Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8546/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı müavinətin ödənilməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyi və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi və s barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyi və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi, işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manatın, 10-cu ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, mənəvi zərər kimi 30 milyon manatın Daxili İşlər Nazirliyinindən tutulması iddia tələbləri üzrə 2-1(112)-8546/2022 nömrəli inzibati iş üzrə icraatdan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi, işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsi, mənəvi zərər kimi 30 milyon manatın Daxili İşlər Nazirliyinindən tutulması barədə iddia tələbləri üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manatın, 10-cu ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələblərinə dair icraat 2-1(112)-8546/2022 nömrə ilə saxlanılması qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İlkin olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına irəli sürülən tələb – müavinətin (qulluğa görə verilən aylıq müavinət və s.) ödənilməsi ilə bağlıdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1889/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından da göründüyü kimi iddiaçının eyni cavabdehə qarşı qullaga görə verilən 14 aylıq müavinətin və s. dair eyni iddia tələbinə məhkəmə tərəfindən baxılmış, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin olunması ilə bağlı qərar qəbul etmiş, iddia tələbinin bir hissəsinin isə mümkünlük şərtləri ödəməməsi əsası ilə mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddiada göstərilən Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manat, iddiaçının əvvəlki tələbində konkret göstərilməsə də, iddia ərizəsinin əsaslandırılmasından məlum olmuşdur ki, həmin 40 manat məhz qulluğa görə verilən 14 aylıq müavinət və 26 manatlıq kommunal, nəqliyyat və digər xidmətlər üzrə müavinətə aid olmuşdur. Başqa sözlə desək, hazırki iddia tələbi üzrə tələb olunan 40 manat, məhz yuxarıda adıçəkilən məhkəmə mübahisəsində ayrı-ayrılıqda göstərilən 14 və 26 manat olan məbləğlər ilə bağlıdır ki, bu hissədə məhkəmə tərəfindən iddia tələbinə münasibət bildirilmişdir. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın qismən təmin edilməsi, hazırki iddia ilə tələb olunan müavinətin ödənilməsi hissəsində təmin edilməməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Belə olan halda hazırki iddianın mümkün sayılmaması üçün əsas yaranmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə də yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, eyni tələb ilə bağlı əvvəlki qərarın mövcudluğunun, onun yenidən məhkəməyə müraciət etmək hüququnun istisna etmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılıb iddia ərizəsinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-8546/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8546/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver