Məhkəmə qərarları › İş №2-1(112)-8559/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8559/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8559/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə 6 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, ünvan 1 (tam hissə, 0.0122 ha) xx.xx.2022-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi ilə X3 tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) satılmışdır. Həmin torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Torpaq sahəsi alqı-satqı edilərkən üzərinə fərdi yaşayış evi olmuş, lakin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə alqı-satqı müqaviləsinin predmetini təşkil etməmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabehə müraciət edib. Cavabdeh xx.xx.2023-cü il tarixli bildirişinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinaya səbəb kimi fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda, bir hissəsinin isə digər şəxsin mülkiyyətində olan sahədə yerləşdiyi, həmçinin təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu qeyd edilmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verib, fərdi yaşayış evinin yola düşən 51.4 kv.m və X2 mülkiyyətində olan fərdi yaşayış evinə düşən hissələri istisna olmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 6.12.2023-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi onun mülkiyyətindədir, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin 51.4 kv.m hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda, bir hissəsi isə digər şəxsin (X4) mülkiyyətində olan sahəsində inşa edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki sahəsi 170.7 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, torpaq sahəsini alqı-satqı edərkən evi də almışdır. Lakin evin sənədləri yox idi. Ona görə notariusda ancaq torpaq sahəsini alqısatqı etmişdir. Torpaq sahəsinin bir hissəsi yola düşür. O hissəyə dair iddiası yoxdu. Faktiki vəziyyətə uyğun çıxarış və texniki pasportun verilməsini istəyir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi var. Torpaq sahəsi alqı-satqı edilərkən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə alqı-satqı müqaviləsinin predmetini təşkil etməmişdir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı, mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə almağa yönəlmişdir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, torpaq sahəsinin bir hissəsi kənarda (yola düşür), bir hissəsi isə digər şəxsin mükiyyətinə düşür. Həmçinin təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq var. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2.1. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Hazırkı işdə mübahisənin predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, torpaq sahəsinin kateqoriyası – yaşayış mənətəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış evidir. Göründüyü kimi, iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənədlərə malikdir. Məhkəmə cavabdehin imtina məktubunda qeyd edilənlərlə bağlı bildirir ki, iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmayan 51.4 kv.m və digər şəxsin (Afaq Əsgərovanın) mülkiyyətində olan hissələrini tələbdən çıxarmışdır. Göründüyü kimi, cavabdehin istinad etdiyi imtina əsası aradan qalxmışdır. Cavabdehin imtina məktubunda qeyd edilən digər halla bağlı məhkəmə bildirir ki, layihə ilə faktiki vəziyyət arasında olan uyğunsuzluğu aradan qaldırmaq cavabdehin vəzifəsidir. Cavabdeh fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini tələb edir. Məhkəmə qərarı qanuni qüvvəyə minərək icra olunacağı təqdirdə, cavabdeh faktiki vəziyyətə uyğun sənədlərin verilməsini təmin etməlidir. Qeyd olunan hal iddiaçının müraciətinin təmin olunmasından imtina üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işdə normada qeyd edilən imtina əsaslarından heç biri mövcud deyil. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, ünvan 1 üzərində inşa edilmiş fərdi yaşayış evinin yola düşən 51.4 kv.m və X2 mülkiyyətində olan fərdi yaşayış evinə düşən hissəsi istisna olmaqla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, dövlət reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar