Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8565/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “kolxozda işlədiyi və təhsil aldığı dövrlər sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) 18.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına müraciət edərək ona 25 il iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, 09.04.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, təqdim edilən AT № 000861 saylı təhsil haqqında diplomun surətinə əsasən iddiaçının sığorta stajı 01.01.2006-cı il tarixə kimi 2 il 5 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006cı il tarixindən pensiya hüququ yaranan tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 23.09.2020-ci il tarixli 105 saylı arxiv arayışını təsdiq edən məhkəmə qərarı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına təqdim edildikdən sonra onun pensiya hüququna yenidən baxıla bilər. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1975-1976 və 1979-2001-ci illərdə Goranboy rayonu, İ.Qayıbov, Babək adına kolxozlarda və Babək adına kolxozun X7 Komissiyasında kolxozçu, zəhmət hesabdarı və baş mühasib vəzifələrində işlədiyi, həmçinin 1976-cı ilin sentyabr ayından 1979-cu ilin fevral ayının 28-nə kimi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kirov adına X2 Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və pensiyasının hesablanıb verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 10.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bunda sonra – Cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 12.08.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Daha sonra İddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “İddiaçı 1975-1976 və 1979-2001-ci illərdə Goranboy rayonu, İ.Qayıbov, Babək adın kolxozlarda və Babək adına kolxozların X7 Komissiyasında kolxozçu, zəhmət hesabdarı və baş mühasib vəzifələrində işlədiyi, həmçinin 1976-cı ilin sentyabr ayından 1979-cu ilin fevral ayının 28-nə kimi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kirov adına X2 Texnikumunda təhsil aldığı dövrün sığorta stajına daxil edilməklə 61,5 yaşının tamam olduğu 16.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmənin 15.10.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1975-1976 və 1979-2001-ci illərdə Goranboy rayonu, İ.Qayıbov, Babək adına kolxozlarda və Babək adına kolxozun X7 Komissiyasında kolxozçu, zəhmət hesabdarı və baş mühasib vəzifələrində işləməklə əmək haqqı almışdır. Bu fakt əmək kitabçasında öz əksini tapmasa da, arxiv arayışı ilə təsdiq olunur. Bundan başqa, iddiaçı 1976-cı ilin sentyabr ayında Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi C.M.Kirov adına X3 Texnikumuna daxil olmuş, 28 fevral 1979-cu il tarixdə oranı bitirmişdir. Qanunvericiliyə əsasən təhsil alınan dövr də sosial sığorta stajına daxil edilir. İddiaçı Arxiv arayışını və diplomun surətini DSMF-yə təqdim etmiş, lakin ərizənin təminindən imtina edilmişdir. DSMF tərəfindən verilən bu imtina cavabı əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, iddiaçının iddia etdiyi 1975-1976 və 1979-2001-ci illərdə Goranboy rayonu, İ.Qayıbov, Babək adına kolxozlarda və Babək adına kolxozların X7 Kommissiyasında işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında olmalıdır. Buna baxmayaraq, İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi əmək kitabçası yoxdur. Buna görə də iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi üçün hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərində yaranan mübahisədir. İddiaçının məhkəməyə müraciət etdiyi tarixə qüvvədə olan İPM-in 8.1-ci maddəsinə əsasən iddia ərizəsi cavabdehin olduğu yer üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci yarımbəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: 1 iyul 2019 – 30 iyun 2020–ci il - 61 yaş 6 ay. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2019 – 30 iyun 2020-ci il üzrə qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 61,5 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İ tələb üzrə: İşdə olan AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, 16.04.2020-ci il tarixdə 61,5 yaşı tamam olmuşdur. Deməli, iddiaçının müraciət etdiyi tarixə yaş tələbi ödənilir. İİ tələb üzrə: 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin maddənin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İşdə olan AT № 000861 saylı diplomun surətindən görünür ki, iddiaçı 1976-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi S.M.Kirov adına X2 Texnikumunda aqronomluq şöbəsinə daxil olmuş və 28.02.1979-cu ildə aqronomluq ixtisası üzrə tam kursu bitirmişdir. X5 Kollecinin 01/689 nömrəli, 15.09.2020-ci il tarixli Arxiv Arayışından görünür ki, iddiaçı həqiqətən 23.08.1976-cı il tarixli, 134 saylı əmrə əsasən X2 texnikumunun “Aqronom” ixtisasının əyani şöbəsinə qəbul olmuş, 06.03.1979-cu il tarixli 31 saylı əmrə əsasən həmin ixtisas üzrə əyani şöbənin tam kursunu bitirərək ona “Aqronom” ixtisası, 2207 qeydiyyat nömrəsi olan AT № 000861 saylı fərqlənmə diplomu verilmişdir. Deməli, iddiaçının təhsil aldığı müddət 2 il 6 ay 6 gün təşkil etmişdir (01.09.1976- 06.03.1979). Goranboy rayon Dövlət Arxivinin 23.09.2020-ci il tarixli 105 nömrəli, 29.09.2021-ci il tarixli 64/1 nömrəli və 28.10.2021-ci il tarixli 80/1 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı İsmət Qayıbov adına kolxozda 1975, 1976 və 1979-cu illərdə kolxozçu, 1980-1989cu illərdə zəhmət hesabdarı vəzifələrində, Babək adına kolxozda 1990-1996-cı illərdə baş mühasib vəzifəsində, Babək adına X4 Komissiyasında 1997-2001-ci illərdə baş mühasib vəzifəsində işləmiş və müvafiq əmək haqqı almışdır. Həmin arayışlarından görünür ki, iddiaçı İsmət Qayıbov adına kolxozda 1973-cü ildə 122, 1974-cü ildə 112, 1975-ci ildə 46, 1976-cı ildə 174, 1979-cu ildə 132, 1980-1982-ci illərdə 365, 1983-cü ildə 360, 1984-cü ildə 365, 1985-ci ildə 345, 1986-cı ildə 340, 1987-ci ildə 341, 1988-ci ildə 340, 1989-cu ildə 324 adam günü işləmişdir. İsmət Qayıbov adına kolxozda 1975-1984-cü illərdə minimum adamgün norması 180, 1985-1986-cı illərdə 160, 1987-ci ildə 210, 1988-1989-cu illərdə isə yenə 180 adamgün olmuşdur. İddiaçı 1980-1989-cü illərdə minimum adamgün normasından çox işlədiyindən həmin illər tam olaraq iddiaçının sığorta stajına daxil edilir, minimum adamgün normasında az işlədiyi illər isə işlədiyi müddətdən asılı olaraq sığorta stajına daxil edilir. Belə olan halda aydın olur ki, iddiaçının İsmət Qayıbov adına kolxozda 13 il 2 ay 5 gün iş stajı olmuşdur (1980-1989-cu illər – 10 il, digər illər üzrə isə 3 il 2 ay 5 gün (122+112+46+174+132)÷180=3.25). Yuxarıda istinad olunan arxiv arayışlarına əsasən iddiaçı Babək adına kolxozda 1990-cı ildə 312, 1991-ci ildə 308, 1992-ci ildə 398, 1993-cü ildə 314, 1994-cü ildə 318, 1995-ci ildə 365 və 1996-cı ildə 333 adam günü işləmişdir. Babək adına kolxozda minimum adamgün norması 1990-cı ildə 160, 1991-1996-cı illərdə isə 120 adamgün olmuşdur. İddiaçı Babək adına kolxozda işlədiyi 1990-1996-cı illərdə minimum adamgün normasında artıq işlədiyindən, həmin illər tam olaraq iddiaçının sığorta stajına daxil edilir. Deməli, iddaçının Babək adına kolxozda 7 il iş stajı olmuşdur. İddiaçının Babək adına kolxozun X4 Komissiyasında işlədiyi dövrə gəldikdə yuxarıda istinad olunan arxiv arayışlarına əsasən iddiaçı həmin komissiyada 1997-ci ildə 321, 1998ci ildə 304, 1999-cu ildə 303, 2000-ci ildə 310 və 2001-ci ildə 154 gün işləmişdir. İşdə olan Babək adına kolxozun YAİK-nın 14.11.1998-ci il tarixli 1 nömrəli iclas protokolundan görünür ki, islahat aparmaq üçün yeni tərkibdə X7 komissiyasının tərkibi və üzvləri seçilmiş və iddiaçı həmin 11 nəfər üzvdən ibarət komissiyanın tərkibinə daxil edilmişdir. İşdə olan Babək adın kolxozun YAİK-nın 30.11.2002-ci il tarixli 3 nömrəli iclas protokolunda görünür ki, kolxoz YAİK-nın balansında olan bütün əsas dövriyyə vəsaitləri və torpaq sahəsi özəlləşdirilib qurtardığına görə kolxoz YAİK ləğv edilərək fəaliyyətinin dayandırılması qərara alınmışdır. 18.02.1995-ci il tarixdə qəbul edilmiş “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X7 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən X7 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. İşdən görünür ki, iddiaçı Babək adına kolxozda fəaliyyət göstərmiş, daha sonra isə islahatların keçirilməsi məqsədilə onun tərkibində yaradılan X7 komissiyasına üzv təyin edilmiş və 30.06.2001-ci il tarixədək həmin fəaliyyətinə görə əmək haqqı almışdır. Məhkəmə işdə olan əmək haqqı cədvəllərinə əsasən hesab edir ki, iddiaçının Babək adın kolxozun YAİK-da işlədiyi 01.01.1997-30.06.2001-ci illər də onun iş stajına daxil edilməlidir. Belə olan halda aydın olur ki, iddiaçının Babək adına kolxozun X4 Komissiyasında 4 il 6 ay iş stajı olmuşdur. Beləliklə, iddiaçının təhsil aldığı dövrü və kolxozlarda işlədiyi müddəti onun iş stajına daxil etdikdə müəyyən olunur ki, iddiaçı 61.5 yaşının tamam olduğu 16.04.2020-ci il tarixə 27 il 2 ay 11 gün sosial sığorta stajına malikdir. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan azı 25 il staj tələbini də ödəyir (iddiaçı müvafiq sığorta stajna malik olduğundan onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi zərurəti də aradan qalxır). Lakin cavabdeh bu halı nəzərə almamış, bu zaman iddiaçının əmək kitabçasının olmamasına istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab etmir və qeyd edir ki, ƏPQ-nin 23.2.-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 23.09.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, iddiaçının əmək kitabçası olmasa da, arxiv arayışı, əmək haqqı cədvəlləri mövcud olduğundan iddiaçının kolxozda işlədiyi illər, o cümlədən təhsil aldığı dövr onun ümumi iş stajına daxil edilməlidir. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma analoji işlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə də uyğundur. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr arxiv arayışları ilə təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının ümumi iş stajına aid edilməklə ona pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı Goranboy rayonunun İ.Qayıbov adına və Babək adına kolxozlarında və Babək adına kolxozun X7 Komissiyasında kolxozçu, zəhmət hesabdarı və baş mühasib vəzifələrində işlədiyi, həmçinin Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Kirov adına X2 Texnikumunda təhsil aldığı dövr sığorta stajına daxil edilməklə ona 61,5 yaşının tamam olduğu 16.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8565/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8565/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver