Məhkəmə qərarları › İş №2-1(112)-8559/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8559/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8559/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra –İddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Vətən müharibəsinin əlili kimi kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, onun adına ümumi birgə payda İmişli rayonu, Qızılkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 155.5 kv.m, yaşayış sahəsi 126.4 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 1/6 hissəsi qeydiyyatdan keçmişdir, lakin İmişli regional ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə-506 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Ümumi birgə mülkiyyətdə olmuş fərdi yaşayış evinin ona məxsus olmuş 1/6 hissəsinin bağışlama müqaviləsinin bağlanma tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməyi ilə bağlı yenidən Rayon İcra Hakimiyyətinə müraciət edilə bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi əlil kimi mənzil növbəsinə alınmağı və onun mənzillə təmin olunması vəzifəsinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Qarabağ müharibəsində iştirak etmişdir və 3-cü qrup Qarabağ əlilidir. Bununla bağlı ona cənab Prezident tərəfindən 3 medal verilmişdir. O, Vətən müharibəsinin əlili kimi mənzil növbəsinə götürülməyi və ona mənzil verilməsi ilə bağlı Azərbaycan Respublikası Binəqədi rayon icra Hakimiyyətinə müraciət etdikdə cavabdeh iddiaçının tələbinə imtina məktubu ünvanlamışdır. Onun adında heç bir əmlak yoxdur və o, hazırda evsizdir, yaşamağı üçün heç bir mənzili yoxdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçı X9 xx.xx.2024-cü il tarixli 5-10/2-B-20-068/2024 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, vətən müharibəsi əlili kimi mənzil növbəliliyinin Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın Rayon İcra Hakimiyyətinə təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, onun adına ümumi birgə payda İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 155.5 kv.m, yaşayış sahəsi 126.4 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 1/6 hissəsi qeydiyyatdan keçmiş, lakin İmişli regional “ASAN xidmət” mərkəzində notarius tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-506 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsindən 5 il müddətin keçməməsi səbəbindən müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamış və bu barədə iddiaçıya ətraflı izahat verilmişdir. İddiaçının mənzil növbəsinə götürülməsinə imtina olunması mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsindən 5 il müddətin keçməməsi ilə bağlı olmuşdur. Özgəninkiləşdirmə faktı mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Qanunvericilik belə halların baş verdiyi gündən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməni nəzərdə tutur. 5 il keçmədiyi təqdirdə vətəndaşların mənzil növbəsinə götürülməsi qadağandır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək İmişli rayonu, Qızılkənd kəndində, xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı hazırda yaşayış sahəsinin olmadığını iddia edərək, müharibə əlilli kimi mənzil uçouna alınmasını və mənzillə təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. maddə. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - maddə 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Sadalanan normalardan görünür ki, şəxsin mənzillə təmin edilməsi üçün onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi, yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruridir. Lakin əgər şəxsə yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilirsə, o uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də o, uçotdan çıxarılır. Həmçinin şəxs uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol vermişsə, həmin hərəkətlərə yol verdiyi gündən beş ildən tez uçota alına bilməz. İşdən görünür ki, qeyd edilən hallar hazırkı iş üzrə mövcuddur. Belə ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-401A saylı şəhadətnamədən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərar ilə 0.56 ha torpaq sahəsi X10, X3, X5, X2, X4 və X6 paylı mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İmişli rayonu, Qızılkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 155.5 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.555 ha yaşayış məntəqələrinin torpaqları X10, X3, X5, X1 və X6 paylı mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı İmişli rayonu, Qızılkənd kəndi ünvanında yerləşən, ümumi sahəsi 155.5 kv.m, yaşayış sahəsi 126.4 kv.m, yardımçı sahəsi 29.1 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 0.555 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəni (1/6 hissə) hədiyyə alan X8 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, İddiaçı adına ümumi birgə payda İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 155.5 kv.m, yaşayış sahəsi 126.4 kv.m olan 4 otaqı fərdi yaşayış evinin 1/6 hissəsi qeydiyyatdan keçmişdir, lakin İmişli regional ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-506 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, MM-nin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırkı halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Çünki işdən görünür ki, iddiaçının paylı mülkiyyətində yaşayış sahəsi və torpaq sahəsi olmuş, lakin o, uçota durmaq hüququnu əldə etmək üçün həmin daşınmaz əmlakı xx.xx.2023-cü il tarixdə bağışlamış, bununla da öz sosial şəratini suni surədə pisləşdirmiş, həmin tarixdən 5 il keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna almaqdan imtina etməsi əsaslı olmuşdur. İddiaçının mənzillə təmin olunmasına gəldikdə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə üçüncü dərəcə əlillik təyin edildiyindən onun mənzillə təmin olunması hazırkı cavabdehin deyil, Sosial Xidmətlər Agentliyinin səlahiyyətinə aiddir. Lakin bunun üçün iddiaçı ilk növbədə mənzil uçotuna alınmalıdır, hansı ki, hazırkı iş üzrə iddiaçının uçot alınması üçün zəruri şərtlərin olmaması öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar