Məhkəmə qərarları › İş №2-1(112)-8547/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8547/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8547/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur (2 il, 1 ay, 13 gün). İddiaçıya məxsus ИТ-0616795 № li əmək kitabçasına əsasən o; xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək Konteyner Təmiri üzrə X5 təmiri üzrə sexin 2ci dərəcəli yük bağlayanı və 2-ci dərəcəli rəngsaz işində işləyib (2 ay, 7 gün). xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək Konteyner təmiri üzrə sexin 2-ci dərəcəli yük bağlayanı, qazan ustası – çilingər işində işləyib (4 il 5 ay). xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Konteyner təmiri üzrə sexdə 4-cü dərəcəli çilingər-təmirçi və 4-cü dərəcəli çilingər – qazançı işlərində işləyib (2 ay, 2 gün). xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək X6 zavodunda 3-cü dərəcəli toplayıcı – yükləyici işində işləyib (3 ay, 28 gün). xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək qarışıq yem sexində yükləyici işində işləyib (23 gün). xx.xx.1992-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Rəssamlar İttifaqı X1 sexində 1ci dərəcəli qəlibçi işində işləyib (29 il, 6 ay, 25 gün). İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, ümumi iş stajı 25 ildən az, (21 il, 5 ay, 4 gün) təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat olmalı olduğu halda, cəmi 19844,01 manat təşkil edir. İddia tələbi, iddiaçının əsaslandırması və cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2006-ci ildən xx.xx.2021-ci ilədək AR X3 Kombinatında işlədiyi dövrlərin əmək stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdən sifarişlərin olmaması səbəbi ilə Azərbaycan X3 Kombinatından işdən azad olunmuşdur. Bu barədə əmək kitabçasında qeyd var və möhürlə təsdiq edilib. Cavabdehin imtinası qanunsuzdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi sığorta stajı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 1 ay 7 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək işlədiyi 2 ay 6 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi 4 il 4 ay 29 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 6 ay 1 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 3 ay 27 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 18 gün və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi 13 il 10 ay 6 gün müddətdir ki, ümumilikdə 21 il 5 ay 4 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyini iddia etdiyi müddətdir ki, ümumilikdə 15 il, 8 ay, 14 gün təşkil edir. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsistemi”ndə olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19844,01 manat təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarxli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia verərək iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1982ci ilədək hərbi xidmət dövrü də nəzərə alınmaqla, xx.xx.2006-cı ilə qədər 21 il, 5 ay, 4 gün iş stajı vardır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərkən onun, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasında dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları, fərdi hesabın sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmadığından Azərbaycan X3 Kombinatında işlədiyi həmin dövrlər nəzərə alınmamışdır. İddiaçının həmin dövrlərdə Azərbaycan X3 Kombinatında işləməsi onun əmək kitabçasında və həmin müəssisənin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir. Cavabdeh də iddiaçının həmin qurumda işləməsini müahisələndirməmiş, iddiaçının sığorta stajını hesablayarkən həmin müəsissədə işlədiyi illərin xx.xx.2006-cı il tarixədək olan dövrünü nəzərə almışdır. Lakin fərdi hesabın sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmadığından xx.xx.2006-cı il tarixdən sonrakı dövr cavabdeh tərəfindən nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2007-ci ilədək qüvvədə olmuş “X4 haqqında” Qanunun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə - kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən maddələrin məzmunundan aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; Azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. Azərbaycan Respublikası Rəssamlar X2 Kombinatının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı sexdə 1-ci dərəcəli qəlibçi işində işləyib. Sifarişlərin olduğu illərdə sulfat turşusu və metal ərimə işlərini görüb. Onun sifarişdə gördüyü işinə uyğun olaraq əmək haqqı ödənilib. Gördüyü iş zərərli iş hesab olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda əlavə edilmiş inzibati icraat materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Rəssamlar X2 Kombinatının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının sexdə gördüyü işlərin zərərli olduğu nəzərə alınaraq "Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının metal emalı bölməsinin 11-ci bölmə, 11.1) bəndinə əsasən əl ilə qəlibləmədə qəlibçilərin peşəsinə uyğundur. Azərbaycan Respublikas Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 № li siyahısını Xİ – Metalı emalı bölməsinin (kod: ********), tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçiləri (kod: 1110100a—19430) təsbit edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il xüsusi (güzəştli) stajının olması işin mübahisələndirilməyən halıdır (hərbi xidmət dövrü də daxil olmaqla 21 il, 5 ay, 4 gün ümumi, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək 12 il, 10 ay, 7 gün xüsusi staj). Lakin iddiaçıya xx.xx.2007-ci ilədək qüvvədə olmuş “X4 haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün, onun həmin dövr üçün 52 yaşı tamam olmalı idi. Lakin iddiaçı 1962-ci il təvəllüdlü olmaqla qeyd edilən tarixə yaş senzi yerinə yetirilmir. Ona görə də, iddiaçıya həmin Qanunla müəyyən edilmiş yaş və staja görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları nəzərdən keçirilməlidir. Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 1) tələb olunan yaş həddinə çatmalı, 2) azı 25 il sığorta stajı olmalı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, 3) stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta staiına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta staiına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Baxılan işdə iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 60 yaşına xx.xx.2022-ci ildə çatmışdır. İşin mübahisələndirilməyən halına görə, iddiaçının ümumilikdə 21 il, 5 ay, 4 gün təşkil edir. Azərbaycan X3 Kombinatından məhkəməyə təqdim edilmiş məktubdan müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci il tarixli əmrlə Kombinatın Qavanika sexində 1-ci dərəcəli qəlibçi işində işləyib, 2005-ci ildən sifarişlərin azaldılması ilə əlaqədar iş fəaliyyəti dayandırılıb və ona görə də, iddiaçı xx.xx.2021-ci il tarixdən siyahı heyətindən çıxarılıb. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (monitorinq) altsisteminin “Sığortaolunanların reyestri" bölməsində iddiaçıya dair sığortaolunan kimi heç bir uçot məlumatı aşkar edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi yazılı məhkəmə çıxışından müəyyən edilir ki, iddiaçı həmin müəssisədə 2005-ci ilədək əmək haqqını nağd olaraq almış, bundan sonra 2021-ci ilədək müqavilə ilə işləmişdir. Göründüyü kimi, 2005-ci ildən sonra iddiaçının əmək haqqı almamması və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi müəyyən edilir ki, bu hal iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövlərinin sosial sığorta stajına daxil edilməməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçı ikinci şərt olan 25 il ümumi stajı toplamamışdır. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının pensiya kapitalı cəmi, 19844,01 manat təşkil edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyini əsaslandıran imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar