Məhkəmə qərarları › İş №2-1(112)-8567/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8567/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8567/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı torpaq sahəsinə dair ayrıc aktının və plan eskizin hazırlanaraq ona verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının 1031 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamı ilə ünvan 2 ünvanında yaşamış və atası X1 adına ayrılmış yarımçıq tikilinin yenidən qurulması üçün ayrılmış torpaq sahəsinin ayrıc aktının, plan eskizinin hazırlanaraq ona təqdim edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X5 uzun müddət Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 55, 19 saylı mənzildə yaşamış və atası yaşadığı evin həyətində daimi baxımsız və zibil tullantıları atılan bir sahə olmuşdur. Baxmayaraq ki, həmin sahənin yanında İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsinin sakinlərə məişət tullantılarının atılması üçün qutular qoyulmasına baxmayaraq, bəzi sakinlər öz məişət tullantılarını zibil qutularına deyil, məhz həmin sahəyə atırdılar. Həmin vaxt atası fərdi əməklə məşğul olması üçün Dövlət Vergi müfəttişliyindən xx.xx.1999-cu il tarixində şəhadətnamə almışdır. Ona görə də, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı evin yaxınlığında yerləşən və ətraf binaların sakinləri tərəfindən zibil yerinə çevirilmiş sahəni təmizləyərək fərdi əməklə məşğul olması üçün onun istifadəsinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 02/217 saylı məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısına müraciət edərək göstərilən sahənin ataları – Nüybər Məmmədovun istifadəsinə verilməsi üçün müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 1031 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Niaxçıvanski küçəsi, ev 55, 19 saylı mənzildə yaşamış və atası – X5 yaşadığı evin həyətində daimi baxımsız qalmış yarımçıq tikilinin yenidən qurulmasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Bununla bağlı ataları tərəfindən dəfələrlə ayrıc aktının, cizginin, torpaq sahəsinin eskizinin verilməsi üçün müraciət etmişdir və heç bir cavab ala bilməmişdir. Lakin, sonradan ataları X6 vəfat etmişdir. O, bir müddət başqa işlə məşğul olduğundan atasına ayrılmış sahə ilə məşğul ola bilməmişdir. Hazırda, o, atasının hüquqi varisi kimi (Bakı şəhəri 15 saylı Notariat Kontorunun Notariusu A.K.Məmmədov tərəfindən xx.xx.2012-ci il tarixində ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir) atasına ayrılmış sahənin tikintisi və fərdi əməklə məşğul olmaq üçün istifadə etməyə qərar vermişdir. Bununla əlaqədar ilk növbədə atası X2 adına Bakı şəhər İcra Hakimiyəyti başçısının 1031 nömrəli xx.xx.1999-cu il tarixi sərəncamının arxiv sənədinin olub-olmaması ilə əlaqədar müraciət etmiş və Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının ona ünvanlanmış 3-52/2-M-131-131- 112/2023 saylı xx.xx.2023-cü il tarixli Bakı şəhər İcra Hakimiyyəti başçısının 1031 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamının təsdiq edilmiş surəti ona təqdim edilmişdir. Ona ayrılmış yarı tikilinin foto şəkillərini çəkərək və ayrılmış sahədə tikiləcək obyektin eskiz-layihəsini çəkdirmişdir. Sornadan o, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək ayrılmış sahənin yenidənqurulması barədə sənədləşdirmə aparılmasını xahiş etdikdə, ona bildirilmişdir ki, ayrılmış sahənin sənədləşdirilməsi onların səlahiyyətinə aid deyildir. Ona görə də, onlar, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmişlər, sonuncu tərəfindən müraciətinə cavab olaraq verilmiş MİHO/2.1.1-2-2022-4214 saylı xx.xx.2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, sifarişçi qismində tərəflərindən sözügedən ərazidəki torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənədin (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən Çıxarışın və ya torpağın icarə müqaviləsi) surəti və müvafiq layihə sənədləri Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş idarəsinə təqdim edildikdən sonra tikinti işlərinin aparılmasına icazə verilməsi barədə müraciətinə baxılacaqdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1031 nömrəli Sərəncama dair (tikilinin yenidən qurulması haqqında) layihənin təsdiq edilmiş surətinin verilməsi Mərkəzin arxivində mövcud olan sənədlərə baxış keçirilməsi nəticəsində aşkar edilmədiyindən mümkün olmamışdır. Sonradan təkrar müraciətləri nəticəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən müraciətinə 01 avqust 2023-cü il tarixli 3-35-2/2-M-36- 646/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1031 nömrəli sərəncamına əsasən yaşadığı binanın həyətində yerlşən yarımçıq tikilinin yenidən qurulmasına dair inşaat pasportunun hazırlanması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 18/03-8/4368 nömrəli məktubunun təsdiq edilmiş surəti ona göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, ayrılmış torpaq sahəsi bir il müddətində istifadə edilmədikdə torpaq sahəsi geri alınır. Lakin, nə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi, nə də ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı xx.xx.1999-cu il tarixli 1031 nömrəli sərəncamının ləğv edilməsi və torpaq sahəsinin geri alınması barədə heç bir sənəd təqdim etməmişlər. Ona görə də, təkrar Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək torpaq sahəsinə dair yerquruluşu planının (ayrıc aktı cizgi planı) hazırlanması və təqdim edilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, 3- 52/2-M-131/3-112/2-1/1-2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda Bakı şəhər İcra Hakimiyyəti başçısı xx.xx.1999-cu il tarixli 1031 nömrəli sərəncamına əsasən sənədlər (ayrıc aktı, cizgi plan) Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı öz iddiasında əsaslandığı faktları və digər sübutetmə vasitələrini qeyd etməmiş, yalnız qanunvericiliyin bu işə heç bir aidiyyəti olmayan maddələrini sadalamaqla kifayətlənmişdir. Halbuki, bunun qeyd edilməsi çox vacibdir. İddiaçı əsaslandığı faktları və digər sübutetmə vasitələrini qəsdən öz iddiasına daxil etmir. Çünki, bilir ki, o zaman iddia tələbinin əsassız olduğu dərhal aşkar ediləcəkdir. Belə ki, iddiaçılar xx.xx.2023-cü il tarixli və digər müraciətində ayrılmış torpaq sahəsinə dair təsdiq edilmiş layihənin surətinin verilməsini istəmişdir. Mərkəz isə cavab məktubunda onun arxivində bu sənədlərin aşkar olunmadı barədə müvafiq qaydada məlumat vermişdir. İddiaçı isə ərkəzin cavab məktubu imtina kimi qəbul edərək ayrılmış torpaq sahəsinin ayrıc aktının, plan eskizinin hazırlayaraq onlara təqdim edilməsi vəzifəsinin Mərkəzin və Memarlıq Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Halbuki, Mərkəzin arxivində saxxlanılan sənədin surətinin verilməsi ilə torpaq sahəsinin ayrıc aktının, plan eskizinin hazırlayaraq onlara təqdim edilməsi tamamilə fərqli hallardır. Belə ki, Mərkəzin arxivində saxlanılan sənədin surətinin verilməsi xidməti zamanı yalnız arxivdə sənədin surətinin çıxarılaraq müraciət edənə təqdim edilməsindən ibarətdir. Torpaq sahəsinə dair ayrıc aktının, plan eskizin hazırlanması isə müvafiq prosedurları özündə əks edirən məsələdir. X2 adına ayrılmış yarımçıq tikilinin yenidən qurulması üçün ayrılmış torpaq sahəsinin ayrıc aktının, plan eskizinin hazırlayaraq onlara təqdim edilməsi vəzifəsinin Mərkəzin üzərinə qoyulması qeyri-mümkündür. Belə ki, Mərkəzin “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilmləsi ilə bağlı bəzi məsələlər haqqında” 2019cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Mərkəz şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində (Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi, dövlət və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi, Bakı şəhərinin inzibait ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi, təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması, tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, tikilinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi, Bakı şəhərinin inzibati ərazisində yerləşən tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi, Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi, Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi) xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. Yəni müvafiq Fərmandan da, göründüyü kimi, Mərkəz ayrılmış torpaq sahəsinə ayrıc aktının, plan eskizinin hazırlayaraq təqdim edilməsi xidmətini göstərmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçı və cavabdehlərin səlahiyyətl nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbləri barəsində isə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə digər iddiaçının və cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarınının araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “tikilinin yenidən qurulması haqqında” 1031 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamının 1-ci bəndinə əsasən iddiaçıların mərhum atasına Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 02/217 saylı məktubu nəzərə alınaraq, Naxçıvanski küçəsi 55 saylı evin 19 saylı mənzilinin sakini X3 fərdi əməklə məşğul olmasından ötrü (Nizami rayon X4 xx.xx.1999-cu il tarixli şəhadətnaməsi) yaşadığı binanın həyətində yerləşən, yarımçıq tikilinin yenidənqurulmasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İddiaçıların hazırda hüquqi marağı həmin tikilinin yenidənqurulmasının başa çatdırılması məqsədilə torpaq sahəsinin icarəyə götürülməsinə nail olmaqdır. Lakin, iddiaçılar bununla bağlı düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməmişlər. Çünki, iddiaçıların tələbindən göründüyü kimi, onlar hazırki tələb ilə cavabdehlərdən sözügedən sərəncamla torpaq sahəsinin ayrılmasını bildirməklə ayrıc aktının və eskiz planının hazırlanaraq verilməsini tələb edirlər. Halbuki, sərəncamın məzmunundan göründüyü kimi, həmin sərəncamla, sərəncamda qeyd edilən ünvanda yerləşən yarımçıq tikilinin yenidənqurulmasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Bu səbəbdən də, iddiaçılar ilk öncə həmin yarımçıq tikilinin (obyektin) yerləşmə mövqeyini əks etdirən cizgini əldə etməli, bundan sonra isə müvafiq icra hakimiyyəti orqanına – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həmin yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı müraciət etməlidir. İddiaçılar isə cavabdehlərə yarımçıq tikilinin (obyektin) yerləşmə mövqeyini əks etdirən cizginin əldə edilməsi ilə bağlı deyil, torpaq sahəsinə dair ayrıc aktının əldə edilməsi ilə bağlı müraciətlər ünvanlamışdır. Belə olan təqdirdə məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçılar hüquqi maraqlarına çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən, əlverişli iddia növündən istifadə etmədiklərindən iddiaçıların hazırki iddia tələbi əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar