Məhkəmə qərarları › İş №2-1(112)-8541/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8541/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8541/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X10, X4 cəlb edilməklə) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 6-cı dalan, 6 nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. X10 və X4 həmin evə qeydiyyata alınmışlar, lakin heç vaxt orada yaşamamışlar. Onların həmin evə istifadə hüquqlarının qeydə alınması mövcud deyildir. İddiaçı həmin ünvanda yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə müraciət etmişdir. Cavabdehin 20 dekabr 2021-ci il tarixli məktubunda məsələnin həllindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı adları çəkilən şəxsləri günühı ucbatından mənzilə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Hazırda onların mübahisə predmeti olan mənzildə hər hansı hüquqları yoxdur. Bunun təsdiqi isə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152.1, 152.5-ci maddələri ilə təsdiqini tapır. Göstərilənlərə və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 5, 9-cu maddələrinə, İPM-in 23.1-ci, 34.1-ci, 52-ci, 68-ci, 69-cu, 75-ci və digər maddələrinə əsaslanaraq, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 6-cı dalan, 6 nömrəli fərdi yaşayış evindən X7 və X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxiul olmamışdır. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X10 və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 6-cı dalan 6 saylı fərdi yaşayış evi X8, X5, X3, X6 və İddiaçı ümumi paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “ASAN 3” vasitəsilə AR Daxili İşlər Nazirliyindən alınmış “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” ******* nömrəli 26 yanvar 2022-ci il tarixli arayışından görünür ki, X10 və X4 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 6-cı dalan, 6 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ tərəfindən İddiaçı ünvanlanmış 20 dekabr 2021-ci il tarixli məktubda bildirilir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülkiyyətdə olan ünvan 2 ünvanından X7 və X2 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət oluna bilər. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 23 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, yasamal rayonu, Qədirli küçəsi, 6 sayı dalan, 6 saylı ev üzərində sorğuda sadalanan fiziki şəxslərin (X7 və X2) istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı ŞİH MKRD Yasamal Rayon MKTB-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş MKTB 40 saylı MKİS-in 411 saylı 3 oktyabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, X10 və X4 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 6 saylı dalan, 6 saylı evdə qeydiyyatda olsalar da, qonşuların sözlərinə görə həmin ünvanda yaşamayıblar və hal-hazırda yaşamırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Həmin Məcəllənin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (maddə 215.1). Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (maddə 215.5). Həmin Məcəllənin 220-ci maddəsinə əsasən ümumi paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1). Ümumi paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RPİ tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə qeyd olunanları, habelə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən halların mövcud olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Yasamal rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mülki qanunvericilik normaları paylı mülkiyyətdə olan daşınmaz əşyaya dair sərəncam verilməsini bütün payçıların razılaşması ilə şərtləndirir. Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, həmin əşyaya dair sərəncam verilməsində payçılardan birinin digərinə münasibətdə hər hansı üstünlüyü istisnadır. Məhməmə qeyd edir ki, mövcud qanunvericilik normaları şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsini «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində konkret müəyyən etmişdir. Hazırkı məhkəmə icraatında məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 6 saylı dalan, 6 saylı ev paylı mülkiyyətdədir və mülkiyyətçilərdən biri də hazırkı İddiaçıdır. Bu hal özü üçüncü şəxslərin sözügedən evdən qeydiyyatdan çıxarılmasının təkcə iddiaçının iradəsindən asılılığını istisna edir. Çünki, həmin daşınmaz əmlak üzərində sərəncam verilməsi üçün bütün payçıların razılığı tələb olunur. Bundan başqa, üçüncü şəxslər X10 və X1 ünvanda yaşamasalar da, habelə onların həmin evə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, bu hallar adıçəkilən şəxslərin istifadə hüquqlarının mövcudluğunu inkar etmir (qeydiyyata alınmasa da, mövcud ola bilər). Eləcə də, nəzərə alınmalıdır ki, şəxsin istfadə hüququnun olub-olmaması və itirilib-itirilməməsi, inzibati yox, mülki məhkəmə icraatı çərçivəsində müəyyən edilə bilər. Hazırkı məhkəmə icraatında üçüncü şəxslər X7 və X2 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 6 saylı dalan, 6 saylı evdən qeydiyyatdan çıxarılması ilə bağlı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birininin, o cümlədən adıçəkilən şəxslərin yaşayış sahəsindən çıxarılması və ya onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu da müəyyən edilmir. Belə olan halda, məhkəmə cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin imtinasını qanuna zidd qiymətləndirmir və hesab edir ki, bu imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia əsaslı sayıla bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X10, X4 cəlb edilməklə) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X10, X4 cəlb edilməklə) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar