Məhkəmə qərarları › İş №2-1(112)-8569/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8569/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8569/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı “işə bərpa olunma və müavinətlərin ödənilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2-1(82)-1824/2019, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2020-ci il tarixli 2-1(103)-927/2020 və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-1(102)- 2004/2020 nömrəli qərarlarının tam şəkildə icra edilməsi, yəni İddiaçı Bəkir qızının 05 may 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının “Təhlil və strateji planlaşdırma” şöbəsinə aparıcı məsləhətçi və ya ona bərabər vəzifəyə təyin edilməsi (Nazirliyin 05 may 2020-ci il tarixli **********5 nömrəli əmrinə müvafiq dəyişiklik aparılmaqla), yəni işinə bərpa edilməsi, 05 may 2020ci il tarixdən məcburi iş buraxma günləri üçün ona aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ona ödənilməsi vəzifəsinin borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təxirəsalınmadan icra olunmasının təmin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 fevral 2016- cı il tarixli, 09/12-55 nömrəli əmri Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən həmin Nazirliyin Aparatının “Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar“ sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş və iddiaçıyla bağlanmış 24 iyun 2013-cü il tarixli əmək müqaviləsinə 19 fevral 2016-cı il tarixdə xitam verilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, barəsində Bakı şəhəri Yasamal RPİ tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, 8.02.2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Yasamal rayon Məhkəməsinin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı ləğv edilərək həbsdən azad olunmuşdur. Cavabdehin xx.xx.2016-ci il tarixli, 09/12-55 saylı əmrinə əsasən, həbsdə olduğu tarixdə, düzgün olmayaraq guya öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş və iddiaçıyla bağlanmış 24 iyun 2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iddiaçı 18 fevral 2016-cı il tarixdə Yasamal rayon Polis İdarəsinə çağırılaraq şübhəli şəxs qismində saxlanılmış, 20 fevral 2016-cı il tarixdə Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qərarda həbs etmənin əvvəli düzgün olaraq 18 fevral 2016-cı il tarixdən hesab edilmişdir. 19 fevral 2016-cı il tarixdən isə öz xahişi ilə işdən azad olunduğu barədə əmr verilmişdir. 18 fevral 2016-cı il tarixdən şübhəli şəxs kimi saxlanıldığı halda 19 fevralda işdən azad olmağı barədə ərizə yazmağım qeyri-mümkün idi. Lakin bir neçə gündən sonra sərbəst buraxılmış və bu işdə hər hansı bir iştirakı olmadığı üçün barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən başlanılmış cinayət işinə xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2-1(82)-1824/2019 nömrəli qərarı ilə (hakim: R.M.Daşdəmirov) iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsindəki işdən çıxarma barədə 19 fevral 2016-cı il tarixli, 09/12- 55 saylı əmri qanunsuz və əsassız hesab edilərək həmin əmr ləğv edilmiş və iddiaçı işə bərpa edilmişdir. İddiaçının işə bərpa və məcburi iş buraxma günləri üçün ona aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, mükafatların, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2020- ci il tarixli 2-1(103)-927/2020 nömrəli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və X.A.Cəmilova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2l(102)-2004/2020 nömrəli Qərarı ilə (sədrlik edən: X2, hakimlər: X3 və X1 ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 21 iyul 2020-ci il tarixli 2-l(103)-927/2020 saylı qəran qismən - məcburi iş buraxma müddəti üçün mükafatların ödənilməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin rəisinə və icra məmuru Bəxtiyar Babayevə müraciət etməyinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-l(102)-2004/2020 nömrəli qərarının qəbul edilməsindən 1 il 6 aydan artıq vaxt keçməsinə baxmayaraq, sözügedən icra vərəqi tam şəkildə icra edilməmiş, yəni məhkəmələrin qərarlarına uyğun olaraq tutduğum vəzifəyə və ya ona bərabər vəzifəyə bərpa olunmamış və 05 may 2020-ci il tarixdən bu günə kimi məcburi iş buraxmaya görə əmək haqqı almamışdır. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin 07 aprel 2022-ci il tarixdə poçt vasitəsilə aldığı 01 aprel 2022-ci il tarixli xx/xx-1436xx/xx-5955 nömrəli məktubundan görünür ki, sözügedən icra sənədinin tam icra olunması ilə bağlı xx.xx.2021-ci il tarixdə borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onlar tərəfindən müraciət olunmuş və xx.xx.2021-ci il tarixdə 08 iyul 2021-ci il tarixli **********6 nömrəli məktub ilə eyni məzmunlu cavab alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözügedən məhkəmə qərarını icra etməyən dövlət orqanı qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilmiş siyahıya əlavə edilmişdir. İddiaçı hesab edir ki, sözgüdən məhkəmə qərarları Yasamal rayon İcra Şöbəsi tərəfindən icra olunmalıdır.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli mümkünlük iclasında iddiaçı iştirak etmişdir. Cavabdeh orqan məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir. İddiaçı iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

4. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

6. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

9. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

16. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

17. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünküyünü yoxlamaq zərurəti mövcud deyildir.

18. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar