Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8548/2022 18.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilələrin və sənədlərin təqdim edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vətəndaşların müraciəti haqqında” Qanununa əsasən "xxxx" ASC arasında bağlanmış müqavilələrin və bununla bağlı digər sənədlərin surətlərinin götürülməsinə şərait yaradılmasını və bu sənədləri mənə rəsmi qaydada təqdim edilməsi vəzifəsinin Azərbaycan Əmanətlərin Sığorta Fondunun üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş edir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2013-cü ildə onunla "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Məhz bu dövrdə kredit bağlanarkən onun konstitusion hüquqları pozulmuş, kreditin təşkil edilməsində onun bu sahədə savadsızlığından yararlanaraq filial müdiri qanunsuz hərəkətlərə yol vermiş və evini qanunsuz olaraq girov qoymuşdu. "xxxx" ASC-nin vətəndaşlara qarşı qanunsuz əməllərinin nəticəsi olaraq dövlətimiz tərəfindən ləgv edilmişdir. "xxxx" ASC-nin ləğv edicisi Azərbaycan Əmanətlərin Sığorta Fondu olduğu üçün pozulmuş hüquqlarının bərpası üçün dəfələrlə bu idarəyə gəlib, əməkdaşlarından bankla arasında bağlanmış müqavilələrin və bununla bağlı digər sənədlərin surətlərini istəməsinə baxmayaraq, müxtəlif bəhanələrlə vaxti uzadırlar və ona deyirlər ki, yazili müraciət etsin. Azərbaycan Əmanətlərin Sığorta Fondunun əməkdaşlarının tələbləri qanunsuz və əsassız olduğuna baxmayaraq, o bu barədə rəsmi, yəni yazılı olaraq idarəyə müraciət etdi və onunla “Zaminbank" ASC arasında bağlanmış müqavilələrin və bununla bağlı digər sənədlərin surətlərinin götürülməsinə şərait yaradılmasını və bu sənədləri mənə rəsmi qaydada təqdim edilməsini xahiş etməyimə baxmayaraq, qanunun tələblərini pozaraq mənə bu sənədlərin verilməkdən imtina etmiş və bu barədə 06 aprel 2022-ci il tarixli məktub göndərmişdir.
3. "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsi və müqavilə ilə əlaqəli digər sənədlərin bir nüsxəsinin təqdim edilməsi barədə ərizəsinə cavab olaraq ləğv prosesində "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən bildirilmişdir ki, "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsi və müqavilə ilə əlaqəli digər sənədlər imzalanan zaman sənədlərin 1 (bir) nüsxəsi ona təqdim edilmişdir.
II. İddianın mümkünlüyü
4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
7. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunundan: 3.1. Əmanətlərin sığortalanması məqsədləri üçün bu qanunla Əmanətlərin Sığortalanması Fondu yaradılır. 3.3. Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Maddə 5. Fond ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı Direktor tərəfindən idarə olunur. 6.2. Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir. 9.1. Fondun icraçı direktoru və onun müavini (müavinləri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
8. Fondun idarətetmə orqanlarının dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmasına və qəbul olunan qərarların müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmasına baxmayaraq, Fond inzibati orqan sayılmır.
9. Bununla belə, Fond əmanətlərin sığortalanması məqsədləri üçün qanunla yaradılmışdır. Hazırkı mübahisə isə Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində "xxxx" ASC-nin ləğvedicisi kimi tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan irəli gəlir.
10. İddiaçıya hüquqi yardımın göstərilməsi iddianın mümkünlük şərtini aradan qaldırmır.
11. Odur ki, iddiaçıya ləğv prosesində "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva