Məhkəmə qərarları › İş №2-1(112)-855/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-855/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-855/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı əlillik vəziyyətinə tibb müəssisəsinin sonuncu dəfə xx.xx.2022-ci il tarixli 2786003AAFX0 saylı göndərişi əsasında baxılmış və cavabdeh tərəfindən diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina barədə qərar verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2021-ci ilədək əlil statusu olmuşdur. Lakin 2021-ci ildən əlilliyi dayandırılmışdır. Tibbi müəssisəsinin göndərişlərinə əsasən isə əlilliyin təyinindən imtina olunmuşdur. Qeyd olunmuşdur ki, əlavə müayinə və müalicə olunacağı təqdirdə yeni göndəriş əsasında əlillik vəziyyəti qiymətləndiriləcəkdir. Cavabdehin etirazı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 26 saylı şəhər poliklinikasının xx.xx.2004-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Somotagen menseli ikincili ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 26 saylı şəhər poliklinikasının xx.xx.2004-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Somotagen menseli ikincili ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Somotagen menseli ikincili ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 26 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Somatoform mənşəli ll-li ensefalopatiya.Boyun şöbəsinin fəqərəarası disklərinin osteonxondrozu-pratruziyası,davamlı ağrı sindromu ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Somatoform mənşəli ll-li ensefalopatiya.Boyun şöbəsinin fəqərəarası disklərinin osteonxondrozu-pratruziyası,davamlı ağrı sindromu ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 26 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, .Somatogen mənşəli ikincili ensefalopatiya.Sinir sisteminin müxtəlif( travma,infeksiya,xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli),kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar. Ağırlaşma Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası. Boyun fəqərələrinin osteoxondrozu.ağrı sindromu.Radikulopatiya.S3-S4, S4-S5, S5-S6 fəqərəarası disklərin protruziyaları.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. 26 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ60-İ67), .Somatogen mənşəli ikincili ensefalopatiya.Sinir sisteminin müxtəlif( travma,infeksiya,xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli),kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlarDəqiqləşdirilməmiş somatorofm pozğunluqlar, Somatoform pozğunluqlar.Vegetativ sinir sisteminin somotoform disfunksiyası. Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, .Onurğanın İİİ dərəcəli anadangəlmə sağərəfli torakogen skaliozu.Onurğanın deformasiyası.Hərəki funksiyanın pozulması.Döş şöbəsinin sağa doğru deformasiyası İİİ dərəcəli.Bel oma skaliozu hesabına çanaq sümüklərində deformasiya. Sağ tərəfli İİİ dərəcəli təxmini 32 dərəcəli skaliozu. Dəqiqlə.dirilməmiş skolioz, . Bel-oma skaliozu hesabına çanaq sümüklərində deformasiya. Sağ aşağı ətrafın 2 sm qısalığı, kəskin ağrılar və hərəkətin pozulması ilə. L2-L3 fəqərənin laterolistezi Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebrobazilyar sistemdə qan dövranı pozulması, yerişin kordinasiyanın çətinləşməsi Torakogen skolioz, .Davamlı ağrı sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-göndərişin natamam doldurulması-diaqnozu təsdiqləyin müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. 26 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60- İ69 - Serebrovaskulyar xəstəliklər => İ66 - Beyin arteriyalarının beyin infarktına gətirib çıxarmayan tıxanma və daralması (stenozu) => İ66.9 - Dəq...; Diaqnozun mətni: Əsas diaqnoz G46.8* Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160-167), .Serebrovaskulyar xəstəliklər.Baş beynin digər damar mənşəli sindromları.Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, .Koordinator statik pozğunluqlar.Yeriş və hərəkətin pozulması.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb, ixtisaslaşmış müəsissədə əlavə müayinə olunmaq məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. 26 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60—İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: G46.8* Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ60- İ67), .Serebrovaskulyar xəstəliklər.Baş beynin digər damar mənşəli sindromlar. Ağırlaşma İ67.4 Hipertenziv ensefalopatiya, .Ensefalopatiya. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, .Koordinator statik pozğunluqlar.Yeriş və hərəkətin pozulması. Ağırlaşma G45 Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebro bazilyar sistemdə beyin qan dövranı pozğunluqları. Yanaşı xəstəliklər K85 Kəskin pankreatit , .Xronikihepatoxolesistit.Xoniki pankrteatit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Nevroloji klinikada əlavə müayinə və müalicə qərarı verildi” səbəbi ilə imtina verilmişdir. 26 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 2786003AAFX0 saylı göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60-İ67t) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ60-İ67), .Serebrovaskulyar xəstəliklər.Baş beynin digər damar mənşəli sindromlar.Somatogen mənşəli ikincili ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, imtina məktubunun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən sonuncu tibbi göndərişdə - Əsas diaqnoz və ağırlaşma: “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya. Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” diaqnozu qeyd olunmuşdur. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20- F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə icraatı zamanı xx.xx.2022-ci il tarixli qərardadla iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdehə müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı “Ümumi xəstəlik” səbəbindən xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə, tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya. Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması”diaqnozu - öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş T 439/2022 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi ilə bağlı 26 saylı şəhər poliklinikasında tərtib olunmuş sonuncu 88 saylı formada şəxsin səhhətini əks etdirən “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya. Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” diaqnozunda “Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” şəxsin əyani müayinəsi zamanı aşkar edilmədi, “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya” xəstəlikləri isə instrumental (MRT) müayinədən istifadə olunmadan yəni, xəstənin şikayətləri və xəstəliyin klinikasına görə təyin edilmişdir. Bu səbəbdən də göndərişdə qeyd edilmiş əsas xəstəlik və ağırlaşması “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya” diaqnozunun onda olub-olmaması barədə hazırda fikir söyləmək mümkün deyil. Daha sonra iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspertləri cəlb edilmədən) tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş T246/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə onun “Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları, somatogen mənşəli ikincili ensefalopatiya” xəstəliyindən əziyyət çəkməsi gğöstərilsə də, şəxsin əyani müayinəsi zamanı onda kordinator statik pozuntular, yeriş və hərəkətin pozulması müəyyən edilmədi. Göründüyü kimi, ekspert rəyi ilə də, şəxsin əyani müayinəsi zamanı qeyd edilən daiqnozun təsdiqini tapmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının göndərişdə qeyd olunan diaqnozu təsdiqini tapmadığından ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar