Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8561/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması müddətlərinə dair» Əsasnamənin 4.2-ci bəndinin pozulması səbəbindən cavabdeh inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə 06.02.2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay üçün müəyyən edilmiş pensiyasının məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Mirzəyev X3 şəhəri, M.Müşfiq küçəsi ev 76da yaşayır və rəsmi olaraq həmin ünvanda qeydiyyatdadır. 20 ilə yaxın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili İşlər Orqanları sıralarında polis əməkdaşı olaraq xidmət keçmişdir. Xidmətkeçmə dövründə sağlamlığını itirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən 25.01.2011-ci il tarixli 30 saylı xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Tibb- Ekspertizası Komissiyası tərəfindən 18.03.2011-ci il tarixdə İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsi olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddia ərizəsinə əlavə etdiyi TSEK-nın arayış və müayinə aktlarından görünür ki, iddiaçı 18.03.2011-ci, 13.02.2012-ci, 11.02.2013-cü, 05.02.2014-cü, 06.02.2015-ci, 06.02.2016-cı il tarixə kimi, 06.02.2016cı il tarixdən 06.02.2021-ci il tarixə kimi 10 il fasiləsiz olaraq tibbi müayinələrdən keçmişdir. Tibbi-Sosial Ekspertiza Komissiyasının 06.02.2016-cı il tarixli qərarı ilə tibbimüayinə müddəti 06.02.2021-ci il tarixə - sonuncu tarixə kimi uzadılmaqla iddiaçıya tibbi-sosial yardım və reabilitasiya xidməti təyin edilməmişdir. Bu da o deməkdir ki, 06.02.2021-ci il tarixdə iddiaçının əlillik müddəti başa çatdığı üçün avtomatik qaydada heç bir tibbi müayinə olmadan və komissiyasız, müddətsiz İİ (ikinci) dərəcəli əlillik təyin edilməli idi. Həmçinin bundan başqa iddiaçının 24.07.2021-ci il tarixdə 50 (əlli) yaşı tamam olduğu üçün X4 digər təqaüddə olan polis əməkdaşı kimi iddiaçının xidmətdə olma sonuncu yaş həddi cavabdeh tərəfindən dərhal nəzərə alınmalı və müddətsiz əlillik təyin olunana kimi xidməti ilinə 10 il əlillik müddəti əlavə edilməklə iddiaçının pensiya təminatı dayandırılmamalı və iddiaçıya ödənilməli idi. Təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı 20 ilə yaxın DlO sıralarında xidmət etməklə səhhətinə görə təqaüdə çıxmışdır. 10 il fasiləsiz olaraq (120 ay) ll (ikinci) dərəcəli əlil olmuş polis əməkdaşı kimi AR ƏƏSMN yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentindən hər ay pensiya almışdır. 10 il ərzində tibbi müayinələrdən keçmişdir, 06.02.2016-cı il tarixdə tibbi müayinə müddəti daha 5 il müddətində uzadılsa da, TSEK-in qərarı ilə iddiaçıya tibbi-sosial yardım və reabilitasiya xidməti təyin edilməmişdir. Eyni zamanda iddiaçının artıq 50 yaşı tamam olduğu üçün DİO sıralarında Xidmətkeçmə haqqında Əsasnamənin 137-ci maddəsinə əsasən bu isə artıq xidmətkeçmə müddətinin başa çatması deməkdir. Hər iki cavabdeh orqan isə əlilliyi olmuş şəxs kimi iddiaçının hüquqlarının kobudcasına pozmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş əlilliyin müddətinin müəyyən edilməsinə dair Əsasnamənin 4.2-ci bəndinin tələblərini, eləcə də dövlət adından çıxarılan məhkəmə aktını saymazyana olaraq icra etməmişdir. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli , 2-1(112)-5062/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddia tələbi üzrə müddətsiz İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi ilə bağlı öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Bir daha məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçı dövlət qulluqçusu, xüsusi rütbəli şəxs, polis əməkdaşı olmuşdur. «Polis haqqında» qanunda qeyd olunur ki, polis əməkdaşı dörd aydan artıq müddət ərzində səhhəti ilə bağlı öz vəzifəsini icra edə bilimirsə, o zaman o xüsusi Həkim Komissiyasının rəyi əsasında səhhəti ilə əlaqədar pensiyaya göndərilir. İdidiaçının təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı DİN Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və 10 il fasiləsiz (120 ay) cavabdeh orqan Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentindən hər ay pensiya almışdır ki, bu faktı digər (DSMF) cavabdeh təsdiq edə bilər. İddiaçı hesab edir ki, əgər cavabdeh orqan iddiaçını sağlam hesab edirsə, o zaman 10 illik əlillik müddətini xidmət ili kimi əvvəlki xidmət ilinə əlavə etməklə iddiaçıya 28 il xidmət ilinə görə pensiya hesablayıb ödəməyə borcludur. Əgər iddiaçını əlil olmuş şəxs hesab edirsə, o zaman AR Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq olunmuş Əsasnamənin 4.2-ci bəndinin tələblərini məcburi qaydada icra etməyə borcludur. Digər cavabdeh DSMF-nin HQXRŞ İş təyinat İdarəsi isə öz növbəsində 06.02.2021-ci il tarixdən bəri hər ay üçün təyin olunmuş pensiyanı İİ (ikinci) dərəcəli əlillik təyin olunma kimi xidmət illərinə görə (18 il 04 ay 16 gün və əlavə 10 illik əlillik müddəti olmaqla 28 ilə görə) hesablayıb ödəməyə borcludur.
3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək hüquqi marağına uyğun olaraq iddia tələbinin və cavabdeh(lər)in dəqiqləşdirilməsi və iddia tələbinin qeyd edilən formal tələblərə uyğunlaşdırılması üçün müddət müəyyən edilmiş və iddianın qeyd edilən tələblərə uyğun gəlməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir.
4. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək maddi səbəblərdən məhkəmənin mümkünlük iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Həmçinin işə iddiaçının iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarın iddiaçıya göndərilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(102)-5062/2021 nömrəli iş üzrə 19.05.2021-ci tarixli qərarının icra vəziyyəti barədə məlumat verməsinə dair sorğuya cavab olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2-1(112)-5062/2021 nömrəli qərarı ilə iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmağı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunmuşdur. Qeyd olunan məhkəmə qərarının icrası məqsədilə ilə əyani müayinənin keçirilməsi üçün iddiaçı tibbi sənədlərlə (epikrizlər, tibbi rəylər və s.) birlikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunmuşdur.
6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi bildirdi ki, iddiaçının cavabdehə qarşı olan iddiası aydın deyildir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəsi nümayəndəsi bildirdi ki, iddiaçının cavabdehə qarşı olan iddiası aydın deyildir.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. Məhkəmə qeyd edir ki, hər bir cavabdehə qarşı yönələn tələb aydın deyil. Digər tərəfdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2021 nömrəli iş üzrə 19.05.2021ci il tarixli qərardadı ilə iddia qismən təmin edilərək İddiaçı əlillik dərəvədi təyin edilməsi ilə bağlı iddiaçının müraciətinə dair inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, qeyd edilən məhkəmə qərarının icrası məqsədilə əyani müayinə keçirilməsi üçün tibbi sənədlərlə (epikrizlər, tibbi rəylər və s.) birlikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, müvafiq tələblə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciəti yoxdur (nəzərə alınmalıdır ki, iddiaçıya əlillik dərəcəsi təyin edilməmişdir).
10. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə iddiaçıya vaxt verilmiş, lakin iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva