Məhkəmə qərarları › İş №2-1(112)-8541/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8541/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8541/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı1, onun vəkli və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qeyri-hökümət təşkilatının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 02 mart 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyinin (bundan sonra mətndə Birlik) dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar 26 dekabr 2022-ci il tarixdə Birliyi təsis etmiş və buna dair müvafiq qərar qəbul etmişlər. Birlik Azərbaycanda qadınları hüquqları ilə bağlı maarifləndirmək və hüquqlarını müdafiə etmək üçün hüquqi yardım göstərmək məqsədilə yaradılıb. Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün - Azərbaycanda - qadınları hüquqları ilə bağlı maarifləndirmək; qadınlara hüquqi yardım etmək; qadınların hüquq mühafizə və məhkəmələrə çatımlılığına dəstək olmaq; qadınların təhlükəsizliyini təmin etmək üçün hüquqi vasitələrdən istifadəsinə köməklik göstərmək; öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilər. 26 dekabr 2022-ci ildə Birliyin təsis yığıncağı keçirilib. Təsis yığıncağının protokolundan görünür ki, təsisçi o, yəni İddiaçı1 iki il müddətinə Birliyin sədri seçilib, həmçinin Birliyin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin Birliyin qanuni təmsilçisi ona yəni- İddiaçı1 həvalə edilməsi müəyyən edilib. Təsis yığıncağında həmçinin müəyyən edilib ki, birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imnzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi lazım olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasiya özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi və Birliyin sədri ona yəni-İddiaçı1 tapşırılıb. 26 dekabr 2022-ci il tarixli “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyinin təsis edilməsi haqqında qərardan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə Birliyin sədri seçilib və Birlik adından qanuni təmsilçilik hüququ İddiaçı1 verilib. Onlar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim ediblər. Cavabdeh 02 mart 2023-cü il tarixli məktubla sənədləri geri qaytarıb. Cavabdeh imtinasında göstərib ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmayıb. Cavabdeh imtinasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Qanunun 5.2 və 11.3.1-ci maddələrinə istinad edərək əsaslandırıb. Onlar bildirir ki, cavabdehin 02 mart 2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir. Buna görə də onlar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiaya dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, Birlik xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi Azəraycanda qadınları hüquqları ilə bağlı maarifləndirmək və hüquqlarını müdafiə etmək üçün hüquqi yardım göstərməkdən ibarətdir. Qurumun təsis sənədləri xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə nöqsanın aradan qaldırılmasının zəruriliyi barədə qeyd olunmaqla geri qaytarılmışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələbinə zidd olaraq ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. İddiaçı öz ərizəsində qeydiyyatdan imtinanın əsassız olduğunu onunla əsaslandırmışdır ki, əgər qanuni təmsilçi varsa, ərizənin bütün təsisçilər tərəfindən imzalanmasına ehtiyac yoxdur. Qeyd edilən şərh iddiaçının subyektiv mülahizəsidir və heç bir hüquqi əsası yoxdur. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən: “Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin bir çox qərarında hüquqi müəyyənlik prinsipinə əsaslanaraq belə şərh verilmişdir ki, müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq iddiaçının ərizəsində göstərdiyi “əgər qanuni təmsilçi varsa, ərizənin bütün təsisçilər tərəfindən imzalanmasına ehtiyac yoxdur” şərhi qeyri-müəyyən və əsassız hesab olunmalıdır. Belə ki, adıçəkilən qanun ərizənin təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən imzalanmasını ardıcıl sadalayaraq imperativ göstəriş qoymuş, eləcə də eyni normada “onların müvafiq qaydada vəkil etdiyi şəxs” müddəasının qarşısına “və ya” sözlərini əlavə edərək subyektə seçim imkanı vermişdir. Yəni ki, ərizənin bütün təsisçilər, qanuni təmsilçi seçildiyi halda isə həmçinin sonuncu tərəfindən və ya bütün sadalanan bu subyektlər tərəfindən deyil onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanması və notariat qaydasında təsdiqlənməsinin zəruriliyi ifadə olunmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Qeyd olunanlar nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1, onun vəkli və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; Birliyin təsis yığıncağının 26 dekabr 2022-ci il tarixli protokolundan (surəti) müəyyən olunur ki, təsis yığıncağında - Birliyin təsisçiləri İddiaçı1 və İddiaçı2 iştirak etmişlər. Təsis yığıncağının gündəliyi: - Birliyin təsis yığıncağının sədrinin və katibinin seçilməsi; - Birliyin təsis edilməsi və onun Nizamnaməsinin təsdiq edilməsi; - Birliyin ləğvi və yenidən təşkili qaydaları ilə bağlı məsələlər, - Qanuni təmsilçinin müəyyən edilməsi və Birliyin dövlət qeydiyyatı ilə bağlı məsələlərdən ibarət olmuşdur. Təsis yığıncağında - təsisçi İddiaçı1 üç il müddətinə Birliyin sədri seçilməsi (3-cü bənd); Birliyin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsinin Birliyin qanuni təmsilçisi İddiaçı1 həvalə edilməsi (4-cü bənd); Birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, hazır olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsinin bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi və Birliyin sədri İddiaçı1 tapşırılması qərara alınmışdır. Təsisçilər İddiaçı1 və İddiaçı2 iştrakı ilə qəbul olunmuş “Birliyin təsis edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, Birliyin təsis edilməsi və onun Nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır. Qərarın 3-cü bəndində göstərilmişdir ki, təsisçi-İddiaçı1 iki il müddətinə Birliyin sədri seçilsin və Birlik adından qanuni təmsilçilik hüququ İddiaçı1 verilsin. Qərarın 4-cü bəndində göstərilmişdir ki, Birliyin təsis sənədləri dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin. Birliyin nizamnaməsindən müəyyən olunur ki, Birliyin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 86, mənzil 37 (Yeni qaydalarla: AZ 1100, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 254, M8, mənzil 2)dir. 2). Birliyin fəaliyyət məqsədi: 2.1. Birlik Azərbaycanda qadınları hüquqları ilə bağlı maarifləndirmək və hüquqlarını müdafiə etmək üçün hüquqi yardım göstərmək məqsədilə yaradılıb. Qeyri kommersiya hüquqi şəxsi olaraq Birliyin əsas məqsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. Birlik qeyri-siyasi və qeyri - dini birlikdir. 2.2. Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: 2.2.1 Azərbaycanda qadınları hüquqları ilə bağlı maarifləndirmək; 2.2.2. Azərbaycanda, qadınlara hüquqi yardım etmək; 2 2.3. Azərbaycanda qadınların hüquq mühafizə və məhkəmələrə çatımlılığına dəstək olmaq; 2.2.4. Azərbaycanda qadınların təhlükəsizliyini təmin etmək üçün hüquqi vasitələrdən istifadəsinə köməklik göstərmək; 22.9. Birlik öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilər. Bakı şəhəri 54 saylı notariat ofisində təsdiq olunmuş **********118 №li ərizənin surətindən görünür ki, İddiaçı1 qeyd olunan ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə müraciət edərək, Birliyin dövlət qeydiyyatına alınmasını xahiş etmiş və ərizəyə aşağıda sadalan sənədlər əlavə olunmuşdur: Birliyin 26 dekabr 2022-ci il tarixli təsis yığıncağının protokolu -1 nüsxədə; Birliyin 26 dekabr 2022-ci il tarixli təsis yığıncağının qərarı -1 nüsxədə; Birliyin nizamnaməsi – 2 nüsxədə; Dövlət rüsumunun ödənilməsini təsdiq edən bank qəbzi -1 nüsxə; 5) Hüquqi ünvanı təsdiq edən sənəd (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial təsdiqli surəti və mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi) -2 (ədəd); 6) Təsisçilərin şəxsiyyət vəsiqələrinin surətləri - 3 (üç) nüsxədə. İddiaçı1 qeyd olunan müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 3-16-5/2-13-512/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Birliyin dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılır. Məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxılacaqdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsi: İ hissə. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. İİ hissə hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndində əsasən Nazirlik qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət reyestrini aparır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3. Ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. 5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; 5.4.5. hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd; 5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; 5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi; 5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanunu: 17.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birləşmək konstitusiya hüququ beynəlxalq-hüquqi aktların, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannamənin (20-ci maddə), Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın (22-ci maddə), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (11-ci maddə) assosiasiya azadlığı hüququ ilə uyğunluq təşkil edir. Konstitusiyanın 58-ci maddəsi birləşmək hüququnu bəyan etməklə yanaşı ictimai birliklərin sərbəst fəaliyyətinə təminat verir. Bu təminat birliklərin təşkilatdaxili fəaliyyət sərbəstliyini də əhatə edir (birliklərin öz nizamnamələrini sərbəst qəbul etmək hüququ, rəhbər orqanlarını sərbəst seçmək hüququ, öz mülkiyyətini müstəqil idarə etmək hüququ, fəaliyyət proqramını müəyyən etmək və həyata keçirmək hüququ və s.). Eyni zamanda nəzərə alınmalıdır ki, birləşmək hüququ mütləq deyil və onun həyata keçirilməsinə müəyyən məhdudiyyətlər qoyula bilər. Lakin beynəlxalq-hüquqi aktlarda həmin hüququn məhdudlaşdırılmasına yalnız o hallarda yol verilir ki, bu qanunla müəyyən edilsin, demokratik cəmiyyətdə zəruri olsun, yüksək ictimai zərurətə cavab versin və qanunun məqsədlərinə müvafiq olsun (“E. Əlizadə və digərlərinin şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 may 2004cü il tarixli qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin “Sidiropulos və digərləri Yunanıstana qarşı” işi üzrə 10 iyul 1998-ci il tarixli qərarında məhkəmənin bu məsələyə dair hüquqi mövqeyi aşağıdakı kimi ifadə olunub: “Konvensiyanın 11-ci maddəsinin mətni yalnız həmkarlar ittifaqları yaratmaq hüququ barədə xatırlatma ilə məhdudlaşsa belə, birliklər yaratmaq hüququ həmin maddədə bəyan edilmiş hüququn ayrılmaz tərkib hissəsidir. Vətəndaşların öz maraqları dairəsində birgə fəaliyyət göstərmək üçün hüquqi şəxs yaratmaq imkanı ictimai birliklər azadlığı hüququnun kifayət qədər vacib aspektidir, bunsuz göstərilən hüquq öz mənasını itirir. Milli qanunvericilik tərəfindən bu hüququn təsbit edilmə üsulu və hakimiyyətin praktiki fəaliyyətində onun tətbiqi sözü gedən ölkədə demokratiyanın göstəricisidir. Sözsüz ki, dövlətlər birliyin məqsədlərinin və fəaliyyətinin qanunvericilik normalarına uyğunluğuna nəzarət etmək hüququna malikdirlər, lakin onlar bu hüquqdan Konvensiya üzrə öhdəliklərinə zidd olmayan üsullarla istifadə etməlidirlər”. İşin müəyyən edilmiş faktiki hallarına görə iddiaçılar Birliyi təsis etmiş və buna dair müvafiq qərar qəbul etdikdən, sonra təsisçilərdən yalnız biri - İddiaçı1 ərizə ilə cavabdehə müraciət edərək, Birliyin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Halbuki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununda ərizənin təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən imzalanması ardıcıl sadalanaraq, imperativ göstəriş qoyulmuş, eləcə də eyni normada “onların müvafiq qaydada vəkil etdiyi şəxs” müddəasının qarşısına “və ya” sözləri əlavə olunmaqla subyektə seçim imkanı verilmişdir. Yəni ki, ərizənin bütün təsisçilər, qanuni təmsilçi seçildiyi halda isə həmçinin sonuncu tərəfindən və ya bütün sadalanan bu subyektlər tərəfindən deyil onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanması və notariat qaydasında təsdiqlənməsinin zəruriliyi ifadə olunmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Qeyd olunan səbəblərdən də iddia sübüta yetirilmiş sayıla bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuşdur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar