Məhkəmə qərarları › İş №2-1(112)-8547/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8547/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8547/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, 3-cü şəxs İsayeva (Ağayeva) Nailə Eldar qızının iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı İsayeva (Ağayeva) Nailə Eldar qızı işə 3-cü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş gəlini İsayeva (Ağayeva) Nailə Eldar qızının onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Maarif küçəsində yerləşən 15 saylı evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8547/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı ilə İsayeva (Ağayeva) Nailə Eldar qızı iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxslərə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh və 3cü şəxs tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 174012 nömrəli, 14.07.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 onun mülkiyyətindədir. X1, İsayeva (Ağayeva) Nailə Eldar qızı ilə 05 may 2009-cu il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Daha sonra onlar ayrılmış və hal-hazırda Nailə öz valideynlərinin yanında yaşayır. Buna baxmayaraq Nailə hal-hazırda da həmin ünvanda pasport qeydiyyatındadır. Bununla əlaqədar olaraq Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə müraciət etsə də onlar bundan imtina edərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilərək İddiaçı məxsus mənzildən 3-cü şəxs olan İsayeva (Ağayeva) Nailə Eldar qızının qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs İsayeva (Ağayeva) Nailə Eldar qızı izahat verərək iddiaçının oğlu ilə 05 may 2009-cu ildə nikaha daxil olduğunu, iddiaçının razılığı ilə sözügedən ünvana qeydiyyata alındığını, 04 may 2017-ci il tarixdə məhkəmə qaydasında nikahına xitam verildiyini, hal-hazırda uşaqları ilə birlikdə kirayədə yaşadığını, ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasına etiraz etdiyini, bu səbəbdən də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı MH seriyalı, 174012 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2-in paylı mülkiyyətçisidir. Hazırda iddiaçı 3-cü şəxs İsayeva (Ağayeva) Nailə Eldar qızının mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin qeydiyyatının formal olması ilə əsaslandırır. İş materiallarında olan sənədlər : Bakı şəhəri, Nizami rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq göndərilmiş 23.06.2021-ci il tarixli, 087-158851-322 nömrəli imtina məktubundan görünür ki, İsayeva (Ağayeva) Nailə Eldar qızının ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasından imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə sorğu verilmiş, sorğuya cavab olaraq göndərilmiş 24.08.2021-ci il tarixli, **********84 nömrəli cavab məktubundan görünür ki, İsayeva (Ağayeva) Nailə Eldar qızının ünvan 2 ünvanına dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı hər hansı bir məlumat idarənin arxivində aşkar olunmamışdır. DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 08.09.2021-ci il tarixli, 018-13850-1221 nömrəli məktuba qoşma kimi əlavə edilmiş ərizə-anket məlumatlarından görünür ki, İddiaçı ərizə ilə İsayeva (Ağayeva) Nailə Eldar qızının ünvan 2 ünvanına qeydiyyata alınmasına 08.12.2018-ci il tarixdə razılıq vermişdir. MH seriyalı, 174012 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2-in paylı mülkiyyətçisidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 29007)-2628/2017 saylı qətnaməsi ilə X3 ilə İsayeva (Ağayeva) Nailə Eldar qızı arasında Bakıl şəhəri Nizami Rayon qeydiyyat Şöbəsində 05 may 2009-cu il tarixdə bağlanmış və 316 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. Beləliklə, Məhkəmə qənaətə gəlmək üçün aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ...“hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur.” Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin hallarından məlum olur ki, İddiaçı hazırki işin mübahisə predmetini təşkil edən ünvan 2-in xüsusi mülkiyyət hüququ üzrə paylı mülkiyyətçisidir. Həmin mənzilə dair üçüncü şəxs olan İsayeva (Ağayeva) Nailə Eldar qızının istifadə hüququ mövcud deyildir. İddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan bundan imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İsayeva (Ağayeva) Nailə Eldar qızının ünvan 2 ünvanından qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. ünvan 2 ünvanından üçüncü şəxs İsayeva (Ağayeva) Nailə Eldar qızının qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar