Məhkəmə qərarları › İş №2-1(112)-8556/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8556/2021

24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8556/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Murtuza oğlunun , Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Murtuza oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Murtuza oğlu cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onun fərdi şəxsi hesabının sığorta hissəsində toplanmış sosial sığorta kapitalı əsasında, ona yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından göründüyü kimi o, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs olmaqla, pensiya təyin edildikdən sonra işləməkdə davam etmişdir. Onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı mövcuddur. Əmək fəaliyyəti dövrü üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. İddiaçı müvafiq olaraq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Göründüyü kimi hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”indəki təminat xərcliyinə əsasən təyin edilir. Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1.Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2.Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nin aidiyyəti rayon şöbəsinə müraciət etməlidir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə verilmiş yazili etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən məlum olur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Murtuza oğluna 24 dekabr 2000-cu il tarixdə yaşa görə pensiya təyin edilmiş, əmək pesiyanın ümumi məbləği 262,02 manat təşkil etmişdir. İddiaçıya pensiya təyin edilərkən müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş məlumat vərəqəsi əsas götürülmüşdür ki, həmin məlumata əsasən baş gizir İddiaçı Murtuza oğlunun güzəştli xidmət illəri 05 il 06 ay 15 gün, təqvim xidmət illəri 25 il 11 ay 20 gün, iş stajı və xidmət illəri 31 il 06 ay 05 gün təşkil etmişdir. Bu müqabildə iddiaçının pensiya məbləği də həmin məlumat vərəqəsində göstərilmiş vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq payı əvəzinə kompensasiya əsasında müəyyən edilmişdir. E-sosial internet resursundan əldə olunmuş məlumata əsasən, iddiaçı yaşa görə əmək pensiyasına çıxdıqdan sonra belə, 2007-2015-ci il dövrlərdə (2015-ci ilin 3 ayı) "xxxx" MMC-də əmək fəaliyyətini davam etdirmiş, həmin dövrlər üzrə gəlir əldə etmiş, onun əmək haqqısından müvafiq olaraq sosial sığorta haqqları ödənilmişdir. Onun fərdi şəxsi hesabında toplanmış kapital məbləği 11.268,58 AZN təşkil edir. İddiaçi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyini nəzərə alaraq müvafiq olaraq əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasından imtina edildiyi təqdirdə müraciətinin müsbət həllinin mümkün olacağını bildirmişdir. Göründüyü kimi, iddiaçı ona hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 ildən çox işləməklə pensiya kapitalının toplanmasına istinad edərək pensiyanın yenidən hesablanması tələbini irəli sürür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 1.0.6-cı maddəsinə əsasən, fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən, fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən, fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 29.2-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6, 37.3, 37.3.1 və 45-ci maddələrinin əlaqəli təhlilindən də göründüyü kimi hərbi qulluqçulara pensiya (hərbi pensiya) onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar da hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gündə sonuncu vəzifə üzrə aldığı miqdara şamil edilir. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (işləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə həmçinin vurğulayır ki, cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin xüsusi rütbəli şəxslərə münasibətdə tətbiq oluna bilmədiyi, tətbiq ediləcəyi halda iddiaçının aldığı pensiya məbləğində hər hansı artım olmayacağı, buna görə də onun hər hansı hüququnun pozulmadığı barədə dəlilləri qəbul edilə bilməz. Belə ki, iddiaçı hazırda işləyən əmək pensiyaçısı statusundadır. Qanunvericiliyə uyğun olaraq o, 2010-cu ildə hərbiçi kimi əmək pensiyasına çıxmışdır ki, bununla bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Mübahisə yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin iddiaçıya şamil olunubolunmaması ilə bağlıdır. İddiaçı pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Digət tərəfdən nəzərə alınmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyidə Dövlət Sosial Müdafiə Fondunun 1 Saylı regional ərazi filialı tərəfindən verilmiş sorğuya cavab məktubunda, iddiaçının 01.03.2007ci il tarixdən 01.01.2020-ci il tarixədək 08 il 01 sığorta stajının olması və həmin dövrlərə görə ümumilikdə 11.026,84 manat pensiya kapitalının olması öz təsdiqi tapır. Cavabdeh hesab edir ki, qeyd edilən norma iddiaçıya şamil edilməməlidir. Halbuki, iddiaçının istinad etdiyi norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə də tətbiq edilməlidir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, oxşar mübahisələr üzrə formalaşmış Ali məhkəmənin təcrübəsinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilən pensiyaçılar həmin müddətdən sonra öz əmək fəaliyyətini 6 ildən çox müddətə davam etdirərlərsə, onlar pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. (2-1(102)-736/2021; 2-1(102)-175/2021; 2-1(102)-702/2020; 2-1(102)-502/2021; 2-1(102)-804/2021)) Məhkəmə xüsusi ilə bir məqamada toxunur ki, iddiaçının əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətinin davam etdirilməsi, həmin əmək fəaliyyətinə görə əmək haqqı alması və əmək haqqıdan müvafiq qaydada sosial sığorta haqqlarının ödənilməsi hər hansı bir şübhə doğurmur. Belə ki, bu məlumatlar müvafiq olaraq şəxsin elektron kabinetinin portaldan edilmiş çıxarışda və sosial arayışda öz əksini tapmış, sosial arayışın mötəbərliyi də müvafiq olaraq arayışın sistem nömrəsini əks etdirən ştrix kodlar vasitəsi ilə yoxlanılmışdır. Məhkəmənin mövqeyinə görə, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən qanunun tələblərinə əsasən pensiya yenidən hesablanmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı Murtuza oğluna pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Murtuza oğluna sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar