Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8567/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində düzəliş edilməklə yeni vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində düzəliş edilməklə yeni vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilmiş şəxsiyyət vəsiqəsinin təvəllüd hissəsində olan məlumata düzəliş edilməsinin və doğum tarixinin 01.12.1962-ci il kimi yazılmaqla, yeni şəxsiyyət vəsiqəsi verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.12.1962-ci il tarixdə Ermənistan SSR Eçmiədzin rayonunda doğulmuşdur və bu barədə akt qeydləri aparılmaqla doğum haqqında şəhadətnamə verilmişdir. Ona verilmiş AZE ******** seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində təvəllüdü xx.xx.1964-cü il kimi qeyd edilmişdir. Halbuki ona verilmiş doğum haqqında şəhadətnamədə doğum tarixi düzgün olaraq 01.12.1962-ci il olaraq qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsində doğum tarixinin düzgün yazılmaması səbəbindən onun hüquqlarının həyata keçirilməsində maneələr yaranır. Doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsində doğum tarixinin fərqli olması səbəbindən onun şəxsiyyətini təsdiq edən sənədlərdə uyğunsuzluq yaranmışdır. Belə ki, şəxsiyyət vəsiqəsinin təvəllüd hissəsində məlumat şəxsiyyət vəsiqəsini verən orqan tərəfindən düzgün qeyd edilməmişdir. Qeyd olunanlara əsasən şəxsiyyət vəsiqəsində qeyd edilən məlumat dəyişdirilərək doğum tarixi 01.12.1962-ci il kimi qeyd edilməlidir. Şəxsiyyət vəsiqəsindəki səhv məlumatın düzəldilməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən tədbir görülməmişdir və məhkəməyə müraciət edilməsi barədə cavab verilmişdir. Bununla da tədbir görülməməklə cavabdeh tərəfindən hərəkətsizliyə yol verilmişdir, halbuki şəxsiyyət vəsiqəsində düzəliş edilməsi barədə tədbirlər görülməli idi və bunun üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 23 avqust 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. 27.10.2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını və iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; “Asan 1” tərəfindən 13.04.2015-ci il tarixdə verilmiş iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı doğulduğu tarix xx.xx.1964-cü il, doğulduğu yer Ermənistan, Eçmiadzin rayonu, yaşayış ünvanı ünvan 1lmişdir. İ-ЗЖ seriyalı 564622 №li 14.12.1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı 01.12.1962-ci ildə Ermənistan, Eçmiadzin rayonunda doğulmuşdur. Bu barədə 1962-ci ilin 12-ci ayının 14-cü günündə 225 nömrə ilə qeyd aparılmışdır. Doğum haqqında şəhadətnamənin ata qrafasında X4, ana qrafasında X2 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26 may 2021-ci il tarixli 05/a- 689/15 saylı məktubunda qeyd olunmuşdur ki, müraciətinə 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində baxılmışdır. Onun tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmağına baxmayaraq, araşdırma nəticəsində AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsində təvəllüdü “xx.xx.1964" qeyd edildiyi halda, doğum haqqında şəhadətnamədə təvəllüdünün “01.12.1962” qeyd olunduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün və doğum haqqında şəhadətnamənin həqiqətən ona məxsus olduğu müəyyən olunmadığına görə müraciətçinin ərizəsinin təmin edilməsi tərəflərindən mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri, Binəqədi rayon polis idarəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli 059-20402M saylı cavab məktubunda qeyd edilmişdir ki, onun şəxsiyyət vəsiqəsində doğum tarixinin "xx.xx.1964”dən “01.12.1962"ə düzəliş edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 14.10.2021-ci il tarixli 018-16305- 1221 saylı məktubu ilə 01.12.1962-ci il təvəllüdlü İddiaçı Ağcabədi rayon Daxili İşlər şöbəsi tərəfindən 02.04.1980-ci il tarixdə verilmiş Xİ-JQ seriyalı 692929 nömrəli keçmiş SSRİ pasportunun 1 nömrəli ərizə formasının və ilk dəfə 18.11.2005-ci il tarixdə Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş AZE-04902847 nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının təsdiq olunmuş kserosurəti məhkəməyə təqdim olunmuşdur. İddiaçı məxsus 02 aprel 1980-ci il tarixdə tərtib olunmuş pasportun verilməsinə dair ərizədən müəyyən olunur ki, İddiaçı 01 dekabr 1962-ci ildə Ermənistan SSR, Eçmiadzin rayonu, Mehmandar kəndində doğulmuşdur, atası qismində X4, anası qismində X2 göstərilmişdir. Ağcabədi rayon Daxili İşlər şöbəsi tərəfindən tərtib olunmuş Fərdi uçot kartoçkasında İddiaçı doğum tarixi xx.xx.1964-cü il, doğum yeri Ermənistan, Eçmiədzin rayonu, ailə vəziyyəti evli (nikahda olduğu şəxs X1), atası qismində X5, anası X2 göstərilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra-şəxsiyyət vəsiqəsi). Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyriməhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.1-ci bəndində əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2.2-ci bəndində əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı tələb olunur. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketinin düzgün doldurulduğunu yoxlayır. Vətəndaşın ərizə-anketindəki məlumatlar ondan əlavə sənəd tələb edilmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, X3 Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlanılır. Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənəddəki məlumatların düzgün yerləşdirilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət edərkən, düzgün anket məlumatlarının verilməsi eyni zamanda vətəndaşın vəzifəsidir. İş materiallarından müəyyən olunur ki, “Asan 1” tərəfindən 13.04.2015-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan şəxs-xx.xx.1964-cü ildə Ermənistan, Eçmiadzin rayonunda doğulmuş İddiaçı doğum tarixi 01.12.1962-ci il olduğu halda, şəxsiyyət vəsiqəsinin “doğulduğu yer və tarix ” bölməsində səhv olaraq xx.xx.1964 kimi qeyd olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Asan 1” tərəfindən 13.04.2015-ci il tarixdə verilmiş 01.12.1962-ci ildə Ermənistan, Eçmiadzin rayonunda doğulmuş İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin “doğulduğu yer və tarix” bölməsində qeyd olunmuş xx.xx.1964 tarixi, 01.12.1962 tarixinə düzəliş edilməklə, yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Asan 1” tərəfindən 13.04.2015-ci il tarixdə verilmiş 01.12.1962-ci ildə Ermənistan, Eçmiadzin rayonunda doğulmuş İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin “doğulduğu yer və tarix” bölməsində qeyd olunmuş xx.xx.1964 tarixi, 01.12.1962 tarixinə düzəliş edilməklə, yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8567/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8567/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver