Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8568/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2017-ci il tarixdən 5 il müddətinə, “Parkinson xəstəliyi, Akineto-rigid sindrom. Koqnitiv pozğunluqlarla. Ürək çatmamazlığı, Ürək çatmamazlığı, İİ-İİİ funksional sinif. Proqressivləşən damar leykoensefalopatiyası, Dissirkulyator hipertonik subkortikal ensefalopatiya lakunar infarktlar. Proqressiv gedişli. Başın digər və dəqiqləşdirilməmiş travmaları, Qapalı kəlləbeyin travmasının (1981-ci il) davamlı qalıq əlamətləri. Nəzərə çarpan ocaqlı simptomlarla Presbiopiya, Görmə funksiyasının pozulması. Essensial [birincili] hipertenziya, İİ mərhələ İV risk qrupu. Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, İİİ funksional sinif” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə dövlət tibb müəssisəsinin Q00132630Nİİ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Parkinson xəstəliyi. Əsmə-rigid forma. Xen-yar şkalası üzrə - İİİ mərhələ. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beyin xroniki işemiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əyani müayinəsinin nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qararı iddiaçıya diaqnoz əlillik təyin etməməsi səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli “Əyani müayinə aktı-Yüksək hipertenziya.Nevrologiya” əsasən iddiaçıda olan xəstəliyin səhiyyə müəssisəsinin göndərişində əsas diaqnozu: G20 Parkinson xəstəliyi. Parkinson xəstəliyi İİİ mərhələ. Akinetiko-rigid forma. Ağırlaşma: R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişi və hərəkət funksiyasının pozulması, həyat fəaliyyətinin pozulması. Xen Ya şkalası üzrə-İİİ-İV mərhələ. Yanaşı xəstəlik: İ11 Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi-İİ mərhələ. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının, əyani müayinənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona Q00132630Nİİ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, o, ağır parkinson xəstəsidir. Hazırda da həmin xəstəlikdən əziyyət çəkir və sağalmayan xəstəlikdir. Hətta daha da pisləşmişdir. Onun xəstəlik tarixindən çıxarışları vardır və həmin xəstəlikdən əziyyət çəkdiyi onun həmin sənədlərində təsdiq olunur. Onun müayinədən keçməsi barədə sənədləri vardır. Həmçinin onun xəstəlik çıxarışları vardır. O, xəstə ola-ola ona 2-ci qrup əlilliyə görə verilən pensiya da kəsilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmənin əvvəlki iclaslarında iddia tələbinə dair yazılı etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin sonuncu iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin işirakı olmadan baxılmasını mümkün hesab etdi. . ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Cavabdehin iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli qərarla imtina etmiş, lakin həmin qərarına iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair hər hansı sübut olmadığından məhkəmə iddiaçı tərəfindən iddia müddətinin riayət edilməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdən 5 il müddətinə, ikinci dərəcə əlillik təyin edilmişdir. Təyin edilən əlilliyin diaqnozu - “Parkinson xəstəliyi, Akineto-rigid sindrom. Koqnitiv pozğunluqlarla. Ürək çatmamazlığı, Ürək çatmamazlığı, İİ-İİİ funksional sinif. Proqressivləşən damar leykoensefalopatiyası, Dissirkulyator hipertonik subkortikal ensefalopatiya lakunar infarktlar. Proqressiv gedişli. Başın digər və dəqiqləşdirilməmiş travmaları, Qapalı kəllə-beyin travmasının (1981-ci il) davamlı qalıq əlamətləri. Nəzərə çarpan ocaqlı simptomlarla Presbiopiya, Görmə funksiyasının pozulması. Essensial [birincili] hipertenziya, İİ mərhələ İV risk qrupu. Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, İİİ funksional sinif” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti bitdikdən sonra, tibb müəssisəsi tərəfindən Q00132630Nİİ nömrəli göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında iddiaçı əyani müinəyə dəvət edilərək müayinə edilmiş və ona əlillk təyin edilməsindən imtina eidlmişdir. Cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina əsası kimi, iddiaçıda olan diqanozun əlillik təyininə əsas vermədiyinə istinad etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və Q00132630Nİİ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə cavabdehin imtinası, yəni iddiaçıda olan diqaqnozun əlillik təyinatına əsas verməməsi ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Q00132630Nİİ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və “Parkinson xəstəliyi. Əsmə-rigid forma. Xen-yar şkalası üzrə -İİİ mərhələ. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beyin xroniki işemiyası” diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 643Ə2024 №-li ekspert rəyində qeyd edilmişdir ki, Ş.A.Nəbiyev “X4” PHŞ-də 03.06-xx.xx.2024-cü il tarixlərdə “Əsas xəstəlik: İ67.8-Baş beyinin xroniki işemiyası G20- Parkinson xəstəliyi, Ağırlaşmalar: R26- Yeriş və hərəki funksiyaların pozğunluğu və həyat fəaliyyətinin pozulması. Yanaşı xəstəliklər: İ10- Hipertoniya xəstəliyi İİ mərhələ, EH-Şəkərli diabet, diabetik neyropatiya. Baş beyinin atrofıya xəstəliyi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Onun xx.xx.2024-cü il tarixdə orada baş beyinin MRT müayinəsi zamanı kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofıya). Beyinin hər iki yarımkürəsində alın-təpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar aşkar olunmuşdur. Həmin diaqnoz ona xx.xx.2017-ci il tarixdə əlillik təyinatı zamanı qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir. Göründüyü kimi, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin diaqnozu ilə, onun barəsində rəsmiləşdirilmiş Q00132630Nİİ nömrəli göndərişdə olan diaqnozlar eynilik təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Eləcə də, şəxsin əlilliyinin müəyyən olunması məsələsinə münasibətdə, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin tələbləri baxımından nəzərə alınmalıdır ki, həmin bənddə təsbit edilən müalicə müddəti ilə bağlı şərt aşkar mövcud olmadığı hallarda, diaqnozun dəqiqləşdirilməsi ilə bağlı araşdırma zərurəti aradan qalxır”. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyi təkrar əlillikdir və 2017-cü ildən həmin xəstəliklərdən əziyyyət çəkir. Həmin tarixdən iddiaçıya davamlı olaraq əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasionar müalicə və müayinələrdə olmuş, həmin sənədləri cavabdeh özü məhkəməyə təqdim etmişdir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Halbuki iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı Baş beyinin xroniki işemiyası G20 - Parkinson xəstəliyi, Ağırlaşmalar: R26- Yeriş və hərəki funksiyaların pozğunluğu və həyat fəaliyyətinin pozulması. Yanaşı xəstəliklər: İ10- Hipertoniya xəstəliyi İİ mərhələ, EH-Şəkərli diabet, diabetik neyropatiya. Baş beyinin atrofıya xəstəliyi”ndən əziyyət çəkir və onun xx.xx.2024-cü il tarixdə orada baş beyinin MRT müayinəsi zamanı kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofıya). Beyinin hər iki yarımkürəsində alın-təpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar aşkar olunmuşdur. Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Obyektiv müayinə zamanı, baş ağrıları, əllərin əsməsindəndir, dəri və görünən selikli qişaları -təmiz, dərialtı piy qatı- kafi inkişaf edib, periferik limfa düyünləri - əllənmir, sümük-əzələ sistemi – ciddi patologiya aşkar edilməyib, tənəffüs sistemi – ağciyərlərdə vezikulyar tənəffüs eşidilir, ürək-qan damar sistemi- ciddi patologiya aşkar edilməyib, həzm sistemi – ciddi patologiya aşkar edilməyib, sidik cinsiyyət sistemi-ciddi patologiya aşkar edilməyib. Status neurosus- KBS tərəfindən patologiya aşkar edilmədir. Hərəki sferada ətraflarda əzələ tonusu normaldır, rigidlik və ya dişli çarx fenomeni aşkar edilmədi, hipo və ya bradikineziya, hipo və ya bradimimiya yoxdur. Əllərindəki tremor yüksək amplitudu, qeyriritmik, xaotik, keçicismilyasiya xarakteri daşıyır.Yeriyərkən özünü gərginləşdirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Diaqnozun öz təsdiqini tapmaması” qərarı verilir. Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili də əsassızıdır. İş materiallarında iddiaçının göstərilən xəstəliklərdən əziyyət çəkməsi həmçinin ekspert rəyi ilə də sübut olunur. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 PHŞ-in xx.xx.2024-cü il tarixli, 6810 nömrəli xəstəlik tarixindən çıxarışdan müəyyən edilir ki, iddiaçı dəqiqləşməmiş insult diaqnozu ilə xx.xx.2024xx.xx.2024-cü il tarixdə müayində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
6. Sinir sistemi xəstəlikləri; 6.6. Ekstrapiramid və digər hərəki pozuntular; 6.6.1. parkinson xəstəliyi.G20 6.6.1.1. ümumən hərəkətin mülayim pozulması, dönmə zamanı tarazlığın pozulması (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İİİ mərhələsi) Məhkəmə qeyd edir ki, iddiaçıda əsas diqanoz olan G20 - Parkinson xəstəliyindən əlavə, Ağırlaşmalar: R26 - Yeriş və hərəki funksiyaların pozğunluğu və həyat fəaliyyətinin pozulması. Yanaşı xəstəliklər: İ10 - Hipertoniya xəstəliyi İİ mərhələ, EH-Şəkərli diabet, diabetik neyropatiya. Baş beyinin atrofıya xəstəliyi”nin olması da iş materiallarında olan tibbi sənədlər və eksert rəyi ilə təsdiq olunur. Yuxarıda göstərilən Meyarlara Əlavənin:
2. Qan dövranı sisteminin xəstəlikləri; 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə; 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə; 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə. 11.2. Şəkərli diabet. 11.2.1. insulindən asılı şəkərli diabet; insulindən asılı olmayan şəkərli diabet; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1940/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X2 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-1038/2023 nömrəli, X1 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-437/2024 nömrəli, X3 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-73/2024 nömrəli, X4 TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-234/2024 nömrəli, X5 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-589/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir”. Məhkəmə qeyd edir ki, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2017-ci il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Məhkəmə iddiaçının əlilliyin orqanizmin funksiyaların pozulması faizi və əlilliyin təyin edilmə müddəti ilə bağlı qeyd edir ki, iddiaçıda əsas diaqnoz, yanaşı xəstəlillər və ağırlaşmalar mövcuddur. İddiaçının həmin xətəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndinə uyğun olması və hansı faiz dərəcəsi və hansı müddətdə olmasını cavabdeh müəyyən etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şahbaz Əli oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli və əyani müayinənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı Q00132630Nİİ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov