Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8545/2021 27.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasından kənara çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə səhhətində olan problemlə əlaqədar Türkiyəyə uçmaq istəyərkən Sərhəd Xidmətinin əməkdaşları tərəfindən onun ölkəni tərk etmə qadağasının olduğunu bildirmişlər. Əldə etdiyi məlumata görə qadağanı Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən onun əvvəllər direktoru olduğu "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Beynəlxalq Bank ASC-yə olan borcu ilə əlaqəli qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən həmin borc "xxxx" QSC-yə keçmişdir. İddiaçıya məlum olmuşdur ki, "xxxx" QSC "xxxx" Kiçik Müəssisəsinə qarşı həmin pulun tutulması ilə bağlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Həmin borcla bağlı məsələyə hər üç məhkəmə instansiyasında baxılmış və yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-116/21 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" QSC-nin "xxxx" Kiçik Müəssisəsinə qarşı iddiası təmin edilməmiş və müəssisənin xeyrinə qərar qəbul edilərək həmin borc hüquqi müstəvidə tanınmamışdır. Bu səbəbdən müəssisənin "xxxx" QSC-yə heç bir borcu yoxdur. Bununla bağlı cavabdeh orqana ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı müraciət etmiş, lakin üstündən bir müddət keçməsinə baxmayaraq cavabdeh orqandan ona cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin hallarında görünür ki, İddiaçı cavabdehin onun ölkədən getmək hüququnu məhdudlaşdırmasına istinad edərək qoyulmuş bu məhdudiyyətin götürülməsi üçün 20 may 2021-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh isə hərəkətsizlik göstərərək ona hər hansı bir cavab verməmişdir. İddiaçı bundan sonra məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilən məlumata əsasən (çıxarış iş materiallarına əlavə olunmuşdur) iddiaçının ölkədən çıxışına 01 may 2015-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhdudiyyət qoyulduğu müəyyən edilmişdir. Məhdudiyyətin səbəbi “polis tərəfindən axtarılır” kimi qeyd olunmuşdur. İddiaçı hazırda bu məhdudiyyətin götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi üzrə araşdırılmalı hal cavabdehin iddiaçı barəsində tətbiq etdiyi bu məhdudiyyətin “qanuna uyğun” olub-olmadığı, qanunvericiliklə müəyyən edilən qanuni məqsədlərdən birinə və ya bir neçəsinə xidmət edib-etmədiyi, eləcə də bu məqsədin həyata keçirilməsi üçün bu məhdudiyyətin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığıdır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mürsəliyev və başqaları Azərbaycana qarşı” işi üzrə 13 dekabr 2018-ci il tarixli qərarı). Məhdudiyyətin “qanuna uyğun” olub-olmaması: Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən “hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.” Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən: 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; 9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. İddiaçı barəsində yuxarıda istinad olunan hallardan hər hansı birinin mövcud olması və məhdudiyyətin qoyulmasının əsası barədə məlumat əldə edilməsi məqsədilə məhkəmə tərəfindən 22 iyul 2021-ci il, 20 avqust 2021-ci il və 18 oktyabr 2021-ci il tarixlərdə cavabdehə sorğular ünvanlansa da, həmin sorğular cavablandırılmamışdır. Məsələ ilə bağlı cavabdehin tabe olduğu yuxarı orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə də 18 oktyabr və 22 noyabr 2021-ci il tarixlərdə müvafiq sorğular göndərilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İPM-in 12.4-cü maddəsinə əsasən proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. İPM-in 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Cavabdeh tərəfindən məhkəmə sorğularına cavab verilmədiyi nəzərə alınaraq iddiaçının ölkədən çıxışına məhdudiyyətin hansı əsasla qoyulmasını araşdırmaq məqsədilə məhkəmə tərəfindən iddiaçı barəsində cinayət işinin mövcud olub-olmamasına dair Azərbaycan Respublikası Baş Prokurorluğuna, cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkumluğu, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatın mövcud olub-olmaması ilə bağlı isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinə müvafiq sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi 10 noyabr 2021-ci il tarixli məktubla iddiaçı barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumatın olmadığını bildirmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 02 noyabr 2021-ci il tarixli 03/3445xid/3308 nömrəli məktubu ilə həmçinin Baş Prokurorluğun İstintaq İdarəsində iddiaçı barəsində cinayət işinin mövcud olmadığı göstərilmişdir. Beləliklə, işin sadalanan halları ilə “polis tərəfindən axtarılır” qeydi ilə cavabdeh tərəfindən iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulması müəyyən olunsa da, iddiaçının hər hansı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkumluğu, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ya ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilmir. Cavabdeh orqan da bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan göründüyü kimi qanunverici şəxsin ölkədən getmək hüququnun məhdulaşdırılmasının müvəqqəti olaraq və bunun üçün konkret əsaslar olduğu halda tətbiq edilməsini müəyyən etmiş, həmin hallar aradan qalxdıqda (cəzasının qalan hissəsini çəkib qurtardıqda, cəzadan azad edildikdə və sair) isə məhdudiyyətin götürülməsi təsbit olunmuşdur. Cavabdeh 2015-ci il tarixdə iddiaçının ölkədən getmək hüququnu məhdudlaşdırsa da, bu halın müvəqqəti olması, hansı əsasla məhdudlaşdırılması və məhdudiyyətin nə zaman, hansı şərtin ödənildiyi təqdirdə aradan qaldırılacağı barədə nəinki iddiaçıya, heç məhkəməyə də məlumat təqdim etməmişdir. İddiaçının ərizəsində göstərilənlərə əsasən cavabdeh tərəfindən bu məhdudiyyətin iddiaçının qanuni təmsilçisi olduğu "xxxx" kiçik müəssisəsinin (VÖEN **********) "xxxx" ASC-yə (sonradan tələb hüququnun keçməsi ilə bağlı "xxxx" ASC-yə) olan kredit borcu ilə bağlı olduğu güman edilsə belə, birincisi iddiaçı həmin borcla əlaqdər başlanmış cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmədiyindən, məhkəmənin bununla bağlı iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qanuni qüvvəyə minmiş qərarı olmadığından, ikincisi isə, iddia müddətinin keçməsi ilə bağlı borcun "xxxx" kiçik müəssisəsindən tutulması barədə "xxxx" ASC-nin iddia tələbinin təmin olunmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarları olduğundan bu hal iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Beləliklə, sadalananlar əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçı barəsində tətbiq etdiyi məhdudiyyət qanuna uyğun olmamışdır. Belə bir qənaət isə məhdudiyyətin qanuni məqsədə xidmət edib-etmədiyini, demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyən etmək zərurətini aradan qaldırır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh öz hərəkətini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı sayılmalı və təmin edilməlidir. İPM-in 52-ci madəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8545/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8545/2021
27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver