Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8560/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 23 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-68763/2024 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq bərpa edilməsi, ona təyin edilmiş əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş 6021 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-879/2024 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq bərpa edilməsi, ona təyin edilmiş əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş 6021 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, pensiyasından əsassız tutulmaların ləğv edilməsi, artıq tutulmuş pulların ödənilməsi və pensiya məbləğinin bərpa olunması barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. İddiaçının 2018-ci ilin fevral ayından dövlət qulluğunda 26 ildən artıq iş stajı olmuş və bu stajla pensiyaya çıxmışdır. Ümumilikdə isə 43 il iş stajı vardır. Pensiya təyinatı zamanı mərkəzi icra hakimiyyəti orqanının yerli bölməsinin rəisi vəzifəsi dövlət qulluqçusu əsas götürülməklə pensiya məbləği ona uyğun hesablanaraq 805,85 manat təyin edilmişdir. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3787 nömrəli sərəncamına əsasən xx.xx.2018-ci il tarixindən dövlət qulluqçularının əmək haqqının artırılmasından sonrakı dövr üçün onun aylıq pensiyasının məbləği 886,43 manat olmaqla (bu artımdan əvvəl aylıq pensiya məbləği 805,85 manat olmuşdur) ödənilmişdir. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 mart tarixli 1023 nömrəli sərəncamı ilə dövlət qulluqçularının aylıq vəzifə maaşının artırılmasından sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün aylıq pensiyasının məbləği 1329,64 manat olmalı idi. Lakin 1225,24 manat, yəni aylıq 104,40 manat az pensiya ödənilmişdir. Ümumilikdə həmin dövr üçün, yəni 29 ay ərzində 3027,60 manat az pensiya ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli sərəncamı ilə Dövlət qulluqçularının əmək haqqının artırılması ilə əlaqədar olaraq pensiyanın aylıq məbləği 1462,00 manat olmalı idi. Lakin 1347,72 manat, yəni aylıq 114,28 manat az olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 1265,00 manat az pensiya ödənilmişdir. xx.xx.2023-cü il tarixdən pensiyaların məbləği Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2023-cü il üçün tətbiq edilən 2022-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 14,5 faiz indeksləşdirilməklə artırılmışdır. Müvafiq artım əmsalı 14,5 faiz müəyyən edildiyinə görə aylıq pensiyasının məbləği 1674.0 (1462,00 x 14,5%= 212,00 + 1462,00 = 1674,00) manat olmalı idi. Lakin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 1543,00 manat, yəni aylıq 131.0 manat az ödənilərək nəticədə qeyd edilən dövr üçün (xx.xx.2023 xx.xx.2024) 1729.0 manat məbləğində az ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixdən isə 2023-cü il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq müvafiq əmsal 11,2 faiz tətbiq edilməklə aylıq pensiyanın məbləği 1861,00 ( 1674x11,2%=187,00 + 1674,00 = 1861,00) manat olmalı idi. Lakin cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 22594/2024 nömrəli məktubunda aylıq pensiyasının məbləğinin 1531,00 manat (1861,00 - 1531,00 = 330,00 manat az) olduğu bildirilmişdir. Beləliklə, yuxarıda qeyd edilən bütün dövrlər üzrə ( xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək) ümumilikdə (3024,60 + 1265,00 + 1729,00) 6021,60 manat az pensiya ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- M-22594/2024 saylı məktubunda qeyd edilən maddi yardım üzrə 2022-ci il üçün 160,69 manat pul vəsaiti ödənilməmişdir. Artıq ödənilmiş əmək pensiyası məbləği iddiaçının razılığı olmadan əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulur. Bu barədə məhkəməyə müraciət olunmamışdır və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə məhkəmə qərarı yoxdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, 17 yanvar 2021-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 828,00 manat, qulluq stajına görə əlavəsi 208,41 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 19,24 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 228,48 manat olmaqla orta aylıq əmək haqqı 1364,13 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 26 il 3 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1364,13 manat) 80 faizi-1091,30 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1225,24 manat məbləğində köçürülüb. Buna görə də ona həmin dövr ərzində ümumilikdə 3145,42 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1376,89 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1545,89 manat məbləğində köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 2197,00 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 5342,42 (3145,42+2197,00) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 5342,42 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. İddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 160,69 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin fevral və mart aylarında əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilib. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia üzrə birinci tələb (qərarın ləğv edilməsi) mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İrəli sürülmüş iddia üzrə ikinci tələb (tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması) öhdəliyin haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-879/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, inventarizasiya ilə əlaqədar iddiaçının pensiya məbləği 1545,89 manatdan 1376,89 manata endirilmişdir. “Pensiya təyinatı” altsistemindın çıxarışdan görünür ki, iddiaçının pensiyasından bugünədək aparlmış tutulmanın məbləği 160,69 manat olmuşdur. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 26 il 3 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi məbləğində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-879/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, inventarizasiya ilə əlaqədar iddiaçının pensiya məbləği 1545,89 manatdan 1376,89 manata endirilmişdir. Cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə və qulluq stajına görə əlavənın səhv hesablanması ilə izah etmişdir. Belə ki, iddiaçının əmək pensiyası hesablanarkən ən yüksək əmək haqqı aldığı dövr olan xx.xx.2004-xx.xx.2009 (60 aylıq) dövrü əsas götürülmüşdür. Vəzifə maaşı 828 manat götürülməli olduğu halda, 871 manat götürülmüşdür. Belə ki, həmin 60 aylıq dövrün 51 (xx.xx.2005-xx.xx.2009) ayını Yasamal rayon Maliyyə idarəsinin rəisi vəzifəsində işləmişdir. Həmin 51 aya müvafiq vəzifə maaşı 855 manatdır. 60 ayın qalan 9 ayı isə rəis müavini vəzifəsində çalışmışdır. Həmin dövrə müvafiq vəzifə maaşı 675 manatdır. (51 x 855) + (9 x 675) / 60 = 828. Bundan əlavə, iddiaçının əmək kitabçasında mövcud olan qeydlərə əsasən, xx.xx.2007-ci il tarixdə “Birinci dərəcəli dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. Həmin ixtisas dərəcəsinə görə əlavə 80 manat olduğu halda, 100 manat hesablanmışdır. Qulluq stajına görə əlavə isə 25,17 faizlə hesablanmalı olduğu halda, 30 faizlə hesablanmışdır. xx.xx.2009-cu il tarixə iddiaçının 17 il 7 ay 1 gün dövlət qulluğu stajı olmuşdur. 15 ilə görə 30 faizlə hesablandığından, 17 il 7 ay 1 günün 30 faizlə hesablanmalı hissəsi 2 il 7 ay 1 gündür. Yəni 31 ay 30 faizlə hesablanmalı, qalan 29 (60-31) ay 20 faizlə (10-15 il aralığı üzrə olan) hesablanmalıdır. Belə olan halda 60 ay üzrə 25,17 faiz hesablanmalı olur. (31 x 30) + (29 x 20) / 60 = 25,17 faiz. Məhkəmə cavabehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, yuxarıda şərh olunan hesabama qanuni və əsaslı olmaqla iş materiallarına uyğundur. Belə ki, xx.xx.2019-cu il tarixə orta aylıq vəzifə maaşının 828,00 manat olması, sonuncu ixtisas dərəcəsinin “Birinci dərəcəli dövlət qulluqçusu” olması və xx.xx.2009-cu il tarixə iddiaçının 17 il 7 ay 1 gün dövlət qulluğu stajı iddiaçı tərəfindən təkzib edilmir. Belə olan halda, cavabdehin əsas götürülən 60 ay üzrə orta aylıq əmək haqqınının hesablaması əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə tam uyğundur. Məhkəmə ikinci tələbə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia “tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” hissəsində təmin edilməli, qalan hissə isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən - tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması hissəsində təmin edilsin. Cavabdehin İddiaçı pensiya məbləğindən tutulmalar aparması qanunsuz hesab edilsin və tutulmuş 160,69 manat pensiya məbləğinin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8560/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8560/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver