Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8561/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Firması (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********812000 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli **********812000 saylı qərarın ləğv edilməsi və idiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması vəzifə öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********812000 saylı qərara əsasən müəssisə riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 50.0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB. Debriyaj tk DBY FR. Grup ayna mil 13.64 Db. Cam ön DBY. kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir." Müəssiə tərəfindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən müraciətlərinə hər hansı cavab verilməmişdir. Halbuki xx.xx.2022-ci il tarixində təqdim edilən EBCH 979731, EBCH 974606, EBCH 969850, EBCH 957939, EBCİ 035624, EBCİ 032746. EBCİ 021697, EBCİ 010871 saylı elektron qaimə-fakturalar ləğv edilmişdir və bank hesabına mədaxil olmamışdır. Yəni qərarın qəbul edilməsinə səbəb kimi göstərilən hallar tamamilə aradan qaldırılmışdır. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssislər isə riskli vergi ödəyicisi olduğunu gördüyü üçün is görməkdən çəkinmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, araşdırma zamanı iddiaçı tərəfindən 8 riskli elektron qaimə fakturanın ləğv edildiyi aşkar edilsə də, xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə fakturanın ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş qaimə fakturalar üzrə satışda cəmi 33,1 min manat məbləğində “Evakuasiya daşınma xidməti və nəqliyyat çatdırılma xidməti” olmasına baxmayaraq, tərəfindən yükdaşımalara görə "Fərqlənmə nişanı"-nın olması müəyyən olunmamışdır. Vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olan şəxsdən mal alındıqda ona Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən elektron qaimə faktura təqdim edilməli, vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda isə Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən elektron alış aktı tərtib edilməlidir. Vergi ödəyicisinin uçot-baza məlumatlarında isə 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə faktura üzrə təqdim edilmiş malların heç bir alış sənədi aşkar edilməmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" Firması (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “Ziyil Arxı" Firmasının (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur." İşdən görünür ki, iddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cavabdehə müraciət edərək xx.xx.2022-xx.xx.2022-ci il üzrə müvafiq qaimələrin ləğv edildiyi və ödəniş baş tutmadığından geri qaytarılası məbləğin olmadığının nəzərə alınaraq,müəssisənin riskli vergi ödəyicisindən çıxarılması xahiş olunmuş, cavabdeh iddiaçının müarciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, müraciət araşdırılması zamanı iddiaçı tərəfindən 8 riskli elektron qaimə fakturanın ləğv edildiyi aşkar edilsə də, xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə fakturanın ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə fakturaya görə əldə edilmiş bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş qaimə fakturalar üzrə satışda cəmi 33,1 min manat məbləğində “Evakuasiya daşınma xidməti və nəqliyyat çatdırılma xidməti” olmasına baxmayaraq, yükdaşımalara görə "Fərqlənmə nişanı"-nın olması müəyyən olunmamışdır. Araşdırma zamanı iddiaçı tərəfindən qeyd edilən riskli əməliyyatların tam aradan qaldırılmadığı müəyyən edilmiş və bu səbəbdən riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. İddiaçı hazırda bu imtina ilə razılaşmayaraq cavabdehin xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarının ləğv edilməsini və onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Göründüyü kimi, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1-ci bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İşdən görünür ki, iddiaçı bu qərarla razılaşmış və riskli əməliyyatlara dair elektron qaimə-fakturaları ləğv etmişdir. Eyni zamanda həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmamışdır. Bu, cavabdeh tərəfindən də mübahisələndirilməmiş, elektron qaimə-fakturaların ləğv edilməsini qəbul etmişdir. Belə olan halda aydındır ki, iddiaçı onun barəsində xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarın qəbul edilməsinə əsas olan halları aradan qaldırmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz. İşin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasıdır. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə fakturanın ləğv edilmədiyinə, "Fərqlənmə nişanı" olmadan fəaliyyət göstərilməsinə istinad etmişdir. Lakin işdən görünür ki, bu hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Əgər cavabdeh həmin əməliyyatları Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni qərar qəbul etməlidir. O da qeyd edilməlidir ki, iddia tələbindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli **********812000 saylı qərarın ləğv edilməsini və onun riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul deə bilər:
1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə;
2. Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Göründüyü kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi olma barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv edilməsini tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirsin. Bununla şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur. İşin hazırkı hallarından görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2023cü il tarixli **********812000 saylı qərarın qanunsuz olduğundan deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə həmin hallar aradan qaldırıldığından ləğv edilməsini xahiş edir, hansı ki, bununla da həmin qərarın qanuni olduğunu qəbul edərək, onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi hissəsində təmin edilməlidir. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Firmasının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova