir ki, təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün müvafiq orqana özü şəxsən müraciət edəcəkdir. O, da onun sözünə etibar etməklə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ona məxsus olan 9,8 manat dəyərində 49% payın X1 faktının dövlət qeydiyyatına alınması fikrinə gəlmişdir. Lakin sonradan, ona məlum olmuşdur ki, X6 tərəfindən qeyd olunan fakt barədə müvafiq inzibati orqana heç bir məlumat verilməmişdir və o, hələ də, hüquqi şəxslərin dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 49% paya malik təsisçi olaraq qalmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru X6 uzun müddətdir ki, xarici ölkələrin birində yaşayır. Müəssisənin təmsilçilik hüququ və möhürü onda olduğu üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin reyestr məlumatlarında baş vermiş dəyişikliklərin qanunamüvafıq qaydada dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına müraciət edilməsi qeyri-mümkündür. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində iştirakçılardan hər birinin payının miqdarı haqqında, onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında şərtlər göstərilməlidir. Mülki Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Mülki Məcəllənin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Müəssisənin təsisçilərinin dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün alqı-satqı müqaviləsinin əsli və ya əsli ilə düzgünlüyü notarial qaydada təsdiq edilmiş surəti, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə), yeni təsisçi X10 qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti Kommersiya X10 qeydiyyatı haqqında ərizəsinə əlavə edilməklə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Belə ki, Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Sözügedən iş üzrə iddia predmetindən göründüyü kimi iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlərinə aid olmayan vəzifənin qoyulması tələbi ilə İnzibati məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə olan halda inzibati orqan hesab edilən cavabdeh Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən edilmir. İddiaçı tərəfindən İdarəyə daxil olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin təsisçiliyindən çıxarılması barədə müraciəti **********477200 nömrəli xx.xx.2023-cü il tarixli məktubla cavablandırılmış və dəyişikliyin həyata keçirilməsi üçün tələb olunan sənədlər barədə məlumat təqdim edilmişdir. İddia ərizəsində qeyd edilən xx.xx.2007-ci il tarixli müqaviləyə gəlincə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi xx.xx.2008-ci il tarixli müqavilə (əqd) üzrə hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi əqdin tərəfi olmadığı üçün məhkəmə prosesində cavabdeh kimi müəyyən edilməməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraza uyğun izahat verərək, tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının 1 nömrəli, xx.xx.2006-cı il tarixli protokolundan çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsis edilməsi, təsis müqaviləsinin, Nizamnamə layihəsinin təsdiq edilməsi qərara alınmış, nizamnamə kapitalı 20 manat məbləğində müəyyən edilmiş, X6 – nizamnamə kapitalında pay 10,2 manat, 5,1 pay – 51%; İddiaçı – nizamnamə kapitalında pay 9,8 manat, 4,9 pay – 49% olmuşdur. "xxxx" MMC-nin direktoru X6 təyin edilmiş, cəmiyyətin Bankda müvəqqəti hesabının açılması və təsis sənədlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin X7 Bakı Şöbəsində dövlət qeydiyyatına alınması X4 həvalə edilmişdir. X10 Qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən "xxxx" MMC 26 sentyabr 2006-cı il tarixdə 0106-P257-46796 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin X7 Bakə Bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin 3.1-ci maddəsinə əsasən cəmiyyətin təsisçiləri İddiaçı və X5r. Nizamnamənin 3.3.-cü maddəsinə əsasən cəmiyyətin hər hansı bir təsisçisi onun digər təsisçinin razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Nizamnamənin 9.1-ci maddəsinə əsasən Cəmiyyətin ali idarə orqanı cəmiyyətin təsisçilərinin azı ildə bir dəfə çağırılan Ümumi yığıncağıdır. Nizamnamənin 9.2-ci maddəsinin a) bəndinə əsasən cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, MMC-nin qanuni təmsilçisi K.Cəfərovdur. İşdə olan xx.xx.2007-ci il tarixli "xxxx" MMC-dən payın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, "xxxx" MMC-dən ona məxsus 49% payını 10 manata K.E.Cəfərova satmışdır. İşdən görünür ki, iddiaçı "xxxx" MMC-dəki payını K.Cəfərova satdığından onun "xxxx" MMC-nin təsisçiliyindən çıxarılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya imtina cavabı verərək, bildirmişdir ki, cəmiyyətin təsisçi dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə nizamnaməyə dəyişikliyin təsdiq edilməsi barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli, nizamnaməyə edilmiş dəyişiklik layihəsi və ya yeni redaksiyada nizamnamə, payın özgəninkiləşdirilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti və təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir və yuxarıda sadalanan sənədlərə istinad edərək onun "xxxx" MMC-nin təsisçiliyindən çıxarılması barədə dəyişikliyin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - maddə 2.0.14. qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. - maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. - maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. - maddə 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. - maddə 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. - maddə 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. - maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda Məhkəmə qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı "xxxx" MMC-dəki payını cəmiyyətin digər təsisçisi və qanuni təmsilçisi olan Kamal Cəfərova satmışdır və artıq Cəmiyyətinin təsisçisi deyil. Bu hal, hüquqi şəxsin təsisçisi barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tənzimləyən 9-cu maddəsinin tələb etdiyi kimi, iddiaçı özünə münasibətdə “ərizədə baş vermiş dəyişikliyi” göstərmiş və “həmin dəyişikliyi təsdiq edən sənədləri” təqdim etmişdir. Məhkəmə qeyd edir ki, işin hazırkı halında iddiaçının yeni təsisçinin qərarını, şəxsiyyətini təsdiq edən sənədin surətini və onunla bağlı hər hansı sənədi təqdim etmək vəzifəsi olmamışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3-cü maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmış və dəyişikliyin dövlət qeydiyyatına alınmasından yalnız həmin hallarda imtina edilə bilməsi müəyyən olunmuşdur. İddiaçıya münasibətdə imtina üçün qanunda nəzərdə tutulan hallar mövcud olmamışdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1941/2022 saylı qərarı). Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İddiaçı məxsus olmuş 9,8 manat dəyərində 49% payın 16 fevral 2007-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən Payın Alqısatqı Müqaviləsi” əsasında digər təsisçi X1 və İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxması barədə dəyişikliyin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar